Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2015

Bəyin aşkarlanması

Ləhləyə-ləhləyə iqtidarın kiçik kalibirli məmuru ilə qurama dialoqa qaçan, qurama müxalifət liderləri! Noldu, səsiniz batdımı?.. Bu qədər hadisələr baş verdi: xalqa “33 faizlik” badalaq vuruldu, onun halalca ruzisinə, qismətinə təcavüz edildi, - yıxılan yıxıldı, duran durdu, əzən əzdi, əzilən əzildi... niyə cınqırınızı çıxartmadınız?! Hələ əmr, göstəriş gəlməyib?.. Dillənin də! Tısbağa kimi qınınıza çəkilmisiniz - başınızla quyruğunuzun harada olduğu bilinmir. Hamı danışdı, hamı fikir bildirdi, daşdan da səs çıxdı, amma sizdən səs-səmir gəlmədi ki, gəlmədi. Daş nədir, hətta, ipləmə sayıb, lağa qoyduğunuz Hafiz Hacıyev də bu haqsızlığa od püskürdü, əhalinin başında turp əkmək istəyən baş bankiri pislədi, söydü, hədələdi... Sizsə, ağzınızı açıb bircə kəlmə də demədiniz, zavallı xalqa vurulan qəfil zərbəyə, onun səbəb və nəticələrinə heç bir münasibət sərgiləmədiniz. (Amma az əvvəl Milli Şuranın üstünə tökülüşmüşdünüz, ağ yuyub qara sərirdiniz!..) Bir partiya və bir partiya rəhbəri olaraq, camaat sizlərdən məhz belə taleyükli məqamlarda, məhz belə vacib situasiyalarda konkret mövqe gözləyir axı. Lallığa üstünlük verirsinizsə, onda belə çıxır ki, yəqin, yuxarıların əmr-fərmaişi sizlərə yetişməyib hələ?!.. Bunun sadəcə, başqa izahı yoxdur!..

Sərdar Cəlaloğlu müəllim, hünərin var indi dillən da bəə! Yoxsa, Koroğlunu orda, Səməd Vurğunu burda təhqir edib istedadsız muskomediya artisti kimi, ucuz aplodisment qazanmaq üçün atılıb-düşməyə nə var ki?.. Eləcə də, utanmasan müxtəlif kitablardan çırpışdırılan sitatlar əsasında “odlu-alovlu” çıxışlar etməyə, “şparqalka” ilə iddialı -müştəbeh müsahibələr verməyə, apponentlərini, nəinki siyasətçiyə, heç həyasız xırdavat alverçisinə belə yaraşmayan bazar leksikonu ilə aşağılamağa nə var ki?!

Hörmətli İqbal Ağazadə! Siz dəfələrlə qeyd etmisiniz, hətta bir az da hamıya minnət qoymusunuz ki, Millət vəkili kimi hər zaman haqqı tapdanan, hüququ pozulan insanların müdafiəsində sinənizi sipər etmisiniz. Lap yaxşı, bu, borcunuz, vəzifəniz olsa da, buna görə sizə “çox sağ ol” deyilməlidir! Amma hazırda göz önündəcə milyonların haqqı-hüququ pozulur, pulları oğurlanır, aldadılır, milyonlarla vətəndaşlarımızın sabaha olan ÜMİDi itib param-parça olur, inamı daşürəkli məmurların laqeydliyinə dəyib çilik-çilik olur, - nədən susursunuz, nədən fəryad qoparmırsınız?.. Əvəzində, Milli Şuranın bostanına daş-kəsək atır, maraqsız-məzmunsuz düşüncələrinizi ikibaşlı ifadələrlə bəzəyib qeyri-səmimi müdriklik nümayiş etdirirsiniz. Sizin müxalifət olmamağınızın artıq heç kimə isti-soyuğu yoxdur, zatən bu məlum məsələdir; sizin yavaş-yavaş, son zamanlar isə birdən, yəni lappadan anti-müxalifətə çevrilməyiniz... bax, bu təhlükəlidir.

Digər yalançı müxalifət, daha doğrusu, digər “nağara-müxaliflər”, yəni səsi bərk, içi boş olan cibsevər liderciyəzlər barədə isə gələn yazılarda söhbət açacam, qoy darıxmasınlar...

P.S. Son hadisələr lakmus kağızı kimi, hər şeyi və hamını aydın şəkildə aşkarladı. Məlum oldu ki, aramızda müxalifət maskası taxmış və özünü BƏY kimi göstərmək üçün xalqı rəiyyət eləməkdən çəkinməyən kifayət qədər GƏDALAR var!

Eldəniz Quliyev /azadlıq
1002 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber