Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2015

Əbu Qureyb zindanında ən kiçik məhbusun başına gələnlər

2003-ci ildə amerikalı əsgərlərin işğal altında olan İraqda yerləşən "Əbu Qreyb" həbsxanasında tətbiq etdikləri işgəncələr, uzun illər keçməsinə baxmayaraq hələ də danışılır. "Əbu Qreyb" həbsxanasında məhkum olmuş Əlinin xarici mətbuata verdiyi müsahibəsi:

"Əbu Qreyb" həbsxanasının ən gənc məhbusu olan Əli, bir zamanlar ədəbiyyatçı olmaq istəyirdi, amma ABŞ işğalı onun xəyallarını qısa zamanda kabusa çevirmişdi. ABŞ-ın İraq işğalı bir çoxunun normal davam edən həyatını dəyişdirdi və geriyə minlərlə acı həyat hekayəsi qaldı. İraqda yaşanmış ən dəhşətli hadisələr heç şübəsiz ki, "Əbu Qreyb"-də yaşandı. "Əbu Qreyb"-də nələrin baş verdiyini göstərən şəkillər mediaya sızandan sonra dünya şoka düşmüşdü. "Əbu Qreyb" həbsxanasının ən gənc məhbusu Əli Semarri, ölkəsində yaşanan acılardan öz nəsibini almışdı.

Basqın gecəsi

Tikrit şəhərində doğulan Əli, ABŞ işğalından əvvəl ailəsi ilə birlikdə İraqın Samarra şəhərində yaşayırdı. Əlinin atası İraqda yetərincə tanınan alimlərdən biri idi. Atası Əlinin gələcəkdə alim olmasını istəyirdi. Əli isə ədəbiyyat fakultəsinə daxil olaraq gələcəkdə məşhur bir yazar olmağı düşünürdü. Əli 4 ay sonra baş tutacaq imtahanlara hazırlaşırdı. Lakin Əlinin ailəsinin yaşadığı evə gecə vaxtı basqın edildi. Əlinin arzuları o gecədən sonra bir kabusa çevrildi.

Əli basqın gecəsini belə xatırlayır: “ABŞ əsgərləri evimizə girdikləri zaman hamımız yatmışdıq. Saat 4 idi. Əvvəlcə şiddətli bir səs eşitdim. Kimsə qapımızı qırırdı. Mən və atam nə baş verdiyini anlamaq üçün çölə çıxdıq. Çölə çıxar-çıxmaz qarşımızda əsgərləri gördük. Əsgərlər silahı üstümüzə tutdular və yerə uzanmağımızı əmr etdilər. Anam və bacılarım atamı buraxmaları üçün yalvardılar. Əsgərlər əllərimizi bağladılar və başımıza çuval keçirtdilər. Daha sonra məni, atamı və böyük qardaşımı bir avtomobilə mindirdilər."

İlk sorğu

Əlini əvvəlcə İraq və ABŞ əsgərləri tərəfindən istifadə edilən Samarradakı bir polis mərkəzinə götürdülər. 2 gün boyunca başından çuvalın çıxarılmadığını bildirən Əli, hekayəsinə belə davam edir: “2 gün boyunca su içmədim. Yemək də verilmədi mənə. Başımda çuval var idi. Üzünü görmədiyim insanlar mənə bağırırdılar. Olduğumuz yer çox soyuq idi. Mənim üzərimdə sadəcə pijamalarım var idi. Yerdə yatmaq məcburiyyətində idik və çox üşüyürdüm. ABŞ əsgərləri içərisində kürd peşmərgələr də var idi . Peşmərgələr öz aralarında bəzən kürtcə, bəzən də ərəbcə danışırdılar. Daha sonra məni sorğu otağına apardılar. ABŞ əsgərləri mənə atamla bağlı suallar verdilər. Mənim isə heç bir şeydən xəbərim yox idi. Əsgərlər mənə inanmırdı. "Heç nə bilmirəm" dedikcə məni döyürdülər. 2 saata yaxın məndən ifadə alındı və işgəncə gördüm"

Əli və digərləri 2 gün Samarradakı polis mərkəzində saxlandıqdan sonra təkrar yük avtomobillərinə doldurularaq Tikrit şəhərinə aparıldılar. Əli və digərləri Tikrit şəhərindəki "El Müseyyeç" adlanan qapalı bir yerə gətirildilər. 9 gün burda qalan Əli, daha sonra "Əbu Qreyb" həbsxanasına aparıldı. "Əbu Qreyb"-də yaşadığı günləri danışan Əli, həbsxanaya girər-girməz üstündəki paltarların çıxarıldığını bildirdi: "Üzərimizdə heç nə yox idi. Çox utancverici biz vəziyyət idi. Bir-birimizi görməmək üçün üzümüzü divara çevirdik. 1 gün boyunca çılpaq vəziyyətdə qaldıq. Daha sonra bizə məhkum paltarları verildi. Hər gün 1 saat boyunca mənə suallar verilirdi. Bədənimin müxtəlif yerlərinə cərəyan verirdilər. Mənə ABŞ əsgərlərinə qarşı mübarizə aparan "müqavimət hərəkatı"nın üzvləri ilə bağlı suallar verirdilər. Mən isə heç nə bilmirdim. Suallara doğru cavab verməsəm atamı öldürəcəklərini və "Əbu Qreyb"dən çıxa bilməyəcəyimi bildirdilər."

Əlinin dediyinə görə ABŞ əsgərləri işgəncə üçün İraq əsgərlərindən istifadə edirdi. Yəni, məhkumlara işgəncə verənlər arasında iraqlı əsgərlər də var idi. Əli baş verənləri belə davam edir: "Sualları ABŞ əsgərləri verirdi. İşgəncəni isə İraq əsgərləri. Yaşım az olduğu üçün məni qadın məhkumların olduğu blokda kiçik bir kameraya qoydular. Oradakı qadınlar daha çox "müqavimət hərəkatı"na dəstək verənlər və ya onların yaxınları idilər. Təxminən 8 və ya 9 qadın var idi. Qadınların arasında Səddamın yaxın adamlarından olan İzzəd əd-Durinin ailəsindən olan bir qadın da var idi. O qadına İzzəd əd-Durinin yerini öyrənmək üçün hər gün işgəncə verirdilər. Qadın hər dəfə kamerasına qayıtdıqda saatlarla ağlayırdı və ABŞ əsgərlərinə söyürdü. Qadınlara qarşı edilənlər mənə pis təsir edirdi. 4 ay boyunca bu davam etdi. Qadınlar hər cür işgəncəyə məruz qalırdılar. Bu günlərin həmişə davam edəcəyini düşünürdüm. Amma 4 ay sonra heç gözləmədiyim bir anda məni sərbəst buraxdılar. Məndən 1 ay sonra qardaşım, 14 ay sonra isə atamı buraxdılar. Orada qaldığım 4 ay boyunca onları heç vaxt görmədim"

"Əbu Qreyb"dən çıxan Əli, təhsilini davam etdirdi, amma imtahanlar artıq keçirilmişdi. O, növbəti imtahanlar üçün hazırlaşmağa başladı. Lakin Əli bu dəfə də kamikadzelərin qurbanı oldu. Özünü partladan şəxs 2 iraqlının həyatına son qoymuşdu. Əli isə yaralanmışdı. Əli sol qolundan və ayağından yaralanmışdı. Həmin anları Əli belə xatırlayır: "Küçədə gedərkən partlayış səsi eşitdim. Çox böyük bir partlayış idi. Yaralılara doğru qaçmağa başladım. 2 və ya 3 addım atdıqdan sonra daha bir partlayış oldu. Həmin an əlimdən və ayağımdan qan axdığını gördüm. Məni də yaralılarla birlikdə xəstəxanaya apardılar. 1 həftə xəstəxanada qaldım. Daha sonra Bağdadda 2 dəfə əməliyyat olundum. Amma əlim və ayağım düzəlmədi. İndi də sol əlim və ayağımdan normal istifadə edə bilmirəm. İşğal hamımızı, bütün iraqlıları məhv etdi. Bir neçə gün öncə qəzet oxuyarkən prezident Obamanın "Bu ilin sonuna kimi əsgərlərimizi İraqdan çıxaracayıq" başlıqlı yazını oxudum. Düşünürəm ki, ABŞ əsgərlərinin İraqdan çıxaran Obama, ABŞ-da bir çoxları tərəfindən alqışlanacaq. İraqlı Əli və onun kimilərin yaşadığı acıları, ABŞ işğalının məhv etdiyi həyatları isə bəzi şəxslərdən başqa heç kim xatırlamayacaq. ABŞ oyunu yenə öz qoyduğu qaydalara uyğun oynayır. İşğal edərkən və işğal etdiyi torpaqlardan çıxarkən dünyanın onu alqışlaması üçün yazdığı ssenarini ən yüksək səviyyədə hazırlayır. İnsan isə hər zamanki kimi yaşadığı acıları tez unudur. Əli və milyonlarla iraqlı isə işğalın gətirdiyi faciələri heç vaxt unutmayacaqlar."/Bizimyol/
920 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı