Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

Nəqliyyat müfəttişləri sürücülərə “qan uddurur”

Nəqliyyat qoçuları sürücülərin başına oyun açır; yük maşını və taksi sürücülərindən necə xərac yığılması “Yeni Müsavat”da...

“Nəqliyyat müfəttişlərinin arasında vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuz əməllərə yol verənlər, vətəndaşlara qarşı kobudluq edənlər ola bilər. Belə hallara qarşı mütəmadi olaraq ciddi tədbirlər görülür. Amma mətbuatın bütün müfəttişləri birmənalı şəkildə ”qoçu" kimi qələmə verməsi, “mənim qoçularım” adlandırması düzgün deyil".
Bu fikirlər nəqliyyat naziri Ziya Məmmədovun 2011-ci ildə jurnalistlərə verdiyi açıqlamasından bir sitatdır. Nazir hələ 2 il əvvəl müfəttişlərin onun “qoçuları” adlandırılmasına etiraz edib. Amma bu kimi hallar davam etməkdədir və ən son olaraq sabiq deputat Nazim Məmmədovun qardaşına qarşı özbaşınalığı buna misal göstərmək olar.

Z.Məmmədovun iki il öncəki mövqeyindən xeyli vaxt keçsə də, müfəttişlər Bakının müxtəlif ərazilərində reyd adı altında sürücülərin başına yenə min oyun açırlar. Dələduzluq və özbaşınalıqla məşğul olan müfəttişlər heç kimdən çəkinmirlər. Onlara hərəkətlərinə görə “gözün üstə qaşın var” deyən tapılmır. Metronun “Neftçilər”, “Koroğlu” stansiyaları yaxınlığında, o cümlədən Mikayıl Əliyev küçəsində nəqliyyat müfəttişləri “at oynadırlar”.
Günün istənilən saatında onların hansı əməllərdən çıxdığını, ağır tonnajlı maşınların sürücüləri ilə necə davrandığını, yük maşınlarını sürənlərdən necə rüşvət tələb etdiklərini görmək olar.

Yük maşını sürücüləri üçün “qara zolağ”a çevrilən M.Əliyev küçəsi (“Ay işığı”, “Neolit” restoranları yerləşən ərazi) müfəttişlərin məskəninə çevrilib. Onları hər zaman bu massivdə tapıb nə işlər gördüklərini bilmək olar.

Elə ötən həftə də bu istiqamətdə bir neçə reyd keçirib, müşahidələr aparmışıq. Qənaətlərimiz ondan ibarətdir ki, bu sistemdə yaxşılığa doğru heç nə dəyişməyib. Müfəttişlər yenə də əvvəlki kimi rüşvət yığmaqda davam edirlər. Onlar etiraz edən və yaxud bir az dilləşən sürücüyə qarşı təhqiramiz ifadələr işlətməkdən, maşına oturdub ona zorakılıq tətbiq etməkdən çəkinmirlər. Sürücülərin sənədlərini zorla alıb, maşının nömrəsini açıb, hətta zorla pullarını götürürlər.

Sürücülər Nəqliyyat Departamentinə getməklə məsələni “həll” etmiş olurlar. Bu idarədə isə sürücüyə bir şərtlə sənədləri və maşının nömrəsi qaytarılır - pulunu ver, heç yerə şikayət etmə. Nəqliyyat Nazirliyi müfəttişlərin bu əməllərini inkar etmir, onların cəzalandırıldığını deyir. Reallıq isə...

Hazırda M.Əliyev küçəsində posta çıxan müfəttişlər “KamAZ” sürücülərini tez-tez saxlayırlar. Sürücülərlə sövdələşib onları buraxırlar. Maşınların normadan artıq yük daşıdığını, yolları bərbad hala saldığını bəhanə edərək sürücüləri cərimələyirlər.
Müfəttişlər günün günorta çağında yük maşınlarını bir-bir yol kənarına “dartıb”, onlarla haqq-hesab çəkirlər.

Onlar çəkiliş apardığımız zaman bunun fərqinə vardılar və özlərini soyuqqanlı şəkildə aparmağa başladılar. Çəkiliş olduğunu görən müfəttişlərdən biri sürücünü buraxıb, öz xidməti maşınına keçib oturdu.

Müfəttişlərin hərəkətləri o dərəcədə dözülməz həddə çatıb ki, onların bu əməllərini ölkə televiziyaları da artıq işıqlandırmağa başlayıblar.

Bizimlə M.Əliyev küçəsində söhbətləşən sürücü Kazım Səmədov isə deyir ki, sənədləri qaydasında olmasına baxmayaraq müfəttişlər bütün sürücülərə qarşı qol gücü hesabına pul tələb edir: “Bizə deyirlər ki, fərqlənmə nişanı alın. Gedirik almağa, 30-35 manat əlavə rüşvət istəyirlər. Yollarda saxlayıb deyirlər ki, ”hörmət elə, buraxaq get". Sənədini təqdim edirsən, qapıb əlindən qaçır". Hazırda M.Əliyev küçəsi “qoçu” müfəttişlərin ən gəlirli məkanlarından biridir.

Gün ərzində onlarla yük maşınının qarşısını kəsib saxlayır, xərac yığıb yola salırlar. Onlar nöqsan kimi fərqlənmə nişanını səbəb göstərirlər. Sürücülər isə sənədlərini təqdim etsə də, onlardan yaxa qurtara bilmirlər.

Bəs fərqlənmə nişanı neçəyədir? Bu suala yerindəcə cavab tapdıq. Yük maşını sürücüsü Tahir İslamovun sözlərinə görə, “Avtonəqliyyatservis” Departamentinin müfəttişləri onlardan hər ay qanunsuz pul yığır: “Fərqlənmə nişanı almaq üçün 46 man 80 qəpik ödəməlisən. Ancaq 100 manat tələb edirlər. özü də deyirlər ki, banka yox, bizə verin. Xeyir ola?”.

Taksi sürücüləri də müfəttişlərdən dad eləyirlər. Onlar lisenziya və fərqlənmə nişanı üçün əlavə rüşvət verməkdən cana doyublar. Nəqliyyat Nazirliyinin taksilərə tətbiq etdiyi fərqlənmə nişanı hər ay dəyişdirilir. Sənədin 1 aylıq dövlət rüsumu 18 manatdır. Amma departament işçiləri həmin sənədi sürücülərə 56 manata satır.

Taksi sürücüsü Ədalət: “Qəbzdə ödəniş 18 manat göstərilir. Qalan pulları ciblərinə qoyurlar. Müfəttiş rəisə, rəis departament rəhbərinə, o da nazirə aparıb hesab verir. Fərqlənmə nişanından əlavə də aylıq lisenziya alırıq. Bu lisenziya əslində Nəqliyyat Nazirliyindən verilməlidir.

Ancaq sənədi hazırlayıb Nəqliyyat Departamentinə göndərirlər. Bu da rüşvətə görədir. Departamentdə bizdən 2-3 qat artıq pul alırlar. Ayda 110 manat lisenziyaya veririk. Sənədin qanuni rüsumu isə cəmi 31 manatdır".

Sürücülərin sözlərinə görə, lisenziya almaq problem deyil. Yetər ki, müfəttişlər buna razı olsun. Onlar bir çox hallarda lisenziyanı qəbul etmirlər, deyirlər hər ay gətirib bizə “haqq” ödəyin kifayətdir. Sürücülər isə çarəsizlikdən iki yerə pul ödəyir.

Nazirlik lisenziya tələb edir, departamentin müfəttişləri isə rüşvət. “Müfəttişlər mülki geyimdə gəlib oturur taksidə. Sonra quldur kimi basqın edib, hücuma keçir. Bir deyil, iki deyil. Yüzlərlə belə hadisə olur. Oturub maşına pul istəyir. Qanuni lisenziya 15-20 manata olmalıdır. Biz də alaq, işləyək ,”- taksi sürücüsü Fərid Axundov belə deyir./musavat/
1920 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:51