Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

“Talana son” mitinqi və talanan “Sovetski”

Mitinqə gəl, bu, sənin mübarizəndir!

Bakının “Sovetski” ərazisində evlərin sökülməsinə etiraz olaraq keçirilən aksiyalardan 1 il ötdü. Ötən ilin fevralından başlayaraq keçirilən 3 etiraz aksiyasından sonuncusu martın 9-da baş tutmuşdu... Həmin günlərdə hökumət heç kəsin evinin zorla sökülməyəcəyini vəd etsə də, ancaq üstündən 3-4 ay sonra bütün evləri, küçələri hasarlatdı?!
Dərhal “könüllülər”in evlərini sökməyə başlamaqla ətrafı cəhənnəmə çevirən hökumət bununla da gizli niyyətini büruzə verdi... Xarabalıqlar içində yaşamağın getdikcə dözülməz olduğunu görənlər də məcburi köçə məruz qaldılar. Ailələrdə - uşaqların, qocaların, xəstəliyi olanların həyatı ilə risk etməkdən çəkindilər, hökumət isə buna da getdi! Lakin söküntü işi nə qədər sürətlə və geniş miqyasda aparılsa da elə başladığı ilin sonunda dayandırıldı. Neftin qəfil ucuzlaşması ilə tükənən neft dollarları hökumətin də enerjisini tükətdi...
Indi “Sovetski” viran qalmış yurdu xatırladır. Onun indiki halını görəndə yadıma istər-istəməz bir neçə il öncə bir gənc yazarın Bakı haqqında yazdıqları düşür. O, “sovetlər dağıldıqdan sonra Bakı estetikasının darmadağın edilməsindən” şövqlə yazırdı: “Köhnə məhəllələri buldozerin qabağına verib orda ”göydələn"lər tikdilər. O məhəllələrdə yaşayanların hərəsi bir yerə dağıldı. Tamaşa başa çatdı".
Bunu yazan azərbaycanlıdır, ancaq ermənilər Qarabağda topun-tüfəngin qabağına verib tar-mar etdikləri Azərbaycan kəndlərində, şəhərlərində “tamaşanın bitməsindən” həzz aldıqları kimi, o da Bakının köhnə məhəllələrinin “darmadağın edilməsindən” həzz alacaqmış... Düzdür, o zaman hələ “Sovetski” sakit günlərini yaşayırdı, ancaq həmin yazar yaşanacaq fəlakətin anonsunu verəcəkmiş...
Indi “Sovetski”nin xarabalıqları arasında gəzişərkən elə hey düşünürəm, qanı-canı səndən olan məmurun əli öz soydaşının yurd-yuvasını dağıtmağa necə qalxır? Bəs, xalqının ziyalısı, milli elitası adına iddialı olan birisi “o məhəllələrdə yaşayanların hərəsinin bir yerə dağılmasından” necə sevincək olur?
Erməni düşməndir, qəbul edirəm; məmurun da “ağına-qarasına” lənət deyib üstündən keçirəm; bəs, yazıçı, jurnalist? O ki humanistdir, vəzifəsi ayrı-seçkilik etmədən bütün insanlara sevgi ilə yanaşmaq, xalqını bütöv görməkdir... Kim bilir, “buldozerin qabağına verilən o məhəllələrdə” nə qədər arzular yarımçıq qaldı, talelər qırıldı... Həqarətlə daxma, koma adlandırılan o evlərdə axı insan yaşayırdı, “millətdaşın, dindaşın, irqdaşın” yaşayırdı?!
O məhəllələrdə addımlayarkən hər dəfə qulağıma etiraz aksiyalarında qəhərdən boğula-boğula, göz yaşı içində hökumətə etirazını bildirən bir nənənin səsi də gəlir: “Heydərə səs verdik, oğluna da səs verdik, bəs, evimizi niyə sökürsən?!” - deyirdi o ağbirçək qadın... Bağışlanmaz günah sahibi oldular, o nurani qarıya iztirab verənlər!
“Sovetski”də gəzişərkən onu da düşünürəm ki, daha köhnə Bakının qoxusunu alacağımz, ruhunu duyacağımız yer qalmadı, “köhnə Bakı” bitdi... Köhnə məhəllələrin yerində “göydələn”lərin tikilməsini inkişaf kimi görənlərin isə, sadəcə, “görməmiş” olduqlarını düşünürəm... Yeri gəlmişkən, “köhnə Bakı”ya münasibətdə bir ibrət nümunəsini elə bu günlərdə şəhərimizin qonağı olan məşhur soydaşımız, tanınmış müğənni Sami Yusuf sərgilədi: “Bu, Bakıya ilk səfərim deyil, Bakı dəyişib. Mən 9 il öncə gördüyüm Bakını çox bəyənmişəm... Çox istərdim ki, köhnə Bakını, əvvəlki binaları görüm” - deyib dəyərli soydaşımız. Onu da anladıb ki, şəhər onun üçün elə də təəccüblü deyil, dünyanın bir çox ölkələrində olub... Yəni dünyanın modern şəhərlərini gəzib. Başqa sözlə, Nyu-Yorkla, Dubayla bəhsə girib Bakıda “göydələn”lər tikməkdə qeyri-adi heç nə yoxdur, əsas təbiilikdir. Hə, soydaşımız onu da deyib ki, Bakıda əsas olan çox mehriban və istiqanlı insanlarıdır...
Ancaq bu gün köhnə Bakıdan - ata-baba yurdundan çıxarılan insanların üzü bir daha güləcəkmi, bir vaxtlar qürur duyduqları şəhərdə yenidən özlərini xoşbəxt hiss edəcəklərmi? Köhnə Bakı kimi, onların da qəlbi qırılıb axı... “Sovetski”yə sonuncu dəfə baş çəkərkən diqqətimi Abdulla Şaiq və Balababa Məcidov küçələrinin kəsişməsindəki evlərin damında olan üçrəngli bayrağımız cəlb etdi. Sanki onun da həyat eşqindən əsər-əlamət qalmamışdı, dalğalanmırdı; küləyin təsirindən dirəyə dolaşmışdı. Elə bil bu məhəllələrin küskün və köç növbəsini gözləyən sakinləri kimi öz içinə çəkilmişdi... Bu yerlərdə daha lazımsız olduğunu duymuşdu. Kim bilir, sabah uçurulacaq o evin, endiriləcək o bayrağın da yerində “göydələn” ucaldılmayacaq ki?!
“Sabah” demişkən, martın 15-də mitinqdir! “Talana son!” deyiləcək sabahkı mitinqdə... Sən də o mitinqə qatıl, talanan “Sovetski”! Sökülən evlərin, məhəllələrin o mitinqlə geri qayıtmayacağı məlumdur! Ancaq torpağına əl uzadan yadların qarşısından çəkilmədiyini bir də göstər! Böyük ruhunun ölmədiyini, ölməyəcəyini göstər!
Mitinqə gəl, “Sovetski”! Bu sənin mübarizəndir, mübarizəni davam et! Bunu haqqın, imanın yolunda et!/azadlıq/
1263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 23:39