Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2013

Əhali benzinin bahalaşmasına “yox” deyir

Əməkdaşımızın keçirdiyi sorğuda vətəndaşlar hökuməti xalqın güzəranını nəzərə almağa çağırdılar
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun "Avro-3"ə keçdilə bağlı benzinin qiymətinin artırılacağı ilə bağlı dedikləri rezonansa səbəb olub.
R.Həsənovun açıqlamasına görə, gələn il yanvarın 1-dən "Avro-3"ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qalxma ehtimalı var.

“Biz "Avro-3"ə yanvarın 1-dən keçməyi planlaşdırırıq. Təbii ki, bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Bizdə “Avro-4", ”Avro-5" standartları da hazırdır, sadəcə bunların həyata keçirilməsi üçün vaxt lazımdır", - deyə, R.Həsənov açıqlamasında söyləyib.

Həm komitə sədrinin benzinin qiymətinin artacağı haqda dedikləri, həm də ümumilikdə bununla bağlı yayılan xəbərlər əhalinin ciddi narahatlığına səbəb olub.
Biz də ictimai nəqliyyat, taksi sürücüləri, sərnişinlər arasında sorğu keçirərək onların bu məsələ ilə bağlı fikirlərini öyrəndik.

50 nömrəli marşrutun sürücüsü Maarif Quliyev həyatının 30 ilini bu işə həsr etdiyini bildirdi. İnsanların yoxsul olduğunu söyləyən sürcü qiymət artımı olarsa, bunun problemlər yaradacağını söylədi:

“İndi camaatda pul yoxdur. Mən Sovet vaxtı da marşrut sürmüşəm. O vaxt yaxşı idi. İndi şəxsən öz payıma deyə bilərəm ki, gün ərzində 40-50 nəfəri pulsuz aparıram. Adamdır yaxınlaşıb deyir ki, "Qardaş pulum yoxdur apararsan?" Mən də azərbaycanlıyam, müsəlmanam, onu necə aparmayım?! Yaxud görürsən ki, yanında 2 uşağı var, yaşları da altıdan yuxarıdır. Lakin onların haqqını ödəməyə pulu yoxdur. Mən ondan necə gediş haqqı istəyim? Olmur, utanıram".

Marşrutların plan məsələsi və gündəlik yanacaq sərfiyyatı barədə də məlumat verən, M.Quliyev bunları dedi:

“Günün sonu 170 manat plan ödəyirik. Bura avtobusun pulu, onun təmzilənməsi və sair xırda xərclər də daxildir. Özəl marşrut olduğu üçün yanacaq da bizlikdir. Gün ərzində bu avtobuslar 100 litr dizel yandırır. Bu da 45 manat edir. Vallah mənim 50 yaşım var, özüm də yoxsulam. Amma ən çox da bu camaata görə, heç istəmərəm bahalaşma olsun”.
Metronun “Neftçilər” stansiyasının yaxınlığında marşrutların dispetçeri kimi çalışan Ələsgər Mustafayev də benzinin bahalaşması xəbərindən ciddi narahatdı:
“Bizim evdən hər gün 4 adam çıxır. Hər gün əgər başqa yerə gedilməsə, bizim evdən 2 manat 40 qəpik yola pulu verilir. İndi onu da qaldırsalar, nə edəcəyik?! Marşrutlar gözümüzün önündədir. Gün boyu nə qədər adam pulsuz istifadə edir. Nə etsin, pul yoxudur”.

13 ildir ki, taksi sürücülüyü edən Rəfael Niftəliyev benzinin qiymətinin artırılması təklifini verənlərin sadə vətəndaşların rəyini nəzərə almadığını söylədi:

“Yuxarıdakılar nə istəyirlər, onu da edirlər. Benzin qalxsa biz də məcbur olub gediş haqqının qiymətini artıracağıq. O zaman da maşınımıza minən olmayacaq. İnsanlar kasıbdır. Əsasən marşruta minirlər. Hələ indi Məhərrəmlikdir deyə, toy da yoxdur. Mən pensiyaçı adamam, məcbur olmasam heç işləmərəm. Amma külfətim böyükdür. Axşam evə gedən də nəvə deyir baba nə almısan? Arvad deyir ki, kişi pul ver, yemək almalıyam. Cəmi 220 manat pensiya alıram, o da heç nəyə çatmır. Odur ki, işləməliyəm. Taksidə elədir ki, hər gün qazana bilmirsən. Elə gün olur, 3 manat ancaq qazanırsan. İndi saat 3-dür amma heç siftə etməmişəm. Camaatda pul yoxdur, onları qınamıram. Taksiyə necə minsin?! Adicə 5 manatlıq yol gedirəm, onun azı 2 manatı benzin, yağa-filana gedir. A-92 indi 55 qəpikdir. Görün qiymət qalxsa neçə olacaq?!”

“Mercedes S class” sahibi Azər Qasımov isə benzin bahalaşacağı təqdirdə maşınını satacağını söylədi.

“Həftəyə hardasa 50-60 manat benzinə pul xərcləyirəm. Mühərrik 3.2 olduğundan benzini çox işlədir. Amma benzin bahalaşsa satıb, mühərrikinin gücü daha az olan maşın alacağam. Yoxsa çatdıra bilmərəm”.

Mütəmadi şəkildə ictimai nəqliyyatdan istifadə edən Sara Şərifova isə dövlətin bu siyasəti ilə qəti razılaşmadığını dedi:

“Məlum məsələdir ki, benzin qalxan kimi ərzaq da bahalaşacaq. Bu nəyə təsir edəcək? İnsanların büdcəsinə. İndi işdən çıxmışam, amma əvvəl tibb bacısı işləyirdim. Bir dəfə oturub 120 manat əməkhaqqımı hesabladım. Dəhşətə gəldim, ay boyunca "rasxodlardan" başqa mənə cəmi 6 manat qalmışdı. Yəni insanların aldıqları maaş nədir ki, qiymətləri də bahalaşdırmaq istəyirlər".

Bütün cavablardan görünndüyü kimi insanlar benzinin bahalaşmasının qəti əleyhinədirlər. Güman edək ki, bununla bağlı qərarın qəbulu zamanı əhalinin də rəyləri nəzərə alınacaq./musavat/
1771 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38