Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2015

Leyla Yunus niyə azadlığa buraxılmır?

Hüquq müdafiəçisinin həbsindən 7 ay ötdü; politoloq hesab edir ki, SDİ rəhbərinin həbsdə saxlanılması Azərbaycan üçün baş ağrısıdır

Həbsdəki Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunusun həbsindən 7 ay ötdü. Hüquq müdafiəçisinin həbs müddəti daha 5 ay uzadılıb. Bu o, deməkdir ki, Leyla Yunusun məhkəməsi həbsinin 1 illiyində başlaya bilər.

Hazırda şəkər xəstəliyindən əziyyət çəkən SDİ rəhbərinin səhhətində ciddi problemlər var. Vəkillərinin dediyinə görə, onun sağlamlığı həyatı baxımından təhlükədədir. Bütün bunlara baxmayaraq, hüquq müdafiəçisinin azadlığa buraxılması istiqamətində heç bir addım atılmır.

Həbsdə olduğu son 7 ay ərzində Fransa və Almaniya prezidentləri də daxil olmaqla, dünyanın siyasi liderləri onun müdafiəsinə qalxıblar. Avropa Parlamenti Leyla Yunusun azad olunması tələbi ilə qətnamə qəbul edib. Dövlət Departamenti və ABŞ Konqresi Helsinki Komissiyası bəyanatla çıxış edərək, narahatlıqlarını bildiriblər.

ABŞ-da mühacirətdə yaşayan Arif Yunusun qardaşı Ramiz Yunus yaxınlarının həbsdə saxlanılması ilə bağlı Barak Obamaya müraciət edib. O, yaxınlarının azad olunması üçün ABŞ prezidentindən kömək istəyib.

Politoloq Natiq Miri hesab edir ki, Leyla Yunusun həbsdə saxlanılması Azərbaycan üçün baş ağrısına çevrilib: “Nəzərə almaq lazımdır ki, Leyla Yunus siyasi və vicdan məhbusu olaraq, dünya ictimaiyyəti tərəfindən tanınıb. Onun həbsdə saxlanılması Azərbaycanın daim baş ağrısına çevriləcək. Bu baxımdan prezidentin onu əfv etməsi dövlətimiz üçün xeyirli ola bilər. Leyla Yunus Azərbaycan dövləti üçün təhlükə törədəcək biri deyil. O, hakimiyyəti çox ciddi tənqid edirdi. Təbii ki, buna əsasları var idi. Ola bilsin ki, onun fəaliyyəti hakimiyyətdəkilərin bəzilərinin xoşuna gəlmirdi. Onun həbsdə keçən hər günü ölkəmizə problemlər yaradır”.

Politoloq bu cür həbslərin Qarabağ probleminin həllində də maneə yaratdığını söylədi: “Hətta onu qeyd edim ki, belə həbslər Dağlıq Qarabağ probleminin ədalətli həllində maneə yaradır. Bunu nəzərə almaq lazımdır. Bu gün Qarabağda yaşayan ermənilər üçün Azərbaycan cəlbedici nüvə rolunu oynamalıdır. Cəlbedici dövlət olmağımız üçün, mütləq liberal dəyərlərə hörmət edilməlidir. Demokratik dəyərlərə elə hörmət qoyulmalıdır ki, ermənilər seçim məsələsində Azərbaycana üstünlük versinlər. Avropa timsalında bu cür məsələlər belə həll olunur. Referendumlarda insanlar hansı ölkə cəlbedicidirsə, inkişaf edibsə, insan haqları qorunursa, ona səs verirlər”.

Natiq Miri Azərbaycanda barışıq zamanının olduğunu da qeyd etdi: “Regionda çox həssas proseslər gedir. Ölkəmizdə artıq barışıq zamanıdır. Ölkəmiz üçün hansı problemlərin olacağını proqnozlaşdırmaq olmur. Azərbaycanın bütöv cəmiyyət olmasına böyük ehtiyac var. Bunun üçün həbsdə olan bütün siyasi və vicdan məhbuslarının Novruz ərəfəsi azadlığa buraxılması doğru addım olardı. Cəmiyyətə barışıq mesajı ünvanlanardı. Bu da dialoq mühitini gücləndirərdi. Qapılar heç zaman bağlı olmalı deyil. Müxalifət və iqtidar taleyüklü məsələni müzakirə obyektinə çevirməyi bacarmalıdırlar. Nifrət Azərbaycana heç nə qazandıra bilməz. Sevgi hər şeyi qazandıra bilər. Bu günə qədər olanlar dünəndə qalmalı, bu gündən sabaha daşıyacağımız yalnız sevgi olmalıdır. Sevginin də simvolu təbii ki, əfv, bağışlamaq, güzəştə getmək, əl uzatmaqdır”. /musavat/
873 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber