Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

Polis Pirallahı balıqçılarına “haqq” qoyub

Pirallahı rayonunun Cilov və Pirallahı qəsəbələrinin xeyli sakini yeganə gəlir mənbəyindən məhrum olub.

Bu barədə virtualaz.org saytına qəsəbə sakinləri məlumat veriblər.

Şikayətçilər deyir ki, onlar ailələrini on illərdir balıqçılıqla dolandırır: “Çörəyimizi neçə illərdir ki, balıq tutub satmaqla qazanır, ailəmizi bu yolla dolandırırıq. Dənizdən tutduğumuz balıqları qabaqlar heç bir əngəl olmadan bazarlara çıxarıb sata bilirdik. Lakin Pirallahı ayrıca rayona çevriləndən və burada icra hakimiyyəti, polis, prokurorluq, digər dövlət qurumları yaradılandan sonra bizim günümüz göy əskiyə bükülüb. Təzə idarələr və onların müdirləri, işçiləri bizə balıq tutmağa mane olur, əngəllər yaradır. Artıq balıq tutmaq, ailə dolandırmaq mümkün deyil. Buna fkatiki surətdə qadağa qoyulub. Ya qazancını yuxarılarla bölməlisən, ya da acından ölməlisən”.

Dəniz sahili boyunca bütün ərazilərin polis nəzarətində olduğunu deyən Pirallahı və Çilov sakinləri bildirir ki, polis yerli balıqçılara “haqq” qoyub: “Tələb olunan məbləği verməyənlərin balıqları əlindən alınır. Hətta rayonun giriş-çıxışında dayanan yol polisləri belə balıqçılardan “haqq” tələb edirlər. Buna görə də balıq tutmaqla ailəmizi dolandıra bilmirik” - deyə şikayətçilər vurğulayıblar.

Sakinlər deyir ki, balıqçılıqla məşğul ola bilməyəcəkləri təqdirdə ailələri ac qalacaq: “Balıqçılığa məhdudiyyət qoymaqla onlarla insanı ac qoyurlar. Bu isə yeni iş yerlərinin açıqlaması siyasətinə qarşı çıxmaqdır”.

Qeyd edək ki, Pirallahı rayonu ötən ilin dekabrında yaradılıb. Bir neçə ay öncə isə həmin rayona icra başçısı təyin olunub. Bu vaxta qədər orada yerli əhalinin balıqçılıqla məşğul olmasına elə bir məhdudiyyət qoyulmayıb.
1679 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber