Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

Kolit - yoğun bağırsağın iltihabı

Kolit çox yayılmış xəstəlikdir. Bu xəstəlik zamanı yoğun bağırsağın divarları iltihablaşır.

Kolit kəskin və xroniki formalarda keçə bilər. Kəskin kolitin inkişafına salmonella, streptokokklar, stafilokokklar, dizenteriya və s. mikroorqanizmlər səbəb ola bilər.
Kəskin kolit zamanı insanı qarında kəskin spazmlar və ya dartıcı ağrılar, meteorizm, qarında qurultu kimi simptomlar narahat edir, hərarət 38 C kimi qalxa bilər, xəstə ümumi zəiflik hiss edir, iştaha ya heç olmur ya da kəskin azalır. Xəstədə ishal ola bilər, ishal zamanı selik və qan ifraz olunur. Kəskin kolit vaxtında müalicə olunmadıqda xroniki formaya keçir. Xroniki kolit müalicəyə çox çətin tabe olur.
Xroniki kolit zamanı simptomlar az ifadə olunmuş olur, kəskinləşmə zamanı meydana çıxır. Xroniki kolitin əsas simptomu qəbizliklə ishalın kəskin növbələşməsidir. Bundan əlavə xəstəni meteorizm (köp), qarının aşağı hissəsində küt ağrılar, ürəkbulanması, ağızda acı dad narahat edir. Xəstədə tez-tez baş ağrıları olur, işləmək qabiliyyəti azalır, insan daha tez yorulur. Nəzərinizə çatdıraq ki, kolitin bir çox simptomları həmçinin duz bağırsağın şişlərinə də xasdır. Bu səbəbdən belə simptomlar meydana çıxdıqdan dərhal sonra vaxt itirmədən həkimə müraciət edin.
Kolitin ikişaf etmə səbəbləri müxtəlif ola bilər:
- bağırsaq infeksiyaları, qurdlar,
- uzun müddət ərzində və xüsusilə nəzarətsiz olaraq dərmanların qəbulu (ilk növbədə antibakterial preparatların),
- disbakterioz (bağırsaqların mikroflorasının pozulması),
- allergiyalar,
- xroniki streslər,
- zəhərləmələr,
- yoğun bağırsaqda qan dövranın pozulması (adətən yaşlı insanlarda inkişaf edir) və s.
Vaxtında və düzgün şəkildə müalicə olunmayan kolit müxtəlif ağırlaşmalara səbəb ola bilər: susuzlaşma və intoksikasiya, avitaminoz, qanazlığı (daxili qanaxmalara görə - xorali kolit zamanı) və s. Xroniki kolit şiş xəstəliklərinin (o cümlədən, xərçəngin) riskini artırır.
Bu səbəbdən kolitin ilk simptomlarında dərhal həkimə müraciət edin, lazım olan müayinələrdən keçin və müalicə alın. Kolitin müalicəsi ilə proktoloq məşğul olur.
Müayinə zamanı həkim xəstənin qarnını əl ilə yoxlayır və orada ağrılı, zədələnmiş sahələri müəyyən edir.
Bundan əlavə xəstəyə koproqramma (nəcisin analizi) təyin olunur. Kolit zamanı nəcisdə çoxlu miqdarda selik, leykositlər, qan (xoralı kolit zamanı) aşkar olunur.
Lazım olduqda həkim rektoromanoskopiya (düz bağırsağın xüsusi optik cihazla müayinəsi), irriqoskopiya (rentgen müayinəsi), kolonoskopiya (bütün yoğun bağırsağı müayinə edir) kimi əlavə müayinələr təyin edir. Daha sonra həkim xəstəyə müalicə təyin edir.
Kolit zamanı qidalanma müalicəvi rol oynayır. Kolitdən əziyyət çəkən insanlar üçün yağlı, qızardılmış, duzlu, istiotlu qidalar, ədviyyatlar, süd, spirtli içkilər, qazlı sular, çiy meyvə və tərəvəzlər, göbələk, paxlalılar (noxud, lobya və s.), bulka, piroq, tort, dondurma əks-göstərişdir. Qida gün ərzində 5 dəfə kiçik porsiyalarla qəbul olunmalıdır. Qida isti və ya soyuq olmamalıdır, yumşaq olmalıdır, rasionda yağları miqdarını azaltmaq, zülalların isə artırmaq lazımdır.
Təbii vasitələr arasında kolitin müalicəsində çobanyastığı, adaçayı kimi otların dəmləmələri istifadə olunur./Saglamolun/
1232 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber