Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Ticarət mərkəzlərində bahalaşma anonsu

“Sədərək”, “Binə” və “Karvansaray”da bir gecənin içində müflis olanlar var; manata görə qiymətlərin müvəqqəti ucuzluğu izdiham yaradıb, gələn həftədən isə bahalaşma qaçılmazdırPaytaxtın “Sədərək” bazarında həftəsonu canlanma müşahidə olunurdu. Hələ ki ticarət mərkəzində köhnə qiymətlər qüvvədədir. Gələn həftədən etibarən isə manatın kursunda edilən dəyişikliyə görə qiymətlər bahalaşacaq. 

Sahibkarlar belə danışırlar. Onların sözlərinə görə, əldə qalan malları köhnə tariflə satıb yekunlaşdırandan sonra yeni qiymət cədvəli müəyyən olunacaq. Manatın devalvasiyası ucbatından bir gecənin içində külli miqdarda zərər edən ticarətçilər deyirlər ki, qiymət artımından savayı çarə qalmayıb. Xaricdən gətirilən malların bahalaşacağını söyləyən ticarətçilər qeyri-ixtiyarı olaraq “Sədərək”də qiymətlərin qalxacağını qeyd edirlər. 

Bu vəziyyətin onların iradəsindən asılı olmadığını deyən sahibkarlar gözləyirlər ki, dollar azca ucuzlaşsın. Onlar bildirirlər ki, bazar günü olduğuna görə yarmarkada adam nisbətən çoxdur. Adi günlərdə müştəri qıtlığı hökm sürür. Hazırda yer haqları qalxmayıb. 

Ticarət mərkəzinin sahibi manatın ucuzlaşmasını nəzərə alaraq ticarətçilərə müvəqqəti güzəşt edib. Ona görə də qiymətlər xeyli dərəcədə ucuzdur. İstər məişət əşyaları, istər geyim olsun, qiymətlər çox münasibdir. Son xəbər isə ondan ibarətdir ki, sahibkarlar bahalaşma dalğasına hazırlaşır. Bu malları əldən çıxarandan sonra yeni məhsulların qiymətinə uyğun olaraq tariflər dəyişəcək.

Ev əşyaları satan Müslüm deyir ki, hər kəs ucuzlaşma xəbərini eşidərək axın edib: “Əlimizdə qalan nə varsa su qiymətinə satırıq. Camaat bu fürsətdən istifadə edir. Sonra gec olacaq. Təzə qiymətlə bu qabı indi 14 manata satıramsa, 18-20 manata satacam”. 

Qadın çantası satan satıcı isə 25 manata təklif etdiyi malın gələn həftədən 35 manat olacağını deyir: “Biz çox ziyan elədik. Mənim 2 min manatım batdı. Banklar əvvəldən bilirdi ki, nə olacaq, ona da hazırlaşmışdılar. Bizə xəbərdarlıq olunmadı ki, manat düşə bilər. Bir də səhər eşitdik ki, qərar veriblər. Məcbursan malı ucuz satasan”. 

Kürk satanların isə alveri ölməkdədir. Bu, təkcə böhranlı vəziyyətlə əlaqələndirilmir. Yaz fəslinin gəlməsi artıq şuba alıcılarının sayına kəskin surətdə təsir edib. “Karolina valiant”la yanaşı keyfiyyətcə ondan geri qalan “Kraliça” adlı mağaza kürkləri bayıra çıxarıb satır. Müştəri cəlb etmək üçün daha münasibt qiymətlər təklif edirlər. Satıcıların sözlərinə görə, indi əldə nə varsa dəyər-dəyməz qiymətinə satmaq zamanıdır.

“Qardaş, səhər oyandım gəldim işə. Uşaqlar dedi ki, manat ölüb, dollar qalxıb. Elə bil başıma qaynar su tökdülər. Bax bir dəqiqə içində hesabladım 6 min manat ziyan eləmişəm. Bizə olan heç kimə olmadı. İndi gözümüzü dikmişik ki, bu malları sataq, əldən çıxsın. Sonra təzə partiya mal gələcək, görək onda necə olacaq. Ancaq sizə deyim ki, gedin, nə qədər ucuzdur alın. Sonra hər şey qalxacaq,”-deyə qış geyimləri satıcısı Vüsal belə deyir.

Onu da deyək ki, Rusiyadan gətirilən malların alıcılıq qabiliyyəti aşağı düşüb deyə yarmarka daha da böhrana girib. Oxşar situasiya yaxınlıqdakı “Binə” ticarət mərkəzində də yaşanır. Habelə Lökbatanda “Karvansaray” bazarında analoji vəziyyət hökm sürür. 

Onların sözlərinə görə, Dağıstandan müştəriləri daha çox olurdu, indi onlar Moskvaya yönəliblər. Onu da bildirək ki, Bakı bazarlarında yaranmış durğunluq “Diqlas” və “Lotos”dan da yan keçməyib. 8-ci kilometr qəsəbəsi ərazisində yerləşən hər iki ticarət mərkəzində alıcılıq qabiliyyəti aşağı düşüb. Vəziyyətin pisləşməsi endirim kampaniyaları başlatmağa səbəb olub. 
2014-cü ilin əvvəlində Bakı Metropolitenində Tağı Əhmədov erası bitəndə yüzlərlə xırda ticarətçi işsiz qaldı. Onları islahat adı ilə metro keçidlərindən qovdular.

Ticarət mərkəzlərinin zirzəmisində yerləşən qarajların təyinatı çevik şəkildə dəyişdirildi, orada piştaxtalar quraşdırıldı. İndi onların da işi ölüb./musavat/






1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34
Həsən R