Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2013

Tağı Əhmədov amanatı...

Tağı Əhmədova çəp baxan, hücum eləyən, onu “jurnalistlərlə kobud davranan qaba adam” deyib qınayan, danlayan adamlar indən belə qarşılarında məni görəcəklər.

Nöşün ki, Tağı müəllim duzdur, qardaşdır, biz jurnalistlərin ən yaxın adamı, ən yaxşı dostudur. Deyərdim hətta qəzetlərin tirajının artmasına ən çox kömək eləyən yeganə ali savadlı məmurdur. Adam ağzını açıb bir söz deyən kimi camaat səhərisi gün sübhdən durub qəzet köşklərinə axışır ki, görək Tağı müəllim yenə nə qızıl xırdalayıb.

Özü də Tağı müəllim ölkədə yeganə adamdır ki, konkret heç kimə, o cümlədən nəinki biz jurnalistlərə, heç bizim dədəmizə də borcu yoxdur. Bunu özü də dəfələrlə deyib: “Ə, bir-bir. Sənə borcum-zadım yoxdur, burcudursan. Sən ordan cızıldayırsan, bu burdan...”

Ə, sən də kəs səsini. Nə dızıldayırsan orda?! Sakit ol. Görmürsən Tağı müəllimdən söhbət eləyirəm?!

Hə, dedik axı Tağı müəllim qardaşdır. Özü də çox ağıllı söhbətləri var. Adam haçan ağzını açıb bir kəlmə deyirsə, həmin söz o dəqiqə zərb çalğı alətlərinə, məsələn, qoşanağaraya..., tfu, çaşdım, zərb-məsələ çevrilir. Ə, kəs də... Demədimmi dızıldama orda?!

Hə, orda qalmışdıq axı, Tağı müəllim duzdur, duz. Çox duzlu-məzəli, şirin və dərin danışığı, var. Məsələn, bir dəfə jurnalist ona belə sual vermişdi: “Tağı müəllim, bu gün metroda işıqlar sönüb, qatarlar tuneldə qalıb. Bilmirsiniz vaqonlarda neçə adam qalıb?”

Tağı müəllim də özünəməxsus müdriklik və şirinliklə demişdi ki, 2,5 nəfər, yəni iki bütöv, bir də yarım adam qalıb.

Düzdür, əksər naxələf, nadürüst, naşükür, canım sənə desin, nataraz jurnalistlər o dəqiqə götürüb bu cavaba 2,5 ədəd çuqun, bir o qədər də alüminium vedrə bağladılar.

Amma nahaq. Çünki Tağı müəllim ali savadlı mütəxəssis kimi dəqiq bilir ki, yarımçıq adam olar, amma yarım adam olmaz. Yarım araq olar, amma yarım adam olmaz. Yarım kilo noğul olar, amma yarım oğul olmaz və s.

Tağı müəllim bunları hələ orta məktəbdən dəqiq bilir. Sonra da institutda təkrar öyrənib, özü də həmin sualdan “5” alıb. Amma zarafat üçün deyir ki, 2,5 nəfər adam qalıb. Niyə? Bəli, qəza xəbərindən yaranan o əsəb gərginliyində ab-havanı bir az yumşaltmaq, əsəbləri sakitləşdirmək üçün. Yəni özünü əsl psixoloq kimi də təsdiqləyən Tağı müəllimdə ingilis yumoru hissi də var. O, “evakuasiya” sözünü də sırf məzə üçün “evakurasiya” kimi deyir ki, yorğun camaat gülüb dincəlsin.

Ola bilsin, onun jurnalistin sualına son cavabı da bu zarafatcıllığının nəticəsidir. Tağı müəllim “metronun “28 may” stansiyasında yerə niyə sürüşkən plitə döşəmisiniz” sualına belə lakonik, lakin lokum kimi şirin cavab verib: “Ona görə ki, sürüş, yıxıl, öl...”

İndi əksər naxələf, nadürüst, naşükür, canım sənə desin, nataraz jurnalistlər götürüb buna da vedrə bağlamağa, Tağı müəllimin necə deyərlər, ictimai nüfuzunu sarsıtmağa çalışırlar. Guya ki, metro kolxozumuzun sədri düz danışmır, bu, guya qarğışdır, daha nə...

Əsla! Tağı müəllimin bu müdrik və uzaqgörən cavabının dalında yekə və teyxa fəlsəfi, bəlkə də cılxa elmi məqsədlər dayanır. Məsələn, maraqlı versiyalardan biri budur ki, Tağı müəllim jurnalistə “sürüş, yıxıl, öl” təklifi verməklə ola bilsin sürtünmə qüvvəsi nəzəriyyəsinə əlavə və dəyişiklik eləmək istəyir.

İkinci versiya budur ki, Tağı müəllim ola bilsin anatomiya və fiziologiya sahəsində Nobelə tamah salıb. O, sürüşüb yıxılıb ölən jurnalistin meyiti üzərində tibbi təcrübələr aparacaq. Bəlkə də jurnalistin canının it canından azca zəif olduğunu sübut edəcək.

Üçüncü versiyaya görə, Tağı müəllim “sürüş, öl” demək istəməyib. Jurnalistə demək istəyib ki, “sürüş, xokkeyçi ol”, amma mətbuat onun ləhcəsini düzgün başa düşməyib.

Dördüncü versiyaya görə... Bilirsənmi, xalaoğlu, versiyalar çoxdur. Amma məndə olan dəqiq məlumata görə, Tağı müəllim jurnalistə 100 faiz elə demək istəməyib. “Yıxıl, öl” sözləri ağzından sadəcə təsadüfən çıxıb. Burada da incəsənətin günahı var. Bildiyimiz kimi, həm də incə qəlbli, zərif təbiətli adam olan Tağı müəllim üstəlik şairdir axı. Metro polisləri deyir ki, qəşəng şerləri var. Ola bilər şeriyyət-ədəbiyyat adamı olan Tağı müəllim jurnalistə həmin sözü deməzdən qabaq ürəyində Baba Vəziroğlunun “Gəl deyir” şerini əzbərləyirmiş, axırıncı qafiyənin stop-kranını çəkə bilməyib. Ağadadaş Ağayev də o şerə bəstələnən mahnını oxuyur. Bir bəndini yadınıza salım:

Gözün, qaşın “gəl” deyir,

“Gəl barışaq, gəl” deyir,

Baxışların “sevdim, sevdim”,

Dilin “yıxıl, öl” deyir...

İnandırıcı söhbət budur. Dedim axı, Tağı müəllimlə jurnalistlər bir-birlərini çox istəyirlər. Baxışları “sevdim, sevdim”, dilləri “yıxıl, öl” deyir...

Əziz jurnalistlər, Tağı müəllim amanatı ha. Onunla işiniz olmasın. O, bizim milli sərvətimizdir. Çalışıb onu tez-tez danışdırmaq gərəkdir. Adam rəsmən tiraj və qonorardır...

Famil Cəfərli/virtualaz
1852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.1