Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

Sən mitinqə mütləq gəlməlisən!

Çünki, bu ədalətsizlikdən ən çox əziyyət çəkən sənsən

Milli Şura martın 15-də “Talana son” şüarı ilə mitinq keçirmək qərarı verdi. Təbii ki, mövcud hakimiyyətin bütün dönəmlərində mitinq keçirmək, etiraz etmək zəruri olub. Çünki, aparılan siyasət millətin və dövlətin mənafeyinə zidd olub. Nəticədə varlı ölkənin dilənçi vətəndaşı meydana çıxıb. Son günlər baş verənlər isə vətəndaşı aldatmağın, vətəndaşa hörmət etməməyin açıq etirafı oldu.
Belə ki, ağır vəziyyətdə olan vətəndaş süni qiymət artımı ilə üzləşdi, banklardakı əmanətləri zərbə aldı, kütləvi ixtisarlar başladı və bu neqativ tendensiya davam etməkdədir. Hansıki, ölkə başçısından tutmuş, aşağı məmur təbəqəsinə qədər hər kəs “qiymətlər qalxmayacaq, manat sabit qalacaq, böhran bizə təsir etməyəcək” vədi verirdilər. Nəticə isə göz önündədir. Deməli, bu mitinqə Milli Şuradan daha çox sıravi vətəndaşın ehtiyacı var. Yəni, bu mitinqə gəlməmək Milli Şuranın çağırışına etinasız münasibət yox, öz taleyinizə biganə münasibət olacaq.
- Ey banka əmanət qoyub, mənfəət gözləyən vətəndaş bu mitinqə sən gəlməlisən. Çünki, bir günün içində ümidlərin məhv edildi, nəinki mənfəət faizlərini qazanmadın, həm də maddi olaraq zərər etdin. Hansıki, mərkəzi bankın açıqlamasına görə yanvar ayında bütün banklar mənfəətlə işləyib. Deməli, məmur nəzarətində olan banklar öz xeyirindən imtina etməyib. Əvəzində bütün zərərləri sadə vətəndaşa ödədirlər. Üstəlik manatın daha da ucuzlaşması proqnozlaşdırılır. Deməli, sən hələ itirməkdə davam edəcəksən. Sən bu mitinqə gəlməlisən və sənə dəymiş ziyanın kompensasiyasını tələb etməlisən. Yoxsa, susqunluğundan “ilhamlanıb” səni daha çox qarət edəcəklər.
- Ey bayram süfrəsi açmağın dərdi ilə yüklənmiş Azərbaycan kişisi, sən bu mitinqə gəlməlisən. Çünki, sənin ciblərin bazardakı qiymətlərlə tərs mütənasibdir. Çünki, satışa çıxarılmış bu məhsullar iri məmurların monopoliyasındadır və ən yüksək qiymətlə səni təhdid edirlər. Hansıki, o nemətlərdən dadmağa sənin də, ailənin də haqqı var. Amma Azərbaycanı şəxsi mülkinə çevirənlər sənə qiymət qoymadıqları üçün, səni qiymətlə sınağa çəkirlər. Bu mitinqə gəl və bahalaşmaya etiraz et. Yoxsa, harın məmurların mühasirəyə aldığı nemətlərə uzaqdan baxmağa davam edəcəksən.
- Ey övladını ağır şərtlər daxilində oxutduran valideyn, sən bu mitinqə mütləq gəlməlisən. Çünki, Azərbaycanda dövlət universitetlərinin 60 faizindən artığı ödənişli əsaslarla fəaliyyət göstərir və təhsil haqları fantastik dərəcədə yüksəkdi. 200-300 manat maaş qarşılığında, 3000-4000 manat təhsil haqqı ödəməyin əziyyətini təsəvvür etmək çətin deyil. Hakimiyyəti zəbt edənlər daha çox qazansınlar deyə, sənin övladın təhsilsiz qalmalıdır? Çünki, indiki şərtlər daxilində bu pulu ödəmək mümkünsüzləşib. Hansıki, təhsil haqlarını endirmək, dövlət universitetlərində ödənişləri ləğv etmək, tələbə kreditləri vermək mümkündür. Azərbaycanda isə ən aşağı təhsilin qarşılığında, ən yuxarı təhsil haqqı alırlar. Yəni, bu gedişlə əziyyət çəkib oxutduğun övladın təhsil haqqını vermədiyin üçün universitetdən kənarlaşdırıla bilər. Mitinqə gəl, haqqını tələb et və acgöz hakimiyyətə kölə olmadığını bildir. Yoxsa, övladlarının təhsilsiz qalmasında sən də günahkar olacaqsan
- Ey hörməti ayaqlar altına atılmış müəllim və həkimlər siz də bu mitinqə gəlməlisiniz. Çünki, sizi 150-200 manatın girovuna çevirib, sizin vasitənizlə seçkiləri saxtalaşdırıb, ucuzlaşdırırılar. Gözünüzü açın, dünyaya baxın. Müəllim, həkim bütün ölkələrdə ən hörmətli təbəqə sayılır. Mitinqə gəlin və özünüzə dəyər verdiyinizi sübut edin.
- Ey gecə-gündüz yollarda yaşayan sürücülər, bu mitinqə siz gəlməlisiniz. Çünki, sizin əziyyətinizin bəhrəsini harın məmurlar görür. Qeyri-rəsmi ödənişlər etməyə məcbur olursunuz. Üstəlik, avtomobil ehtiyyat hissələrinin, avtomobil təmirinin qiyməti artır. Yəqin ki, yanacağın qiyməti də növbəti dəfə artacaq. Və həyatını təhlükə altına qoyub, evinə çörək aparmaq istəyən Sizlər, qazancınızı yollarda qoyacaqsınız. Nəqliyyat qoçularının kobud əməllərinə, bahalaşmaya siz də etiraz edin.
- Ey sağlamlıq üçün ölkə xaricinə üz tutan vətəndaş bu mitinqə sən də gəlməlisən. Sənin xəstəliyindən istifadə edib, monopoliyada saxladığı dərman peraparatlarının qiymətini qaldıran oliqarxlara etiraz et. Səhiyyəni bu vəziyyətə salan hakimiyyətə iradını çatdır.
- Ey həyatının baharını yaşayan gənc dost, sən də bu mitinqə gəlməlisən. Çünki, bu siyasətlə, bu idarəetmə il səni təminatlı gələcək gözləmir. Sən bu hakimiyyətin sayəsində ali təhsilli fəhlə olmağa məhkumsan. Sən gəncliyini yaşamadan qocalmağa təhrik edilmisən. Bu ölkənin sərvətləri həm də sənə məxsusdur, amma sən bu sərvətlərdən məhrum edilmisən. Mitinqə gəl və gəncliyini mənalı keçirməkdə, gələcəyə uğurlu addımlar atmaqda israrlı olduğunu göstər.
Bir sözlə, hamınız bu mitinqə gəlin və ölkənizin, həyatınızın, arzularınızın talanına son qoyulmasını tələb edin. Çünki, siz bu ölkənin vətəndaşısınız və hakimiyyət sizinlə hesablaşmalıdır./azadlıq/
884 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:17
Lavrov: