Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Əli Həsənovun “sabitlik resepti”

Əgər xalq hakimiyyəti dəstəkləyirsə...

Bəzən insanda elə təsəvvür yaranır ki, hakimiyyət komandasında təmsil olunanlar biləcəridən o tərəfə keçməyiblər. Çünki, uğurdan, inkişafdan elə ağız dolusu danışırlar ki, sanki dünyanın hər yerində səfalət hökm sürür. Sanki, dövlətin büdcəsi trilyonlarla ölçülür, minimum əmək haqqı 5000 manatdır, təhsil, səhiyyə pulsuzdur, milyonlarla vətəndaş dolanışıq üçün xaricə axışmır, 100 minlərlə insan evsiz deyil və s.
Təbii ki, aartıq hökumət sözçülərinin səsləndirdikləri fikirlər ikrahla qarşılanır və acı gülüş doğurur. Amma hökumət qətiyyən abır-həya etmir və ənənəni davam etdirir.
Bugünlərdə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Kaspi” qəzetinə müsahibə verib və ölkədə narazılıq üçün heç bir səbəbin olmadığını bildirib: “ Azərbaycanın hakimiyyəti son iyirmi ildə yürütdüyü siyasətdə xalqın maraqlarını, əhalinin istək və arzularını nəzərə alır. Sabitliyi poza bilən iki amil ola bilər. Birinci amil ondan ibarətdir ki, sabitliyin qarantı olan xalq mövcud hakimiyyətin siyasətini dəstəkləmir və onun yürütdüyü siyasətə müxtəlif səviyyələrdə narazılıq ifadə edir. Gördüyünüz kimi, bu, yoxdur. Bu yoxdursa, deməli dövlət düzgün istiqamətdə öz siyasətini formalaşdırır, Prezident və onun komandası Azərbaycan xalqının maraq və mənafelərini düzgün nəzərə alır, dövlət nə etdiyini və bunu həyata keçirməyin yollarını bilir və xalq tərəfindən dəstəklənir. Sabitliyin ikinci şərti ölkədəki mövcud ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyəti institutları, siyasi institutlar, milli, dini qurumlar və əhalinin digər kəsimləridir. Əgər bunların da maraqları dövlətin siyasətində öz əksini tapırsa və yürüdülən siyasət eyni zamanda hamının maraqlarını nəzərə alırsa, deməli buradan da dəstək var. Prezident İlham Əliyev və onun komandası Azərbaycan xalqının maraqlarını düzgün ifadə edir və xalq tərəfindən də dəstəklənir”- deyə Əli Həsənov bildirib.
Doğurdan da xalq hakimiyyətdən narazı deyilsə, hakimiyyəti dəstəkləyirsə, bu qədər narahatlığın səbəbi nədir? Xalqın dəstəyindən əmin olan hakimiyyət saxta seçki keçirməyə, siyasi məhbusların sayını artırmağa, müstəqil medianı məhv etməyə, müstəqil QHT-ləri sıradan çıxarmağa ehtiyac duyardımı?
150 manatın girovuna çevrilmiş həkim, müəllim, təqaüdçü hakimiyyətdən necə razı ola bilər. 20 ildir sosial sığortasını ala bilməyən 13500 şəhid ailəsinin hakimiyyətdən razı olması üçün əsas varmı. Kredit borcunu ödəyə bilməyənlərin intihar etməsi, Professorların, iş adamlarının, sadə vətəndaşların ölkəni tərk etməsi hakimiyyətə etiraz deyilmi?
Kütləvi ixtisarların qurbanına çevrilmiş, qiymət artımından sonra məyuslaşmış, əmanətləri banklarda batmış, qeyri-rəsmi ödənişlərə məcbur edilmiş, doğum evindən, qəbristanlığa qədər rüşvətlə sınağa çəkilmiş adamlar bu hakimiyyətdən necə razı qala bilər?
Əslində, hakimiyyət yaxşı bilir ki, cəmiyyət nifrətlə dolub. Məhz buna görə də cəmiyyəti qorxu altında saxlayırlar, fərqli fikir söyləyənləri həbs edirlər.
QHT-lər, siyasi təşkilatlar, vətəndaş cəmiyyəti institutları hakimiyyətin standartına uyğunlaşdırılıb. Həqiqəti dilə gətirən dindarlar narkotika ittihamı ilə həbs edilib. Vətəndaşların hüquqlarını qoruyan hüquq müdafiəçiləri ağır ittihamlarla azadlıqdan məhrum edilib. Belə olan halda qarşılıqlı münasibətlərdən, tolerantlıqdan danışmaq necə mümkündür?
Yəni, Əli Həsənovun sadaladığı və sabitliyin göstəricisi kimi təqdim etdiyi halların heç biri Azərbaycanda yoxdur. Əksinə, hakimiyyətin uzun illər davam edən siyasəti qeyri-sabitliyə xidmət edib, vətəndaşla uçurum yaradıb, dünya ilə münasibətləri korlayıb və Azərbaycanın imicini zədələyib./azadlıq/
868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı