Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2015

80 dəqiqəyə 640 milyon dollar

Bakı Olimpiya stadionu barədə rəsmi məlumatlar arenanın texniki qüsurlu olduğuna şübhələri artırır


Azərbaycan hakimiyyəti 80 dəqiqəli mərasim üçün 640 milyon dollar sərf edib. Gənclər və Idman Nazirliyinin Bakı Olimpiya stadionu barədə yaydığı məlumat belə deməyə əsas verir.
Məlumatda bildirilir ki, 2012-ci ilin dekabr ayında başlanılmış Bakı Olimpiya stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilib. Məlumatdan aydın olur ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu məkanda baş tutacaq.
Qeyd edək ki, 68 min tamaşaçı tutumlu Bakı Olimpiya stadionunun tikintisi ilə bağlı ARDNŞ-lə “Tekfen Inşaat” şirkəti arasında 640 milyon dollar dəyərində müqavilə imzalanmışdı. Stadionun tamamlama işləri başa çatanda sosial şəbəkələrdə arenanın tikintisində qüsurlara yol verildiyi barədə məlumatlar yayıldı. Hətta stadionun çökdüyü də iddia edildi. Lakin ARDNŞ prezidenti Rövnəq Abdullayev yayılan xəbərləri təkzib etdi. Stadionun istismara verildiyi barədə məlumatda bir məqam isə texniki qüsurlarla bağlı iddiaların əsassız olmadığına şübhələri artırır. Məsələ burasındadır ki, Bakı Olimpiya Stadionu təkcə açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulmamışdı. Yüngül atletika yarışları da bu stadionda keçirilməli idi. Lakin Gənclər və Idman Nazirliyinin yaydığı məlumatda bu barədə heç nə bildirilmir. “Azadlıq”ın apardığı araşdırmalar nəticəsində bəlli olub ki, yüngül atletika yarışlarının digər arenalarda keçirilməsi planlaşdırılır. Bu sırada əsasən Tofiq Bəhramov adına stadionun və “Kristal Hall”ın adı çəkilir. Bildirilir ki, hazırda hər iki arenada ciddi iş gedir. “Kristal Hall”da dəyişkən meydanların quraşdırılması nəzərdə tutulur. Bundan başqa məlumatlarda iddia olunur ki, açılış və bağlanış mərasimlərinin də vaxtı qısaldılıb. Əvvəlcə mərasimlərin hər biri üçün 80 dəqiqə nəzərdə tutulub. Indi isə açılış və bağlanışa birlikdə 80 dəqiqə ayrılması qərara alınıb. Beləliklə, aydın olur ki, hakimiyyət cəmi 80 dəqiqə üçün 640 milyon dollar pul xərcləyib. Ilham Əliyev çıxışlarında israfçılığın yolverilməz olduğunu vurğulayır. Lakin göründüyü kimi ən böyük isrfaçılığı elə özü edir. Hər halda Bakı Olimpiya stadionunun tikintisi onunla razılaşdırılmış şəkildə həyata keçirilib. Digər tərəfdən Avropa Yay Oyunları ilə bağlı bütün məsələlərə şəxsən o nəzarət edir./azadlıq/
924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber