Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2015

Yüz ilin “bir abbası” dəyəri...

Hökumət xalqa Məşədi Ibadın “bir abbası”ya işlədilən hambalı kimi baxır. Ölkədə nə hoqqa çıxsa, ayaq altda qalan o olur. Bütün böyük planların, dəbdəbəli layihələrin, bahalı tədbirlərin, iqtisadi sarsıntıların acısı gəlib onun canından çıxır. Insanlar xərc-borc, kredit, faiz içində itib-batır. Intiharlar cəmiyyətin bütün təbəqələri arasında yayıldıqca yayılır. Amma əsas odur ki, yayda beynəlxalq olimpiada keçirəcəyik. Aləm bura axışacaq, dünyanın gözü bizdə olacaq. Deyirlər, Bakı olimpiada tarixində görünməmiş şou-proqram hazırlayır əcnəbi qonaqlar üçün. Ona görə də, xərcimiz əvvəlki olimpiadalara ev sahibliyi etmiş ölkələrdən xeyli artıq çıxacaq. Çıxarı-çıxmazı bizi sayıb soran yoxdur təbii. Dərd orasındadır ki, o artıq xərc hara dönsə, gəlib biçarə xalqın canının çıxması bahasına çıxır. Neft-qaz ölkəsiyik, sərvət sarıdan bəxtimiz gətirib. Nə olsun, neylərəm o sərvəti ki, ondan hamıya bol-bol pay düşür, xalq haqqını istəyəndə də, “bir abbası” söhbətindəki kimi, başına qapaz vurulur...
Şübhəsiz, olimpiada böyük işdir, söhbət milyonlardan gedir. Yəni xalqın yuxusunda belə görmədiyi məbləğlərdən. Yazıq xalq isə Üzeyir bəyin yazdığı kimi, 100 ildir elə qəpik-quruşa hamballıq etməkdə qalır. Indiki zamanda həmin “abbası”nın dəyərini təxminən manat əvəz etdiyinə görə, xalqın əməyi də olsa-olsa manatla ölçülə bilər ancaq. Manatın başına gətirilən müsibətlərdən də xəbəriniz var. Illərdir milyardlar xərclənib dəyəri sabit saxlanan bu milli valyutamızı dollar bir günün içində necə vurdusa, kursu hələ də aşağı düşə-düşə gedir. Hələ dərdin böyüyü qarşıdadır anlaşılan. Mərkəzi Bank banklara məktub göndərib ki, bu ilin sonunadək açıq valyuta limitləri tətbiq edilməyəcək. Yəni banklar bundan sonra tam azaddır. Məzənnə ilə bağlı nə istəsələr, özləri bilərlər...
Uzun sözün qısası, illərdir bizim ölkənin gələcək durumu ilə bağlı çağırıb-bağırdığımız şeylər düz çıxır. “Regionun lider ölkəsinin analoqsuz inkişafı” ilə bağlı nağıllar boşa çıxır. Artıq ortada inkişaf-filan deyilən bir şey yox. Lakin bu gedişlə, analoqu görünməmiş bir iqtisadi fəlakətlə üz-üzə qalacağımız şəksizdir, Indiki halda, əsas iş əlləşib-çalışıb acınacaqlı nəticələr vəd edən o fəlakətin məngənəsindən xilas olmaqdır. Necə, hansı yollarla? Daha orasını biz deyə bilmərik. On illərdir hakimiyyətdən bərk-bərk yapışıb durmuş, iqtisadi tərəqqi haqqında dastan-dastan yalanlar uyduran hökumət papağını qarşısına qoyub düşünsün. Çünki bu yarıtmaz və qarmaqarışıq durumun yaranmasına görə məhz o məsuliyyət daşıyır. Məhz o israfçı layihələri, lazımsız infrastruktur tikintiləri, kimsəyə beş qəpiklik faydası dəyməyən görünməmiş dekorasiya xərcləri ilə bu iqtisadi fəlakətin sürətlənməsinə töhfə verib. Məntiqlə, bu töhfələrin acı nəticələrinə qatlanmaq da, elə onun üzərinə düşməlidir. Amma məntiqlə... Bu ölkədə məntiq adına bir şey qaldımı ki, görəsən?
Halımız necə olacaq? Indi çevrəmdə ən çox eşitdiyim sual budur. Bir yandan, “pis olacaq” deyib insanları depressiyaya salmağa qıymırsan, başqa yandan da, yaxşılığa doğru bir işıq ucu görünmür bu gedişlə. Əslində, bu sualın göndəriləcəyi ünvan başqadır. Illərdir qarətə, oğurluğa, talana, israfçılığa susan xalq indi hesab sorulacaq ünvanın hökumət olduğunu anlamalıdır, heç olmasa...

Səadət Cahangir /azadlıq
1666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10