Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

Əlinin papağı Vəlidə...

Bir aydan çoxdur kimi dindirirəmsə eyni şeyi deyir. Adını çəkmək istəmədiyim birinin dar gündə də olsa özünü çox ləyaqətlə apardığını deyirlər. Deməklə qalmırlar, bu fikirlərinin üstündə dayanıb, mübahisə edirlər. Məsələn, bildirirlər ki, bir çox mənəm-mənəm deyənlərdən fərqli olaraq, türməyə düşsə də, sınmadı, məhkəməyə çıxıb ağlamadı, sısqamadı, hökuməti ifşa eləmədi. Bir sözlə, özünü çox ağıllı apardı...

Bəli, ifadə məhz bu cürdür - ağıllı... Azərbaycanda ağıllı olmaq söz birləşməsinin altında çoxbilmişlik, siyasət işlətmək, hətta və hətta “kimi atım, qabağa düşüm” məntiqi gizlənir. Əgər sən bütün bunları edə bilirsənsə, ağıllısan. O məşhur söhbəti bilirsiz yəqin. Bir gün Azərbaycanda yaşayan balaca uşağa “böyüyəndə nəçi olacaqsan” deyə klişe sualı verirlər. Qayıdıb deyir ki, “əclaf”. Cavabdan şoka düşmüş böyüklər bu arzunun səbəbini soruşanda cavab orijinal olur: “Atam hər dəfə bahalı maşınları, villaları görəndə deyir ki, bu filankəs əclafındır. Mən də istəyirəm, əclaf olum və hər şeyim olsun”

Azərbaycanda türmədən çıxıb onu türməyə salanlara təşəkkür etmək ağıllılıqdır, vaxtilə eyni cinahda dayandığı adamları satıb, “o biri tərəfə” əyilmək işini bilmək sayılır. Haqqın yolunu tapmaq azərbaycanlıların təbirincə, baş kəsmək, kiminsə cibinə girməkdir. Bu yaxınlarda Bakıdakı xəstəxanalardan birində xəstə həkimin cibinə guya pul basıbmış, həkim də süni şəkildə etiraz edib, dartınıb-filan. Xəstə gedəndən sonra həkim baxıb ki, sən demə, bu çoxbilmiş cibində olub-qalanı da götürüblər. Yəni, bu israrla cibə pul qoyma cəhdi əslində ordakı “xəzinə”ni soymaq cəhdiymiş və uğurla nəticələnib. İndi bu hadisəni kimə danışsan, ləzzətlə güləcək. Deyəcək ki, “halal olsun o xəstəyə. Dinsizin öhdəsindən imansız gələr, oğrudan oğruya halaldır” və sair. Amma bir Allahın bəndəsi deməyəcək ki, bax, bu haramdır, oğurluqdur. Oğru da pisdir, oğrudan da oğurluq da edən pisdir.
Azərbaycanda dəyərlərin yeri o qədər dəyişib ki. Rüşvət almayana “Cəbiş müəllim olmusan başımıza” deyib, rişxənd edilən dövrə gəlib çıxmışıq. Qonşuluqda adını jurnalist qoyan bir-iki adamcığaz var. Bütün ətraf bizdən çox ona jurnalist deyir. Niyə? Çünki adam hansısa idarənin qapısını ayağı ilə açması barədə qonum-qonşu yanında fəxrlə danışırmış. Məndən də bir-iki dəfə “idarələrə gedib, müdirlərdən haqq istəyirsənmi” deyə soruşdular, gözüm bərəldi, az qaldım dilimi udum qorxudan. Elə bu acizliyimi görüb dedilər ki, bəs səndən jurnalist çıxmaz. Bəs bilirsənmi ki, o filan qonşunun kimlərlə şəkilləri var, hansı adamlarla bir məclisdə oturur-filan... Hansısa müdirin qapısını ayağınla vurub aça bilmirsənsə sən jurnalist sayılmırsan bu ölkədə...

Dəyərlər, bax, bu qədər yer dəyişib... Əlinin papağını Vəliyə, Vəlininkini Əliyə qoymaqla keçir günümüz. Bu durumdan isə nə Əli şikayətçidir, nə də Vəli...

Sevinc Telmanqızı/musavat
1846 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55