Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2015

“Sovetski”də etirazların bir ili: aksiyalar da dayanıb, söküntü də...

Manatın devalvasiyasından sonra köçürülməyə fasilə verilib, bəs 180 milyon manat hara gedib?

“Sovetski”nin sökülməsinin başlamasından bir il ötdü. 2014-cü ilin fevralında aksiya keçirən köhnə məhəllə camaatı etirazları marta qədər davam etdirdi. Mart aksiyalarındakı həbslərdən sonra məhəllə sükuta qərq oldu.


Baş nazirin müavini Abid Şərifov isə sakinləri əmin etdi ki, kimsə evindən zorla çıxarıla bilməz. Ancaq təzminatın məbləğinin də dəyişməz olaraq qalacağını istisna etdi.

A.Şərifovun dediyi kimi də oldu - əhali mərhələli şəkildə köçürülməyə başlandı.
Füzuli, Şəmsi Bədəlbəyli küçələrində məcburi köçürülmə “Sovetski”də müşahidə edilmir. Hazırda kim mülkünü tərk edirsə, kvadratı 1500 manatdan kompensasiya alır, ev də bir gecənin içində sökülür. 

Bu proses bir il eyni templə davam etdi və indinin özündə də söküntü işləri astagəl gedir. Üstəgəl, manatın devalvasiyası, Avropa Oyunlarına hazırlıq da planlaşdırılmış işləri ləngidib. Məhəllənin sökülməsinin sürətləndirilməsinə maraq göstərilmir. Sakinlər öz növbəsində ən azı iyula qədər zaman olduğunu düşünürlər. 

Etirazların susqunluqla əvəzlənməsi iki səbəblə izah edilir. Birincisi, həbslər xof mühiti yaradıb, kimsə başını ağrıtmaq, əsasız yerə saxlanılmaq istəmir. Digər tərəfdən isə iddialar var ki, danışıqlar yolu ilə kvadratın sahəsini bir az artırıb rəsmiləşdirmək olur. Hər halda bu iddialar səslənir və nə dərəcədə həqiqət olduğunu söyləmək olmaz. 

O da var ki, 25 kvadratdan aşağı evlər 30 faiz təşkil edir. Bu mülklərin sahibləri üçün quş damı, balaca çayxanası varsa, o da hesablanır. 

Lakin sakinlərin sözlərinə görə, onların indiki şəraiti də sərf etmir. Əhali tezliklə bu köhnə məhəllədən üzülüşmək istəyir. Onsuz da darısqal küçələr, bir həyətdə 2 ev, komfortdan uzaq bir yaşayış sahəsi - artıq onları qane etmir. 

Doğrudur, şəhərin mərkəzi olması əlverişli fürsətdir. Ancaq mərkəzdə şəraitsizlik varsa, heç bir mahiyyəti qalmır. Ona görə də sakinlər hissə-hissə “Sovetski”ni tərk edirlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu proses hələ uzun zaman alacaq. Pulun azlığı və manatın düşməsi isə indi camaatı mürəkkəb bir seçim qarşısında qoyub. 

***
Ümumilikdə isə məhəllə hazırda xarabalığı xatırladır. Söküntü işləri su və kanalizasiya xətlərini yararsız vəziyyətə salıb. Sahibsiz küçə itləri də özlərinə məskən yaradıb. Dağılmış evlərin, yarımçıq sökülülərin yanında isə işığı yanan evlər görmək olar. Kimi gedib, kimi qalıb... 

Gedənlərdən əksəriyyəti kompensasiya ala bilib. Ancaq onların arasında hələ də pulunu bütöv şəkildə götürə bilməyənlərin olduğu söylənilir. 

Bu da büdcədə vəsait olmamağı ilə əsaslandırılıb. Amma problemin həllini tapacağı vurğulanır. Manatın dəyərdən düşməsi nəticəsində yaranmış ajiotaj bu pulların ödənişində yubanmaya səbəb olub. Sakinlər deyirlər ki, dolların qalxması ilə vəziyyət dəyişib. 
“İndi torpaq bahalaşıb. Heç bizə verilən 1500 manat kompensasiyanın də dəyəri artıq olmayacaq. Biz bu məsələdə daha çox ziyan elədik. Bəs necə olacaq? Oturmuşduq, sakit yaşayırdıq. Gəlib sökməyə başladılar. Yasamalda köhnə qəbiristanlıqda bir yer 70 mindir. Ölü yeri diri yerindən bahadır. 15-20 kvadratla hara gedək? Pulumuzu artırsınlar. Manat ucuzlaşıb, ev bahalaşıb, bu kompensasiya ilə hara getmək olar?” deyə, yerli sakin Nadir sual edir.

Qonşusu İlqar danışır ki, manatın ucuzlaşmasına qədər pulunu alıb köçənlər uddu, nəinki qalanlar. Onun sözlərinə görə, indi köçən də yoxdur, qalmaqla da vəziyyətin hara qədər inkişaf edəcəyi qaranlıqdır. İlqar ev bazarında bahalaşma olduğunu və “Sovetski” camaatının gözləmə mövqeyində dayandığını bildirir. Elə rəsmilər də işlərini bu səbəbdən zəiflədib. Hamı gözləyir.

Plana görə, Nəriman Nərimanov prospekti sökülür. Həmçinin, Bəşir Səfəroğlu, Vidadi, Mirzağa Əliyev, Murtuza Muxtarov, Abdulla Şaiq və Zərgərpalan küçələrinin adını qeyd etmək olar. Bakı merinin 12 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, söküntü ərazisinə düşən 10 min 500-dək yaşayış və qeyri-yaşayış sahəsi söküləcək. 

Sərəncamda Bakı şəhərinin Baş Planının icrası və yol infrastrukturunun təkmilləşdirilməsini təmin etmək nəzərdə tutulub. Məlumatda bu günə qədər 2300 ailənin köçürüldüyü və 2280 evin söküldüyü bildirilir. 

Onu da deyək ki, Köçürmə Komissiyasının sədri Səməd İslamov ötən ayın sonunda gedişatdan danışıb. Bildirib ki, qurum hazırda əsas diqqəti ölçü və inventarlaşdırma işlərinə yönəldib. O bunun səbəbini də açıqlayıb. Bildirib ki, ölçü və inventarlaşdırma işlərinin tam yekunlaşdırılması nəticəsində komplektləşdirilmiş sənəd olacaq. 

S.İslamovun bu açıqlamasından belə məlum olub ki, ən azı yaxın aylarda Komissiya vətəndaşlarla alqı-satqı əməliyyatlarına getməyəcək. İqtisadçı ekspert Rövşən Ağayevin isə məlumatına görə, 2015-ci ilin dövlət büdcəsindən “Sovetski”nin köçürülməsinə 180 milyon manat vəsait ayrılıb. /musavat/






1848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:53