Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

Polis üç ailənin evini başına uçurdu

Arif Bayramov: «20 ildir kirayələrdə yaşayırıq, indi sığınacaq üçün ev tapmışıq, buranı da bizə çox görürlər»

“Pul vermirik deyə bizi yaşamağa qoymurlar. 20 ildir kirayələrdə yaşayırdıq. Üç aydır ki, yataqxanaya pənah aparmışıq. Bizi buradan çıxardırlar. Etiraz edəndə isə döyürlər”. Bu sözlərin müəllifi Ağdamdan məcburi köçkün olan Arif Bayramovdur. O, hazırda Binəqədi rayonu Həmzə Babaşov küçəsi 5 ünvanında yerləşən binanın həyətində məskunlaşıb. Ancaq...

“20 ildir məcburi köçkünük, kirayələrdə yaşamışıq, indi...”

İndi isə Bayramovlar ailəsini yaşadıqları mənzildən çıxardılar. Dediklərinə görə, bütün işlərin başında pul dayanır.

Ötən gün sözügedən ünvana baş çəkdik. Həmzə Babaşov küçəsi 5 ünvanında hündür mərtəbəli, ancaq tikintisi tam başa çatmayan bina yerləşir. Son illərə qədər burada daha çox məcburi köçkünlər yaşayırdı. Yanğın olandan sonra isə əksər ailələr oranı tərk etdilər. Həmin vaxt belə bir məlumat yayılmışdı ki, yanğın qəsdən törədilib. Çünki ərazidə imkanlı şəxslərin və məmurların malikanələri var. Vətəndaşları oradan çıxarmaq üçün bir bahənə tapılmalı idi və bu üzdən də yanğın törədildi. Rəsmi məlumatlarda isə yanğının təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün baş verildiyi qeyd olunur. 

Hazırda binada çox az sayda ailə yaşayır. Onların çox kiçik hissəsi məcburi köçkünlərdir. Ancaq binanın həyətində və ətraf ərazilərdə vətəndaşlar pul və tanışlıq müqabilində özlərinə yurd-yuva qura biliblər. 
Bayramovlar da canlarını kirayələrdən qurtarmaq üçün bura üz tutublar. Əvvəli yaxşı başlasa da, sonu ağlamalı olub.

Arif Bayramov deyir ki, 1994-cü ildən Bakıda yaşayır. Dərnəgüldə yerləşən məcburi köçkünlərin yataqxanasında qeydiyyatdadır: “Ancaq Bakıya gəldiyimiz gündən son 3-4 aya qədər kirayələrdə yaşamışıq. Çünki bizə yataqxanada verilən balaca bir otağa sığışmadığımız üçün ayrı-ayrı yaşayırdıq. Bir neçə dəfə başqa-başqa yataqxanalarda yaşamaq istəsək də alınmadı, bizi çıxartdılar. Burada boş yerlərin olduğunu biləndən sonra gəldik. Çünki kirayədə qalmağa gücümüz çatmırdı. Öncə oğlum ailəsiylə bura köçdü. Qızım da kürəkəni və uşaqlarıyla gəldi. Binada boş yerlər çox olduğu üçün ikinci mərtəbədə otaq götürdü. 108 saylı ”JEK"in rəisi Babək polislərlə onu oradan çıxartdı".

“Bizə deyirlər ki, buranı zəbt etmişik”

Şikayətçinin sözlərinə görə, indi yaşadıqları mənzil məcburi köçkünlərdən birinin evi olub: “Həmin ailəyə dörd otaqlı ev verdilər. Boş olduğu üçün oğlum burada məskunlaşdı. Iki otaqlı ev idi. Həyətdə hamam, tualet tikdirdi, mətbəxi təmir etdirdi. Övladlarıma problem yaratdıqlarını biləndə mən də bura köçdüm. Fikirləşdim ki, ağsaqqal kimi polislərin, ”JEK" rəisinin qarşısına çıxaram, bizə yazıqları gələr. Ancaq bunun heç bir faydası olmadı. Əksinə, hücumların sayı daha da artdı. Sonda məcbur olub, qızım da ailəsiylə birlikdə oğlumun iki otaqlı evinə yığışdıq".

Bir neçə gün bundan öncə isə Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları, sahə müvəkkilləri, Çevik Polis Alayının işçiləri, icra hakimiyyətinin nümayəndələri və MIS rəhbərinin iştirakı ilə Bayramovları evlərindən çıxartmaq istəyiblər.
“Heç kəs sənəd təqdim etmədi. Nə məhkəmə qərarı var, nə də aidiyyəti qurumların mənzili tərk etməklə bağlı arayışı. Dedikləri budur ki, buranı zəbt etmişik. Mən də onlara dedim ki, biz heç yeri zəbt etməmişik. Ermənilər torpaqlarımızı işğal edib. Kimsə bu məsələni qəti qoymur, düşürlər bizim üstümüzə. ”Qaçqınkom"da olmuşam. Məskunlaşma komissiyasının sədri Sənan müəllim mənə dedi ki, 3 il burada köçürülmə olmayacaq. Ən azı 2015-ci ilə qədər burada müvəqqəti də olsa məskunlaşa bilərik. Bunu heç kim nəzərə almır. Düşündük ki, etiraz edərik, çıxıb gedərlər. Ancaq heç kim buna məhəl qoymadı",- deyə Arif Bayramov bildirir.

“Kirayələrdə yaşamağa gücümüz çatmadığı üçün belə yerlərə gəlmişik”

Bayramovların müvəqqəti məskunlaşdıqları evinə hücum edən şəxslər böyük-kiçik bilmədən qarşılarına çıxan hər kəsə xəsarət yetiriblər. Ən çox zərəri isə Arif Bayramovun hamilə olan qızı çəkib: “Sahə müvəkkili qızımı yerə yıxdı, ayağını boynuna qoydu. Ərazidən uzaqlaşdırmaq istəyəndə isə tanımadığımız bir nəfər onun burnuna yumruq vurdu. Burun çəpəri sınıb. Həkimə getdik, ekspertizadan keçmişik. O, uşaqlıqdan xəstədir. Güc-bəla ilə qızımı böyütmüşük. Niyə bizimlə belə edirlər? Pulu olan burada məskunlaşar? Kirayələrdə yaşamağa gücümüz çatmadığı üçün belə yerlərə gəlmişik”.
Indi Bayramovların yaşadıqları mənzilin bir otağı və həyətdə tikilən hamam, tualet və mətbəx uçurulub. 10 nəfərlik ailə bir otaqlı mənzilə sığınıb, dərdlərinə isə çarə tapan yoxdur.
Ailənin hüquqlarını qoruyan Seçkilərin və siyasi hüquqların monitorinqi mərkəzinin sədri Elşən Həsənov bizimlə söhbətində qeyd etdi ki, olayla bağlı aidiyyəti qurumlara müraciət edəcək: “Bu işi sona qədər aparacağam. Konstitusiyada qeyd edilib ki, heç kim mülkiyyətindən zorla çıxarıla bilməz. Bu mənzil də ən azı 2015-ci ilə qədər Bayramovların mülkiyyəti sayılır. Bu ailə zərərçəkəndir, evlərini, mal-mülklərini itirib Bakıya gəliblər. Vətəndaşlarla bu cür davranılmamalıdır. Hüquqi çərçivədə bütün instansiyalara müraciət edəcəyik”.

***

Qarşıdan qış gəlir. Çox qorxurlar. Qorxurlar ki, hər an onları evlərindən çıxara bilərlər. Yarıac, yarıtox yaşayan Bayramovlar 21-ci əsrdə, dünyaya meydan oxumaq eşqinə düşən bir ölkənin paytaxtının göbəyində sobanın yan-yörəsinə yığışaraq isinirlər. Qapı-pəncərə yoxdur. Qapını üzərinə neçə illərin hiss-pası hopmuş xalça, pəncərəni isə sellofan əvəzləyib.
Bayramovların bir otaqlı, uçuq-sökük mənzilini tərk edib onları öz dərdləriylə baş-başa qoyuruq. 
Evin dağıdılmış o biri otağının xarabalığında yönsüz daşların üstündə ora-bura vurnuxaraq evcik-evcik oynayan iki uşaq üzümüzə belə baxmadı. Çünki onların evlərinə gəlib getməyimizin bu uşaqlar üçün heç bir əhəmiyyəti yox idi.../azadlıq/

1753 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:05