Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2015

Bir ailənin 3 faciəsi... - REPORTAJ

Ata 2-ci qrup əlildir, qız hər an beyinə qan sızmasından dünyasını dəyişə bilər, oğul isə gözünə məftil batdığı üçün əmək qabiliyyətini itirib... Dünən jurnalist Seymur Verdizadənin səhiyyə naziri Oqtay Şirəliyevə yazdığı açıq məktubdakı ailəni tapdım. Bir ailənin eyni vaxtda bu qədər faciə ilə üzləşməsi məni o qədər sarsıtmışdı ki, gecə ilə o ailəyə baş çəkdim. Sabunçu qəsəbəsində 2 otaqlı gecəqonduda yaşayan bu ailənin ocağı hələ ataları Novruz Əliyev bir ayağını itirəndə sönüb. Ondan sonra da müsibətlər başlayıb...

Cəbrayıldan qaçqın düşən Əliyevlər ailəsinin başçısı Novruz kişinin ayağının biri amputasiya olunub. Deyir ki, əməliyyatdan sonra Mehriban xanım Əliyevaya məktub yazdım. 2 maşın adam gəlib, yoxlayıb, dərmanını, müalicəsini edəndən sonra qeybə çəkiliblər.

“Həm şəkərdən əziyyət çəkirəm, həm infarkdan, həm də 2-ci qrup əlil. Taxma ayaq veriblər, amma onu da geyinə bilmirəm. Müalicə olunmalıyam. Haradan alım o qədər pulu? 130 manat pensiya alıram. Bu pulla ailəni dolandırım, ya dərmanlarımı alım?”, - deyə Novruz Əliyev vurğulayır.

Ailə başçısı deyir ki, ona Səhiyyə Nazirliyindən 7 ədəd pulsuz dərman düşür. Amma di gəl ki, onu da vermirlər:
“Bu gün yoldaşım ora gedib. Deyiblər ki, bir dənə də olsun, dərmanımız yoxdur. Mart ayında gələcək, o da bu 7 dərmandan ancaq 1-i olacaq.Yəni mən marta kimi ölsəm də bunun onlara heç bir aiddiyati yoxdur. Hər gün üstümə Təcili Yardım gəlir. Sakitləşdirici vurub gedirlər. Bax, mən səni gördüm, halım pisləşdi. Niyə mən bu günlərə qalmalıydım ki, kiməsə də möhtac olum? Bizi bu günə qoyan məmurlardır. Onlar üzərlərinə düşən vəzifələri etmirlər”.

Bu vaxt Novruz Əliyevin halı pisləşdi və biz söhbətimizi yarımçıq saxlamalı olduq. Təcili Yardım gəlib, iynə-dərman edəndən sonra həkim Novruz kişiyə xəstəxanada müalicə almağı məsləhət gördü.

2-ci qrup əlil xəstəxanada 10 gün yatmaq üçün ən azından 300 manat pul istədiklərini deyir. Həkimin quru reaksiyası isə məni həqiqətən də hövsələdən çıxardı. O isə “Bu, artıq mənim problemim deyil” sözlərini dedi.

Məmurların bu ailəyə göstərdiyi “qayğı”nı elə Təcili Yardım həkiminin simasında görmək mümkün idi. Hamısı “Biz bu işə baxmırıq” ya da “1 həftə sonra həll olunacaq” deyib, onları sözün əsl mənasında yola verirlər.

Novruz Əliyev özünə gələndən sonra söhbətimizə davam edirik.

Ailənin əsas dərdi isə 20 yaşlı Gülnardır. Yataqxanada anadan olan Gülnar Əliyeva 2011-ci ildə kəllədaxili qansızma diaqnozu ilə açıq əməliyyat olunub. Əməliyyatdan sonra qızcığazın sol tərəfi tutulub. Hazırda isə bir qolu işləmir. Lakin həkimlər hər an yenidən həmin problemlə üzləşə biləcəklərini, bunun qarşısını almaq üçün də əməliyyat lazım olduğunu deyirlər.

“Əməliyyat qapalı olmalıdır. Çünki açıq əmıliyyatdan sonra qızın ayağının, əlinin işləməmək etimalı var. Qapalı əməliyyatı da ancaq Gömrük Hospitalında edirlər. Hospitala getdim, 6290 manat pul istədilər. Bu elə də böyük məbləğ deyil, amma mənim yaşayışım göz qabağındadır. Mənim aldığım 130 manat pensiya, qızın da aldığı 43 manat...”, - deyə Novruz Əliyev əlavə edir.

Əliyevlər ailəsi müraciət etmədikləri orqan, qurum, səlahiyyətli şəxs, döymədikləri qapı qalmadığını deyirlər. Novruz Əliyev ötən ay Baş nazirin müavini Əli Əhmədovun qəbulunda da olub. Amma nəticə yoxdur.

“Hər gün zəng edirik, deyirlər, gələn həftə düzələcək. Bu gün yenə zəng etmişdim, deyirlər Nevrolojiyə göndərəcəyik. Deyirəm ki, Nevrolojilik bir şey yoxdur, burada. Gülnar qapalı əməliyyata girməlidir. Amma nə faydası...”, - deyə Novruz Əliyev sözünə davam edir.

Novruz Əliyev Gülnarın əməliyyatı üçün Sosial Müdafiə Fonduna 17 dəfə zəng vurub. Səhiyyə Nazirliyinə dəfələrlə məktub yazıb:
“Fonddan özləri mənə deyirlər ki, sən artıq 17-ci dəfədir ki, bura zəng edirsən. Nə olsun? Məktublara bax, hamısı üstümə qayıdır. Baxacaqlarını deyib, heç nə etmirlər. Hər an beyinə qan sıza bilər”.

Əliyevlər son ümid yeri kimi ATV-də yayımlanan verilişlərə müraciət edib. Novruz Əliyevin həyat yoldaşı Yeganə deyir ki, hər gün Zaur Baxşəliyevə zəng edirik,“efirə gedirəm”, “sizinlə əlaqə saxlayacağıq” deyib, əlaqə saxlamırlar. Ən dəhşətli məqam isə Gömrük Hospitalının etdiyidir. Hospitaldan deyiblər ki, biz əməliyyatı pulsuz edərik, amma ATV-də yayımlanan həmin verilişdən bir nəfər bizə zəng etsin, tapşırsın. Əks halda 6290 manatı ödəyin, əməliyyatı edək. 

Ailənin oğul dərdi də var. 5 nəfərin tək gəlir mənbəyi olan oğul övladı Tural da 4 ay əvvəl gözündən əməliyyat olunub. Həyətdə iş görərkən gözünə məftil batıb və gözünün biri demək olar ki, görmür. Amma Turalın bəxti gətirib ki, işlədiyi fabrik onun əməliyyatını öz üzərinə götürüb. Lakin buna baxmayaraq, Turala fiziki işlə məşğul olmaq qadağan edilib.

173 manatla dolanan Əliyevlər ailəsinin vəziyyəti həqiqətən də ürək dağlayır. Novruz kişinin diliylə desək, hər ailənin 1 dərdi var, amma bir ailədə 3 faciənin olması eyni vaxtda 3 dərd deməkdir. İnanırıq ki, aidiyyati qurumlar ən azından Gülnarın əməliyyatı üçün yardım edəcəklər./aznews/






823 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber