Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

Hacı İlqar İbrahimoğlu Fazil Mustafaya cavab verdi

“Cümə” icmasının imam-camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlunun onun ünvanına yazdığı fikirlərə münasibət bildirib. Musavat.com Hacı İlqarın Facebook-da paylaşdığı cavabı təqdim edir:
Cənab Fazil Qəzənfəroğlu, bunca aqressivlik haradan?

Cənab Fazil Qəzənfəroğlu! 2003-cü il idi. Bayıl türməsində “Ölüm korpusu”nda idik. “Yeni Müsavat” qəzetində Sizin məhbuslara dəstək yazılarınız çap olunurdu. Bir müddət sonra bəlli transformasiyaya uğradınız. Sonra Sizi əsasən Şah İsmayıla və Əhli-beyt (ə) məktəbinə yerli-yersiz hucumlarla xatırlayıram. Bu il də ənənənizə uyğun AŞURAya qarşı təəssüblə dolu yanaşmanızı ortaya qoydunuz. Buna reaksiya verməyi zəruri bildim. Və facebook-da 201 işarəlik statusla kifayətləndim.

Statusa nəzər salaq: “Elşad Mirinin və Fazil Mustafanın AŞURAya qarşı tutduqları qərəzli və əməvi ruhlu yanaşmalarını şiddətlə qınayıram. Bunu milli-mənəvi dəyərlərimizə, İslam vəhdətinə və qardaşlığa qarşı təzahür edilən bir hal kimi dəyərləndirirəm”.

Aşura mərasiminə qarşı tutduğunuz qərəzi qeyd etdik. Bu kimi səylərin əməvi ruhllu yanaşma kimi səciyyələndirdik. Bunu qınadıq. Xalqın əsrlər boyu oturuşmuş dəyərlərinə sayğısızlıq, islami vəhdətə və qardaşlığa qarşı hal kimi qiymətləndirməmizi bəyan etdik. Heç bir haşiyəyə getmədik. Umacağımızı yazdıq. Qərəzli görsənmənizi bildirdik. Bu yanaşmanın əməvi ruhiyyəsinə uyğunluğunu çatdırdıq. Qəbul etmirsiniz belə, xalqın yaşatdığını, müsəlmanlar arası vəhdət və qardaşlığı nəzərə alaraq, barı diqqətli olmağın lazımlığının bir çatdırışı idi bu yalnızca. İllərlə, ölkənin çoxluğunu təşkil edən Cəfəri müsəlmanlara qarşı ardıcıl yapılan fobilərə yumşaq narahatçılğı çatdırmaq statusu idi, əslində.

Cavabınız nə oldu?

- Sovetlərdən qalma “şpion axtarma” və yarlıq qoşma.

- Aşuraya qarşı danışmağınızı inkar etmə.

- Mövzuya dəxli olmayan məsələləri sadalamaqla, İslam vəhdətini pozmadığınız.

- Əməvi məsələsindən narahatlığı izhar etmə

- Cəhalətdə suçlama

- Şəxsiyyətə qarşı yönəlik iftira və təhqir

Bəndeyi-həqirin mövqe tənqid edən statusuna son dərəcə aqressiv ruhlu, düşmən obrazı yaradan, dözümsüz, iftira ilə dolu, şəxsiyyəti aşağılayan bir yazı verdiniz. Budurmu Sizcə akademik yanaşma?! Budurmu polemika mədəniyyəti?! Budurmu diskussiya formatı?!
İslami yanaşmamızı tənqid edən, cəmiyyətə nə alternativ göstərir? Düşmən obrazı, təkfir, aqressivlik, qarşıdurma, hücum, böhtan, iftira – budurmu cəmiyyətə təklif etdiyiniz davranış modeli?

Diqqət edin: yalnızca Sizin mövqeyinizin tənqidini edən opponenti iftira və təhqirə məruz qoyursunuz, təkfir edirsiniz. İctimai xadim üçün, dözümsüzlüklə səciyyələnən belə yanaşmanın qeyri-məqbul olması öz yerində, müsəlmanlığa iddialı birisinin dini davranış modeli budurmu? Bəs hanı Peyğəmbərimizin (ə) əxlaqı, dözümlülüyü, mülayimliyi?

Cənab Fazil Qəzənfəroğlu! “Şpion axtarma” kimi səylər ölkə insanını bezdirib axı. İslamofoblar bundan yararlanıb qurtarıb, deyəsən növbə Sizə çatıb. Axı özünüzü də tez-tez bu kimi axtarışların hədəfinə çevirirlər.

Qəribədir ki, 2004-ci ildə “Yeni Müsavat”a müsahibənizdə bizimlə bağlı bu kimi cəfəng ittihamların səsləndirilməsini absurd adlandırmağınızı da görünür unutmusunuz. Harada qaldı fikirlərilə razı olmadığınız opponentin şəxsiyyəti hörmət düsturu?

Cənab Fazil Qəzənfəroğlu!

Aşuraya qarşı danışmağınızı inkar etməyiniz, açığı, məni sevindirir. Çünki, mənim bu statusa Sizin adınızı daxil etməkdə niyyətim, Sizi bu kimi davranışdan çəkindirmək olub. Dediniz, axtarıb tapmadınız. Görünür, yaxşı axtarmamısınz. Bir daha nəzərdən keçirdim müsahibənizi. Aşura əzadarlığını İslam mədəniyyətində, İslamın təməl fəlsəfəsində olmadığını açıq surətdə bildirmisiniz. Həzrət Peyğəmbərimizin (s) əmanətinə, ümmətin İmamına (ə) qarşı bu kimi hörmətdən uzaq, yolverilməz ibarələr: “Heç peyğəmbəri bu qədər xatırlamırlar, amma ondan sonra gələn 3-4-cü dərəcəli adamları xatırlayırlar. Bu, çox faciəvi yanaşmadır”, “Toy etmirlər, hansısa tədbir keçirmirlər, bunlar hamısı əsası olmayan hadisələrdir”, “Əbədi yas saxlamaq İslam mədəniyyətində, İslamın təməl fəlsəfəsində yoxdur” – qərəzlilik və dözümsüzlükdən başqa nədir?

Burada qeyd etməyi lazım bilirəm ki, Cəfəri müsəlmanları (ölkəmizin əksəriyyətini təşkil edən vətəndaşlar) Aşura münasibətilə əzadarlıq saxlamağı İslam mədəniyyətinin tərkib hissəsi bilirlər. Bu, Qurani-Kərimin Əhli-beytlə (ə) bağlı ayələrindən, üstəlik Məsum İmamların (ə) hər birinin Aşura münasibətilə bağlı əzadarlıq keçirdiklərindən qaynaqlanır. Siz Əhli-beyt (ə) məktəbinin ardıcılı kimi davranmaya bilərsiniz, amma bu məktəbin Aşuranı yaşatmaq mədəniyyətini aşağılaya bilməzsiniz – o cümlədən, “baş yarmaq, özünə ziyan vermək” kimi hipertrofik yanaşmalarla pərdələndirməklə belə. Yəni, müsahibənizin ruhu anti-Aşura olduğu halda, sadəcə, mübaliğələr silsiləsi ilə anlayışları əvəzləmək cəhdləri etdiyiniz göz önündədir. Amma, son yazınızda bunu inkar etməyə səy göstərmənizi müsbət hal kimi dəyərləndirirəm. Həmd olsun Allaha.

Cənab Fazil Qəzənfəroğlu!

“Əməvi ruhlu” ibarəsindən də narahatçılığınız, açığı məni sevindirdi. Allahdan istəyirəm ki, əməllərdə də bu ruhiyyəyə uyğun yanaşmanı tərk edəsiniz. Küfə əhlinə gəldikdə isə, qeyd edim ki, cəbhə dəyişmə, cinah tərk etmə, vədə xilaf hərəkət etmə fenomeni ölkəmizin bir çox siyasiləri üçün də yad fenomen deyil. Bunu Siz bilməmiş deyilsiniz. Bunu emosional yazdığınızı nəzərə alaraq, üstündən keçirəm.

Cəhalətdə suclamaya gəldikdə, eləcə də uzun-uzadı sadaladığınız və Azərbaycanda yaşanmasını müşahidə etmədiyim Aşura mərasimlərini keçirtməyə gəldikdə isə, “Cümə” icmasının illərlə Aşura mərasimlərinin əzadarlıq mərasimlərinin keçirməsi qaydası və keyfiyyəti bütün ictimaiyyətin gözü qarşısındadır. Maarifçilik, iradəvi kədər, qəhrəmanlıq ruhiyyəsinin aşılanması - bunlardır məclislərimizin əsas təməlləri. Və bunu əziz Əhli-beytdən (ə) öyrənmişik və onların yolunu gedirik. Bu məclislərin yekununda əziz istiqlal və Qarabağ şəhidlərimizi də Şəhidlər Xiyabanında yad edirik. Buna cəhalət deyirsinizsə, bu kimi qərəzli yanaşmadan Allaha pənah aparıram.

Və hər bir halda opponentin şəxsiyyətinə hörmətlə yanaşmağı, yarlıq və ucuz ştamplardan yararlanmaq kimi bolşeviksayağı metodlardan imtinanı – həm ümumilikdə siyasi-ictimai fəaliyyətin, həm də konkret polemikanın zəruri elementləri olmasını nəzərinizə çatdırıram.

Allahdan hər birimiz üçün hidayət diləyirəm./musavat/
1833 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı