Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

“Şəhid anasıyam, evimi satıb məni atdılar küçələrə”

Bakı sakini Laləzar Rüstəmova haqsızlıqla üzləşdiyini deyir; Nərimanov RİH-in əməkdaşı: “Ona kimsəsiz qadın kimi kömək etməyə hazırıq, ancaq şəhid anası adından çıxış etməsi ayıbdır...”


“Yeni Müsavat” qəzetinin 14 mart 2013- cü il tarixli sayında “Şəhid anası küçədə yaşayır” başlıqlı yazı dərc edilib. Həmin yazıda Bakının Nərimanov rayon sakini, 72 yaşlı şəhid anası Laləzar Rüstəmova yaşadığı evin rayon icra hakimiyyətinin Nizami adlı əməkdaşı tərəfindən aldadılaraq əlindən alındığını bildirirdi. Ona evinin plana düşdüyü və başqa yerdə mənzil alacağı deyilsə də, sonradan heç nə verilməyib. 

2007-ci ildən küçələrdə qaldığını söyləyən şikayətçinin sözlərinə görə, dəfələrlə bununla bağlı Nərimanov RİH rəhbərliyinin qəbuluna düşməyə çalışsa da, kimsə onu dinləməyib. Həmin yazı qəzetdə gedəndən dərhal sonra Nərimanov RİH-dən qadının dediklərinin əsassız olduğu bildirilib. İH başçısının müavini Şahmar İbadovun imzası ilə qəzetimizə göndərilən məktubunda qadının dediklərinin əsassız olduğu vurğulanaraq qeyd edilirdi ki, Laləzar Rüstəmovaya məxsus ev sahibəsi tərəfindən satılıb. Məktubda həmçinin adıçəkilən qadının şəhid anası olmadığı vurğulanırdı.

Ancaq ötən gün redaksiyamıza gələn bir vətəndaş Laləzar Rüstəmovanı şəxsən tanıdığını və onun şəhid anası olduğunu qeyd etdi və bizdən xahiş etdi ki, bu məsələni yenidən araşdıraq. Bir daha mövzuya qayıdıb apardığımız araşdırmanın nəticələrini təqdim edirik. 
Laləzar Rüstəmova 1940- cı ildə Füzuli rayonunda anadan olub. Qadının sözlərinə görə, sonradan Bakıya köçərək uzun illər Kondisioner Zavodunda işləyib. Sovet hökuməti dağılandan sonra iş yerini itirən qadın o vaxtdan heç bir yerdə işləmədiyini deyir. 
Araşdırmamız nəticəsində Rüstəmovanın şəhid ailəsi statusunun olduğu da ortaya çıxdı. Belə ki, qadının əlində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin verdiyi vəsiqə var. 10 avqust 2001- ci ildə verilən vəsiqədə L. Rüstəmovanın şəhid ailəsi statusu qeyd edilir. Həmçinin “525- ci qəzet”in 11 fevral 2000-ci il tarixli sayında “Şəhid anasına da əl qaldırılır” başlıqlı yazıda L. Rüstəmovanın şəhid anası olduğu qeyd edilir. Qəzetin yazdığına görə, L. Rüstəmova həmin tarixdə Nərimanov rayonunun məmurları tərəfindən təzyiqlərə məruz qalıb.

33 illik əmək stajı olan, onun 24 ilini Bakı Kondisionerlər Zavodunda işləyən L. Rüstəmova bizimlə söhbətində İki oğlunun şəhid olduğunu dedi: “Böyük oğlum Rüstəmov Rövşən 20 Yanvar şəhididir. O biri oğlum isə Qarabağ döyüşlərində şəhid olub. İndi heç kimim yoxdur, küçələrdə yaşayıram. 2007-ci ilə kimi öz evim var idi. Ancaq 2007-ci ildə özünü Nərimanov RİH-in əməkdaşı kimi təqdim edən Nizami müəllim (soyadını xatırlamır H. K.) evimi əlimdən alıb məni saldı küçələrə. Mənə dedilər ki, bu ev plana düşəcək və sənə başqa yerdən ev verəcəyik. Ancaq sonra heç kim mənimlə maraqlanmadı. Dəfələrlə Nərimanov RİH-ə müraciət etsəm də, baxan olmadı. Elə o vaxtdan da küçələrdə yaşayıram”.  

“8- ci kilometr bazarı” yaxınlığında dilənçiliklə məşğul olan qadın düşdüyü ağır vəziyyətlə bağlı “Yeni Müsavat” qəzeti vasitəsi ilə ölkə başçısından və səsini eşidən hər kəsdən göz yaşları içində kömək istəyir. 

Məsələ ilə bağlı Nərimanov RİH başçısının müavini Şahmar İbadovla əlaqə saxladıq. Ş. İbadov qadının dediklərini əsassız saydı: “Ümumiyyətlə, o ailə bir qədər problemli ailədir. Həmin qadının iddiaları isə tam əsassızdır. Onlar evlərini özləri satıblar, heç kim onların evini zorla əllərindən almayıb. Şəhid ailəsi olması məsələsinə gəlincə isə qeyd edim ki, bir müddət bundan əvvəl bizim apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, həmin qadının oğlu Pəhləvan Rüstəmov 1992-ci ildə gül alverçiləri ilə mübahisə zamanı bıçaqlanaraq qətlə yetirilib. Ona verilən vəsiqə isə saxtadır. Biz ona kimsəsiz bir qadın kimi kömək etməyə hazırıq, ancaq şəhid anası adından çıxış etməsi ayıbdır”.

Hikmət KƏRİMOĞLU
Fotolar müəllifindir










1882 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34