Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2015

YAP-sız bir Azərbaycan təsəvvür etmirsinizsə...

Bakıda “Gənclik” metrosundan təxminən 10 dəqiqəlik piyada yolunda köhnə, səhv etmirəmsə, dördmərtəbəli bir bina var. Bu binaya el arasında “Qaçqınkom” binası da deyirlər. Burada həftənin müəyyən günləri işğal olunmuş rayonların müvafiq orqanları ilə əhali təmasda olur, doğum haqqında şəhadətnamədən tutmuş, ölüm haqqında kağıza qədər ən müxtəlif bürokratik arayışlar alınıb - verilir. Darısqal otaqlar işğal olunmuş rayonların müxtəlif icra strukturları arasında bölüşdürülüb. Dinc dövrdə olduğu kimi, hazırda da, demək olar, bütün inzibati strukturları fəaliyyət göstərən rayonların hər birinə təxminən, 7-8 darısqal otaq ayrılıb. Həmin günlər dar koridorlarda insan əlindən tərpənmək mümkünsüz olur. Təsəvvür edə bilirsinizmi, 70-ə qədər kənd icra nümayəndələri iki darısqal otaqda, növbə ilə Bakıda məskunlaşmış qaçqınları qəbul edir, onlara zəruri arayış və s. xidmətlər göstərir.

Bir məcburi köçkün kimi mənim də ayda bir neçə dəfə yolum buradan düşür. Təxminən bir il əvvəl, növbəti dəfə burada olanda qəribə bir mənzərə ilə qarşılaşdım. Bizim rayona aid olan mərtəbədə otaqların birinin qarşısında bəzəkli bir tablo asılmışdı. Tablo yeni, qapı isə bahalı idi. Tablodakı yazını olduğu kimi sizin nəzərinizə çatdırıram, buyurun tanış olun: “Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının Bakı şəhəri üzrə nümayəndəliyi”...

Təxminən bir ildir ki, hər gələndə bu qapını döyürəm, açan olmur. Bir ilə yaxındır ki, qonşu otaqdan eyni sözləri eşidirəm: “Sındırmayın!!!. Heç kəs yoxdur”. “Kimsə burda otururmu” sualıma isə, eyni cavabı eşidirəm: “Bilmirik”...

Bu otaq, deyilənə görə, rayon üçün ayrılan darısqal 7-8 otaqların ən böyüyü idi...

Onsuz da koridorları “pik saat”da gedən metro vaqonunu xatırladan darısqal mərtəbədə qələbəlik bir az da artdı, zavallı insanlar burada daha çox ləngiməyə başladılar...

YAP-ın kiçik, fəqət çox əhali üçün diskomfort bir Cəbrayıl örnəyi bütün Azərbaycan üçün keçərlidir. Sadəcə bir misal çəkim. Azərbaycanın bütün ali və orta məktəb müəllimlərindən hər ay YAP üçün üzvlük haqqı toplanır, onları YAP-ın verdiyi siyahı üzrə qəzetlərə abunə edirlər. Ən dəhşətlisi odur ki, bu qəzetləri onlara çatdırmırlar.

Sövet dövrü daha demokratik idi, abunə məcburi olsa da, seçim imkanı tanıyırdılar. Mən orta məktəbdə oxuyarkən “Fizkultura i sport” jurnalına abunə olmağıma heç kim mane olmadı...

Seçkilər günü müəllim və büdcə təşkilatlarında çalışan soydaşlarımızın hansı rəzalətə məcbur edildiyi haqda danışmaq istəmirəm. Onsuz da bu haqda məlumatınız kifayət qədərdir. Rejim bunu YAP-ın xətrinə görə edirmi? Əlbəttə, yox. Iqtidar və YAP-ı başqa tellər bağlayır. YAP yalnız iqtidar partiyasıdır, iqtidarda deyil.

Iqtidar üçün YAP yalnız hakim partiya görüntüsü yaratmaq üçündür. Bu partiya müti parlament və rejim üçün gərəkli kadrların dislokasiyasında müvəqqəti düşərgə (kamp) rolunu oynayır. Loru dildə desək, iqtidar bu partiyanın varlığında ona görə maraqlıdır ki, vəzifə verdiyi şəxsləri bir yerə toplaya bilir, onları əlinin altında saxlayır. Bu partiya, bütün totalitar rejimlərdə olduğu kimi, simvolik bağlılıq partiyasıdır və rejimin süqütu ərəfəsində tarixə qovuşacaq.

Rejim YAP-ın icra strukturlarını daim nəzarətdə saxlayır, orada müstəqil fikir yürüdə bilən, intellekt, nəhayət savadlı şəxslərin toplaşmasına imkan vermir... Aydın olsun deyə, bir misal gətirim.

Bu günlərdə YAP-ın idarə heyətinin qərarı ilə deputat Aydın Mirzəzadə icra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri təyin olundu. Obrazlı desək, partiya aparatında ən uzağı görən şəxs kimi qəbul edildi...

Sadəcə, sizin yaddaşınızı “bir balaca” təzələmək istəyirəm. Məşhur “mandat alveri” işi zamanı günün birinci yarısında Gülər Əhmədova haqqında xoş sözlər söyləyib onu müdafiə edən şəxs, günortadan sonra “Gülər Əhmədova ilə yolumuz bir ola bilməz” deyirdi.

Fikrimcə, Azərbaycanla Qərb arasında qarşıdurmaya ANS-də... “sivilizasiyaların mübarizəsi” deyən Mübariz Qurbanlı daha ciddi idi.

Xaqani Əliyev/azadlıq
991 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11