Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2015

Deyirsiniz inqilab olmayacaq?

Hakimiyyətin təbliğat maşını yeni mövzuya köklənib: Azərbaycanda inqilab olmayacaq. Bu diskursu onlarda ABŞ dövlət katibinin adı əvvəllər inqilablarla hallanan köməkçisi Viktoriya Nulandın Bakıya səfəri gücləndirib. Hiss olunur ki, bu səfər antiABŞ ritorikasını da xeyli dəyişib, sanki hakimiyyət eşalonu bir gərginlikdən qurtarıb. Təbii ki, insan haqları və demokratiya baxımından amerikalı diplomatdan aydın mövqe sərgiləməyi gözləyənlərin ümidləri doğrulmadı bu səfərlə. Bu ayrı bir mövzudur, amma xanım Nuland hakimiyyətin istinad etdiyi “Azərbaycanda inqilab olmayacaq” fikrini də söyləməyib. Onun cavabını sualdan yayınmaq kimi də şərh etmək olar, diplomatik cavab da saymaq olar.
Fəqət cavaba diqqət ayıraq: “Hər hansı bir ölkədə hökumətlə vətəndaş cəmiyyəti arasında açıq, səmimi dialoq varsa, onda artıq rəngli inqilaba ehtiyac qalmır. Bu cür rəngli inqilablar yalnız o zaman baş verir ki, hökumətlə vətəndaş cəmiyyəti arasında soyuqluq olsun, məsafə olsun, gərginlik olsun, onlar arasında bağlı qapılar olsun və onların bir-birilərinin ehtiyaclarını həll etmək üçün gərəkli zəruri şərait olmasın. Ümidvarıq ki, hökumətlə vətəndaş cəmiyyəti arasında güclü dialoq, eyni zamanda ABŞ-la Azərbaycan arasında yaradılacaq təmas və dialoqlar bizim ölkələrin digər iki sahədə olan əlaqələri kimi, bu sahədə də vəziyyəti yaxşılaşdıracaq”.
Mən bu cavabdan ABŞ diplomatının dialoq ümidlərini “səmimi dialoq onsuz da yoxdur” kimi davam etdirib, “deməli, inqilab olacaq” nəticəsinə gəlmək üçün istifadə etməyəcəm. Amma o da aydınca görünür ki, orada “inqilab olmayacaq” fikri yer almayıb.
Bununla belə, çox maraqlıdır ki, hakimiyyət tərəfdarları inqilabın olmayacağı qənaətini niyə ABŞ diplomatının sözləri ilə əsaslandırırlar. Məsələn, Misirdə inqilab ABŞ diplomatlarının gözlədiyi halda baş verdi? Heç Misirin mümkün müxalifəti gözləmirdi o inqilabı...
Yaxud “bu müxalifət, bu xalq inqilab edə bilmir, edə də bilməz” deyənlər... Ərəblərin inqilab edəcəyini kimsə gözləyirdi? Ya gürcülərin, ya qırğızların, ya monqolların?
Ümumiyyətlə, “inqilab olmayacaq” və ya “lazım deyil” diskursu hazırda dialoq adlı görüşə qatılanların da dilinə yamanca yansıyıb.
Bəli, son dövrlərdə repressiya o qədər uğurla irəliləyib ki, vəziyyət hazırda elədir ki, “inqilab olacaq” əhvalı da güclü deyil toplumda. Amma kimsə kənardan asanlıqla deyə bilər ki, manatın da dəyərinin ölməyəcəyini söyləyirdilər, lakin baş verdi! Neftin qiymətdən düşməsinin iqtisadiyyata təsiri də həmçinin!
Inqilabın olmayacağını deyənlər, buna ümid edənlər özlərinə sual versinlər: əvəzində nə olacaq? Tutaq ki, inqilab olmayacaq, bəs nə olacaq?
Yenə də korrupsiya davam edəcək?
Yenə də türmələr siyasi məhbuslarla dolu olacaq?
Yenə də haqsızlıq baş alıb gedəcək?
Yenə də inhisar, himayəli biznes, haqsız rəqabət qalacaq?
Məhkəmə yenə də bu cür olacaq - rüşvət və tapşırıqla hökm oxunacaq?
Seçkilər saxtalaşdırılacaq? Azad söz boğulacaq?
Yenə də tibbi sığortasız qalacaq xalq? Keyfiyyətli tibbi xidmət və keyfiyyətli təhsil olmayacaq?
Yaxşı bilirsiniz ki, inqilab ideyası kiminsə bunu ürəyindən keçirməsi ilə gündəmə gəlməyib. O məhz yuxarıda sadaladığımız problemlərin uzun illər mövcudluğunun sonucu kimi ağıla gəlir. Və kimsə bu yerdə yenə də inqilabdan yan ötən başqa bir həll yolu axtaracaqsa, “dialoq!” deyənlər isə bu məqamda yenə də “yalnız dialoq” deyəcəklərsə, bir şeyi nəzərə alsınlar: o cür dialoq özü inqilab yetişdirməyin bir üsuludur, onun qarşısını almağın deyil! Hanı istinad etdiyiniz o səmimi dialoq və ya onun nəticəsinin işartısı?


Şahvələd Çobanoğlu/azadlıq
904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP