Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2015

Bakı-2015: İnsanları həbsdə çürüdür, dünyanı qonaq edir

«Bakı kontrastlar şəhəridir. Fontanlarla bəzədilmiş gözəl parklar ətrafında palçıq və zir-zibilli torpaq sahələrinə rast gəlinir. Şüşə qüllələrdən baxanda təmir gedən küçələr görünür. Şəhərin mərkəzi dizayner mağazaları ilə doludur, ancaq aeroport yolu boyunca şəhər ətrafının çirkli və yoxsul mənzərəsi yol kənarında ucaldılmış hasarın o tayında qalır. Hara baxırsan, nəsə tikilir. Yol, bina, park, stadion». «International Business Times» portal «Amnesty International» hüquq-müdafiə təşkilatının Azərbaycan üzrə tədqiqatçısı Natalia Nozadze-nin yazısını dərc edib.

Müəllif Avropa Oyunlarına 100 gün qalmış Azərbaycanın ən sarsıdıcı ziddiyyətindən bəhs edir – hakimiyyət dünyaya müasir bir imicdə görünmək istəyir, ancaq səhnə arxasında reallıq başqadır. «Avropa Oyunları bu ölkə 1991-ci ildə müstəqilliyini yenidən qazanandan bəri üzləşdiyi ən pis repressiya ilində baş tutur. İyirmi iki vicdan məhbusu saxta ittihamlarla saxlanıb. Digərləri ölkədən qaçmağa, yaxud işindən əl çəkməyə məcbur olub», - müəllif yazır.

«Minlərlə atlet və qonaq qarşılamağa hazırlaşan şəhərin öz sakinlərinin mərkəzdə dinc toplantı keçirməsi qadağandır. Beynəlxalq qonaqlar üçün nəhəng stadionlar, otellər, konfrans zalları tikilir. Ancaq yerli fəallar görüşməyə və işləməyə yer, məkan axtarır».

Müəllif hüquq müdafiəçiləri İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, Anar Məmmədli, jurnalist Xədicə İsmayılovanın tənqidi baxışlarına görə cəzalandırıldığını vurğulayır:

«Azərbaycan atletlər üçün təhlükəsiz ölkə ola bilər, ancaq burada insan haqları və azad sözün müdafiəsi təhlükəli oyundur. Bu işdə önə çıxanlar təqib olunur, medal əvəzinə həbsxana cəzasıyla üzləşir».

«Həbslər və repressiyalar vətəndaş cəmiyyətini iflic edib, müzakirə və debatlara son qoyulub. Ancaq hökumətin tənqidçiləri sabitliyə təhlükə yaratmır, onlar, sadəcə, Azərbaycanın, prezident İlham Əliyevin də elan etdiyi kimi, hüquqlara hörmət qoyan ölkəyə çevrilməsinə çalışır».

«Hökumət gələcəyə baxanda lap ağlını itirir – neft gəlirləri 20 ilə bəs edəcək, qaz- 50 ilə. Sonra nə olacaq? Ukrayna böhranı başlanandan Rusiyanın neft və qaz bazarından daha təhlükəsiz mənbə istəyən beynəlxalq ictimaiyyət bu ölkədə insan haqlarına görə ağzına su alıb. Gənc fəal Turqutun fikrincə, Bakı-2015 dəyişiklik gətirə bilər. «Bu oyunlar səsimizin eşidilməsi, dünyanın diqqətini mübarizəmizə yönəltmək üçün sonuncu imkandır. Çünki sabah çox gec ola bilər» - Turqut deyir./azadliq.org/
795 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber