Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2015

Mitinq hazırlıqları yüksək səviyyədədir

«Hakimiyyət əhalinin 15 mart mitinqində kütləvi iştirak edəcəyindən narahat olub»

«Aksiyanın bahalaşmaya, qiymət artımına qarşı keçirilməsi ona marağı artırıb»

Milli Şuranın martın 15-nə təyin etdiyi aksiyaya hazırlıq davam edir. Sosial şəbəkələrdə aksiya ilə bağlı aparılan təbliğat böyük marağa səbəb olmaqla yanaşı, eyni zamanda hakimiyyətin yürütdüyü siyasət barədə vətəndaşları məlumatlandırıb. Milli Şuranın “Talana son” şüarı altında keçirəcəyi mitinq komitəsinin rəhbəri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı aksiyaya son hazırlıq işləri barədə qəzetimizə məlumat verdi.
F.Qəhrəmanlı bildirdi ki, hazırlıq işləri uğurla davam etdirilməkdədir. F.Qəhrəmanlının sözlərinə görə, artıq ictimai rəydə formalaşan fikir də onu göstərir ki, mitinq Milli Şuranın əvvəlki aksiyaları ilə müqayisədə daha kütləvi olacaq: “Çünki mitinqin əsas tələbi ”talançılığa, yalana son" şüarıdır və aksiya bahalaşmaya etiraz əlaməti olaraq keçirilir. Baş verən proseslərə bir xalq etirazı var. Hesab edirik ki, cəmiyyət də artıq o, fikri bölüşür ki, hakimiyyət qarşısında ictimai etiraz ifadə olunmasa, cəmiyyətin narazılığı ortaya qoyulmasa iqtidar siyasətini davam etdirəcək və ölkəni daha ağır iqtisadi böhrana sürükləyəcəkdir. Insanlarla qurduğumuz ünsiyyətdən, sosial şəbəkələrdə aparılan müzakirələrdən artıq biz hiss edirik mitinqlə bağlı geniş kampaniya aparılır. Mitinq üçün sosial şəbəkədə yaradılan “event” vasitəsilə art;q 85 min adam aksiyaya dəvət edilib. Və bu rəqəm durmadan artır. Indiyə qədər keçirilən heç bir aksiyada bu qədər insana dəvət göndərilməmişdi".

“Cəmiyyət də artıq o, fikri bölüşür ki, hakimiyyət qarşısında ictimai etiraz ifadə olunmalıdır”.

F.Qəhrəmanlı bildirdi ki, sosial şəbəkələrdə aparılan müzakirələr eyni zamanda onu göstərir ki, aksiyanın miqyası partiya, Milli Şura sərhədlərini aşaraq, ümumxalq aksiyasına çevrilib. AXCP-nin də yerli rayon təşkilatlarında mitinqə ciddi hazırlıq işlərinin davam etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, partiyada genişləndirilmiş müşavirələrin keçirilməsi aksiyaya hazırlığın tərkib hissəsidir: “Aksiyaya dəvəti genişləndirmək üçün on minlərlə çağırış vərəqəsinin də paylanması nəzərdə tutulur. Bu proses artıq kifayət qədər genişlənib. Bu prosesdə heç bir siyasi mənsubiyyəti olmayan vətəndaşlar da iştirak edirlər. Onlar xüsusilə sosial şəbəkələrdə aktivlik edirlər. Aksiyanın bahalaşmaya, qiymət artımına qarşı keçirilməsi ona marağı artırıb. Amma aksiya dinc, razılaşdırılmış şəkildə keçiriləcəkdir. Ona görə hər hansı qarşıdurmanın olmasından söhbət gedə bilməz. Insanlar heç bir qarşıdurma olmadan dinc şəkildə gəlib aksiyada iştirak edə bilərlər. Siyasi mənsubiyyətindən, sosial durumundan fərqli olmayaraq bütün insanları bu prosesdə fəal olmağa çağırırıq. Cəmiyyət bilməlidir ki, hökumət qiymət artımının qarşsını almaq üçün tətbiq etdiyi qadağalarla uzun müddətə bahalaşmanın qarşsını ala bilməyəcək. Çünki gömrükdəki rüşvət yığışdırılmadan, iqtisadiyyatdakı inhisarçılıq aradan qaldırılmadan inzibati yollarla qiymət artımının uzun müddət qarşsını almaq mümkün olmayacaq. İndiki halda 15 mart mitinqində əhalinin kütləvi iştirakından narahat olan hakimiyyət çalışır ki, mağazalara qarşı qiymət qadağaları qoymaqla cəmiyyəti aldatsın, ictimai etirazları müvəqqəti olaraq səngistsin. Bu cür davam edərəsə sonrakı mərhələdə qiymətlərin sürətlə qalxması qaçılmaz olacaq. Bir vaxtlar “Ərəb baharı” ərəfəsində iqtidar qorxuya düşmüşdü və dövlət orqanlarında rüşvətin qarşısı müəyyən qədər alınmışdı. Lakin sonradan cəmiyyətin siyasi fəallığı yüksələn xətlə artmadığı üçün hakimiyyət yenə də öz əvvəlki rüşvət qaydalarını artıqlaması ilə bərpa etdi. İndi də hakimiyyət görsə ki, xalq meydanda kütləvi şəkildə iştirak etmir və cəmiyyətin bahalaşmaya qarşı etirazları yüksək həddə deyil, o zaman arxayınlaşacaq. Hesab edəcək ki, insanlar vəziyyətlə barışırlar və qiymətlər artan templə yüksələcək. Çünki gömrükdə rüşvət, ölkədə inhisarçılıq aradan qaldırılmadığı halda mağazalar baha aldıqları məhsulu baha da satmağa məcbur olacaqlar”, - deyə F.Qəhrəmanlı vurğuladı.
F.Qəhrəmanlı hesab edir ki, hakimiyyəti yürütdüyü siyasətdən geri döndərmək üçün vətəndaşlar meydanlara çıxmalıdır. Yalnız bu yol qiymət artımının qarşısını almağa kömək edə bilər: “Hazırda söz Azərbaycan xalqınındır. Milli Şuranın çağırdığı mitinq ümumxalq mitinqidir. Müxalifət olaraq biz xalqı narahat edən problemə görə mitinq çağırmışıq, indi söz xalqındır. Gəlib meydanda öz etirazını göstətərməlidir. Milli Şura burada sadəcə olaraq təşkilatçı kimi çıxış edir. Milli Şura Azərbaycan xalqını martın 15-də keçiriləcək aksiyada fəal iştiraka çağırır".

“Şəhid ailələri də aksiyada ön sırada olacaq”

Milli Şura martın 15-də keçirilən aksiya ilə bağlı eyni zamanda şəhid ailələrinə də müraciət ünvanlayıb. Şəhid Elxan Əzizovun atası Bəyalı Əzizov bildirdi ki, gələcəyinə biganə olmayan hər bir Azərbaycan vətəndaşının aksiyaya qatılması vacibdir. Hazırda ölkədə baş verənlərə münasibət bildirməyin bir vətəndaşlıq borcu olduğunu deyən B.Əzizov bildirdi ki, şəhid ailələrinin də aksiyada yaxın iştirak etməsi gözlənilir./azadlıq/
1098 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber