Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2015

Əyalət insanı çıxılmaz vəziyyətdə

Salyanda iki ədəddən artıq çörək satılmır, Masallıda qiymətlər 70 faiz bahalaşıb, İmişlidə isə proses nəzarətdən çıxıb

Dollar bahalaşdıqdan sonra ölkədə sürətli bahalaşma qeyd alınır. Dövlət başçısı ötən gün Mingəçevir şəhərində qiymətləri artıranlara qarşı sərt tədbir görüləcəyini bəyan etsə də, əyalətlərdə bunun tam tərsi müşahidə olunur. Vəziyyət o qədər kritikdir ki, hətta proseslərin hər an nəzarətdən çıxması qorxusu yaşanır.

Salyanda 2 ədəddən artıq çörək satmaq qadağan edilib

Bahalaşmanın müşahidə olunduğu rayonlardan biri Salyandır. Rayonda dükanlarda bahalıq artıq ilk gündən müşahidə olunmağa başlayıb. Hətta vəziyyət o yerə çatıb ki, camaata dükanlarda 2 ədəddən artıq çörək satılmır.

Bundan başqa, zəruri ərzaq mallarının da bir çox dükan və marketlərdə qiymətlərinin 40 faizə qədər artdığı müşahidə olunur.

Masallıda qiymətlər 70 faiz artıb

Masallı rayonunda isə durum daha acınacaqlıdır. Manatın dəyərdən düşməsinin ardından əksər dükan və marketlərdə qiymətlər bahalaşdırılıb. Ərzaq məhsulları üzrə bahalaşmanın həddi isə 70 faizə qədər çatdırılıb. Nəzarətin olmaması səbəbindən qiymətlərin artırılmasına görə heç kim məsuliyyət daşımadığını bilir.

Məsələn, əvvəllər 40 qəpiyə olan siqaret hazırda rayonda 1,2 manata satılır. Yumurtanın qiyməti isə 15 qəpiyə qaldırılıb. Bundan başqa, camaatın ən çox ehtiyac duyduğu ərzaq olan unun da qiyməti kəskin şəkildə bahalaşıb. Məsələn, 17 manata satılan bir kisə un hazırda 24 manata satılır. Buğdanın 1 kq isə 30 qəpikdən 40 qəpiyə qaldırılıb.

Rayondan gələn xəbərlərdən belə başa düşülür ki, əhali həddindən artıq narazıdır və əvvəlki dönəmlərdən fərqli olaraq, yerli hakimiyyətə qarşı aqressiv davranır.

İmişlidə qiymətlər nəzarətdən çıxıb

Qeyd edək ki, prezidentin son açıqlamasından sonra qiymətlərin əvvəlki səviyyəyə qayıdacağına ümid edən İmişli sakinləri bunun tərsini müşahidə ediblər. Hal hazırda rayonda ərzaq məhsulları üzrə qiymətlər 50 faizdən çox bahalaşıb. Bundan başqa, dükan sahibləri yaxın vaxtlar üçün qiymətlərə yenidən baxacaqlarını da vurğulayırlar.

Rayon sakinlərinin bildirdiyinə görə, İmişli İcra Hakimiyyətinə tədbir görmələri ilə bağlı müraciət etsələr də, oradan cavab veriblər ki, məsələyə qarışa bilməzlər. Və bunu da belə əsaslandırıblar ki, guya, dükan və market sahibləri azad sahibkarlardır və onların hansı qiymət qoymasına dövlət qurumları qarışa bilməz./jam.az/
865 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23