Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

Nəqliyyat Nazirliyi Lerikin yollarında milyonları necə dağıdır?

Nazirliyin genişləndirmə adı ilə gördüyü işlər daha çox mənimsəməyə oxşayır, rayona gedən yol bağlanma təhlükəsi ilə üzləşib 


Ötən günlərdə məlumat vermişdik ki, Lənkəran-Lerik yolunda vəziyyət bərbaddır. Qar və yağış yağdıqdan sonra keçilməz hala düşən yolların bir yeni qənimi də peyda olub. Bu dəfəki qənim Nəqliyyat Nazirliyidir. 

Belə ki, Lənkəran-Lerik yolunun genişləndirilməsi, habelə yolun müəyyən hissələrində mütəmadi olaraq baş verən torpaq sürüşmələrinin qarşısını almaq üçün təhkim olunmuş bu nazirliyin nümayəndələri əslində, pul qazanmaqla məşğuldurlar. Məsələn, yolları genişləndirən zaman oradan çıxan torpaq maşınlara yüklənərək, «İpək Yolu»nun çəkilişində istifadə olunur. Aydın məsələdir ki, iri yük maşınlarında daşınan həmin torpağına görə pul ayrılır və xərclər yazılır. NN-in «siyahısın»da bu işlərin qiymətinin nə qədər olduğu məlum deyil. Görünən isə odur ki, qos-qoca nazirlik deyəsən topaq alverinə girişib. 

NN Lənkəran-Lerik yolundakı sürüşmə zonalarının da aradan qaldırılması üçün illərdir «tədbir» görür. Məsələn, həmin yolun 17-ci km-də mütəmadi olaraq sürüşmə halları baş verir. Bu problemi çözmək üçün 43 saylı Yol İstismar İdarəsi cəhdlər etsə də, bir nəticə hasil olmayıb. Səbəb isə onların bu problemi aradan qaldırmaq üçün işçi qüvvəsi və texnikasının lazımi səviyyədə olmamasıdır. Onların dediyinə görə, bu işləri NN kimi iri qurumlar etməlidir. 

Lakin NN dövlət büdcəsindən ayrılmış milyonlarla manatı yolların düzəlməsinə yox, insanların daha çox əziyyət çəkməsinə sərf edir. Belə ki, Lənkəran-Lerik yolunun genişləndirilməsi məqsədi ilə qazılmış dağın döşləri bərkidilmədiyindən yağış yağdıqda bütün palçığı yola çıxarır. Bu azmış kimi, bəzi yerlərdə güclü yağışdan sonra torpaq qatının altı boşaldığı üçün sürüşməyə məruz qalır. Halbuki genişləndirmə işləri aparıldıqdan sonra sürüşmənin qarşısını almaq üçün bəzi hissələrə beton divarlar çəkilməlidir ki, bu da edilməyib. 

Lənkəran-Lerik yolunun son durumu isə belədir: NN yolları yenidən qazmağa başlayıb. Təmir etmək yerinə qazdıqları çuxurlar olduğu kimi qalıb. Nəticədə, avtomobillərlə hərəkət etmək min bir müsbət hesabına başa gəlir. Üstəlik, yağış və qar suları yolun qazılmış hissələrini yuyaraq, lap keçilməzə çevirib. Belə ki, qar suları nəticəsində yuyulan torpaq qatı bütün yolları bağlayıb və sürüşkən hala gətirib. 

Qeyd edək ki, Lənkəran-Lerik yolunun təmir işlərinə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb. Və ayrılma prosesi hələ də davam edir. NN isə illərdir bu milyonları dağıdaraq, tutarlı bir iş görə bilmir. Leriklilər isə yay, qış, yaz, payız aylarında rahatlıqla gedib-gələ biləcəkləri yol istəyirlər. Onlar milyonlarla manatın NN tərəfindən bu şəkildə dağıdılmasına etiraz edərək, həmin pulla alternativ yolun çəkilməsini tələb edirlər. /jam.az/




1121 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19