Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Qadın Ali Məhkəmədə damarlarını doğradı

Bu gün Ali Məhkəmənin binasında intihara cəhd hadisəsi baş verib.

Məhkəmənin hökmü ilə 9 il 6 ay cəza alan Şirvan şəhər sakini Əlvan Abdullayevin anası Elminaz Abdullayeva damarlarını ülgüclə doğrayaraq intihara cəhd edib.
Məhkəmənin binasına təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilib. Qadın oğlunun haqsız yerə ağır cəza almasına etiraz edib.

Qeyd edək ki, Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Əlvan Abdullayev münaqişə zəminində həmyerlisi, 1982-ci il təvəllüdlü Zaur Aşurovu öldürüb. Teleqraf.com-un araşdırmasına görə, hadisə 18 mart 2013-cü il tarixdə, saat 18.45-də Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinin İcra Nümayəndəliyinin binası qarşısında baş verib.

Həmin yerdə Əlvan Abdullayevlə Zaur Aşurov və onun qardaşı Davud Aşurov arasında mübahisə yaranıb. Onların arasında mübahisənin yaranmasına səbəb avtomobillərin toqquşması olub.

Davud Aşurovun idarə etdiyi “Hyundai Elantra” markalı avtomaşınla Əlvan Abdullayevin sürdüyü “QAZ-24” markalı avtomaşın toqquşub. Buna görə də onların arasında mübahisə yaranıb. Əlvan Abdullayev Aşurov qardaşlarının onun üstünə gəlməsini görüb və onlardan qaçaraq Hacıqəhrəmanlı qəsəbəsində olan küçələrdən birində gizlənib.

Sonra Əlvan zəng edərək qardaşı Rəşad Abdullayevi köməyə çağırıb. Rəşad qardaşının dediyi yerə gəlib. Əlvan qardaşına döyülməsini və atasına məxsus avtomaşının avtonəqliyyat hadisəsindən sonra Davud və Zaur Aşurov qardaşları tərəfindən qəsdən zədələnməsini deyib. Rəşad Abdullayev məsələsini aydınlaşdırmaq məqsədi ilə Aşurov qardaşları ilə görüşə gedib.

Bu zaman Əlvan onların dalaşacaqlarını yəqin edib və qardaşı Rəşad Abdullayevə həmin mübahisədə kömək etmək məqsədilə evlərində olan ov tüfəngini götürüb. Abdullayev qardaşları həmin gün saat 19:30-da Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, H.Zərdabi küçəsi 1 saylı evin qarşısına gəlib. Əlvan orada Rəşadın ZaurAşurov ilə dalaşdığını görüb və Zaur Aşurov istiqamətində bir dəfə atəş açıb. O, daha sonra Zaur Aşurovun dayandığı yerə bir qədər də yaxınlaşaraq təxminən 2-3 metr məsafədən yenə də atəş açıb. Zaur Aşurov aldığı güllə yarasından dünyasını dəyişib.

Əlvan Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmündən Əlvan Abdullayevin vəkili Çingiz Mansurov apelyasiya şikayəti verib. O, şikayətində müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib. Zərərçəkmiş tərəf də apelyasiya şikayəti verərək Əlvan Abdullayevin cəzasının ağırlaşdırılmasını tələb edib. Hər iki şikayətə Şirvan Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Əlvan Abdullayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini istəyib. O, əməlinin Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilməsini və barəsində azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan daha yüngül cəza təyin edilməsini istəyib. Onun müdüfiəçisi də apelyasiya şikayətinin təmin edilməsini istəyib. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib

Əlvan Abdullayev cəzasının yüngülləşdirilməsi ilə bağlı Ali Məhkəməyə kasasiya şikayəti verib. Bu gün onun şikayətinə hakim Tapdıq Mahmudovun sədrliyi ilə keçirilən prosedə onun şikayəti təmin edilməyib./Teleqraf/
1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber