Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2015

Uşaqlar Rusiyada, kişilər bazarda…

Rusiya və Gürcüstanla həmsərhəd olan Balakən rayonundayam. Mərkəzi küçə boyunca gedib Heydər Əliyev adına mədəniyyət və istirahət parkına gəlib çatıram. Günün günorta çağı olmasına baxmayaraq 93 min əhalisi olan deyilən rayonun küçə və parklarında tək-tük insan görmək olurdu. Bəs onlar hardadırlar? Bu və başqa suallarımıza hazırlayacağımız reportajda cavab tapmağa çalışdıq.
Qarşılaşdığımız sakinlərə yaxınlaşaraq onlara özümü təqdim edib, rayon əhalisinin sosial-iqtisadi vəziyyəti, məşğuliyyətləri və Balakəndə təhsilin səviyyəsi ilə bağlı suallarımı ünvanladım. Qadınlar əsaslandırmadan danışmaqdan imtina etdilər, kişilərin əksəriyyəti isə "mənim danışmaq qabiliyyətim yoxdur" deyərək müsahibə vermədilər.

Balakənli taksi sürücüsü bu rayon haqqında nə dedi?

Həmsöhbət olduğumuz taksi sürücüsü problemlərin müzakirə olunduğu yerin bazar olduğunu bildirdi. Yolumuzu bazar tərəfə saldım. Yolda sərnişini olduğum taksinin sürücüsü ilə söhbətləşdik.
"Balakən əhalisi əsasən kənd təsərrüfatı ilə məşğuldur. Torpaq və iqlim şəraitinə uyğun olaraq burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçilik geniş yayılıb. Əhali həmçinin heyvandarlıqla məşğuldur. Ölkənin başqa rayonlarının təhsil sahəsində olan problemləri burada da var. Məktəblərin əksəriyyəti sovet dövründən qalmadır.

Müəllimlərin çoxu yaşlıdır və onlar şagirdlərə dərs keçməyə həvəsli, maraqlı deyillər. Əksər ixtisaslar üzrə müəllim qıtlığı da var. Müəllimlər hesab edir ki, övladını oxutdurmaq istəyən valideyn onu repetitor yanında hazırlığa yollayacaq.

Sosial vəziyyəti ağır olan valideynlər məktəbli övladlarının əməyindən istifadə edirlər. Oğlanların əksəriyyəti həddi-buluğa çatandan sonra Rusiyanın bazarlarına üz tuturlar. Hava soyuyanda məktəbdə dərsə davamiyyət daha da zəifləyir. Əksər məktəblərin binası və yolları yağışlı-qarlı havalara uyğun deyil"-deyə təqaüdçü, taksi sürücüsü Elmidar Ağayev bildirdi.
Onun sözlərinə görə, əhali taksi xidmətindən daha çox yük daşımaq üçün istifadə edir: "Taksidən ucqar kəndlərə, həmçinin Zaqatalaya və Bakıya getmək üçün istifadə edirlər.
İnsanlar "Vaz 2107" avtomobili ilə yük də daşıyır. Biz buna etiraz edə bilmirik. Belə ki, rayon əhalisi yük olmadan taksidən az hallarda istifadə edir. Ya da xəstəsi, xeyir-şər işi olanda bizə müraciət edirlər. Xidmət haqqı yüksək deyil. Elə gün olur ki, çörək pulu belə qazanmırıq. Kənd yolları yağışlı-qarlı havada keçilməz olur. Biz qazandığımız 1-2 manatı da bəzi hallarda elə maşına xərcləyirik. Axı sürdüyümüz köhnə maşınlardı".

"Demək olar ki, balakənlilərin hamısı alverlə məşğuldur"

"Balakən-Bazar"ASC-yə çatdıq. Bazarın girişində taksi sürücülərinə, polislərə və dilənçilərə rast gəldik. Müşahidə etdim ki, kənd təsərrüfatı məhsulları, tikinti materialları və geyim məhsulları bir bazarda satılır. Bazarda alıcıdan çox satıcı var idi. Burada kənd təsərrüfatı məhsullarının satışı üstünlük təşkil edir.
Söhbət etdiyimiz alverçilər təsdiqlədilər ki, bazarda alıcı qıtlığı var. Buna baxmayaraq son zamanlar məhsulların qiymətində artım müşahidə olunur. Onlar qiymət artımını Bakı bazarlarındakı bahalaşma ilə əlaqələndirdilər. Satıcılar xaricdən gətirilən məhsullarda qiymət artımının davam edəcəyini də proqnozlaşdırdılar. Bunun da yerli məhsulların qiymətinə təsir edəcəyini istisna etmədilər.
"Demək olar ki, balakənlilərin hamısı alverlə məşğuldur. Kəndlilərin çox hissəsi məhsulunu ya satır, ya da ehtiyacı olduğu başqa məhsula dəyişir",-deyə satıcı Cuma Cumayev bildirdi.
Satıcılarla söhbət zamanı öyrəndik ki, bazarda daha çox qida məhsullarına tələbat var. Pal-paltar əsasən yaz və payız mövsümlərinin və yeni tədris ilinin başlanğıcında alınır. Mənzil-məişət əşyaları toyların çoxluq təşkil etdiyi yaz-yay fəsillərində alınır.

Bu rayonda internet istifadəçiləri azdır, onlar da...

Söhbət zamanı məlum oldu ki, balakənlilərin az hissəsi internetdən istifadə edir. Rayonda internet klublarının sayı olduqca azdır. Məktəblərdə və evlərdə demək olar ki, kompüterlərə nadir hallarda rast gəlmək olar. İnternetə mobil telefonlar vasitəsi ilə daxil olanlar çoxluq təşkil edir ki, onlar da əsasən sosial şəbəkə istifadəçiləridir. Özüm də şahidi oldum ki, Balakəndə internetin sürəti çox zəifdir. Hətta günün müxtəlif saatlarında internetə giriş mümkünsüz olur.

"Bu pulu mənə toy edən bəylər də verməyib"

Sakinlər işsizliklə yanaşı, kanalizasiya və içməli su problemindən də şikayətləndilər. Onların əksəriyyəti qonşu ölkələrə-Rusiyaya və Gürcüstana tez-tez səfərlər edirlər. Bu ölkələrlə ticarət əlaqələri yaradıblar.

Həmsöhbətlərimin danışığından məlum oldu ki, bu rayonun orta məktəblərindən oğlanlardan çox qızlar ali məktəblərə qəbul olurlar. Onlar buna səbəb kimi məktəbli oğlanların işləməsini əsas göstərdilər.

36 ilin saç ustası olduğunu deyən Qüdrət Telliyev də müştəri azlığından şikayətləndi. Onun sözlərinə görə, müştərilərin az olması və onların xidmət haqqı üçün etdikləri ödənişin miqdarının böyük olmaması səbəbindən nə bərbərxananı təmir etdirə bilir, nə də müasir avadanlıqlar ala bilir.
Qocaman ustanın dedikləri bir halda da öz təsdiqini tapdı. Deməli, mən ona saçımı düzəltdirdim. Xidmət haqqı olaraq 5 manat verdikdə, o gah pula, gah da mənə baxdı. Mənim qalıq pul gözlədiyimi düşündüyü halda mən sağollaşdım. O, uşaq kimi sevinərək əlimi sıxdı. Gülərək dedi: "Bu pulu mənə toy edən bəylər də verməyib"./bizimyol/
872 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber