Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

Sapı özümüzdən olan balta

(diskursiv analiz)

Ermənistanın bəzi idman federasiyaları Bakıda keçiriləcək 1-ci Avropa oyunlarına qatılmayacaqlarını açıqlayıblar. Məncə onlar çox səfeh hərəkət ediblər (Maraqlıdır ki, Ermənistan Milli Olimpiya Komitəsinin şefinə ermənilər elə “Tupoy Qaqo” deyirlər). Yarışın bütün xərcini Azərbaycan ödəyir, gəlib yeyib-içib getmək əvəzinə qorxaqlıq nümayiş etdiriblər. Bəlkə də Akif Nağıdan çəkiniblər, nə biləsən. Akif müəllimin qorxusundan Bakı üzərindən qağayılar uçmur.

Ümumiyyətlə, bəzi beynəlxalq insan haqları qurumları da bu yarışı boykot eləməyə çağırıblar. Ölkəmizdə insan hüquqlarının pozulmasını əsas göstərərək. Ancaq yarışın bütün xərclərini yapistlər Azərbaycan xalqının belinə şəllədiyi üçün təcrübə göstərir ki, boykot alınası deyildir. Dünyada müftə yeyib-içmək həvəskarları həmişə olmuşdur. İnsan maddiyyata bağlı məxluqdur. Çexovun “Qarağat” adlı bir hekayəsi var, orda epizod danışılır ki, adamın ayağı qatarın altında qalıb kəsilib, onu xəstəxanaya aparmaq istəyirlər, adam isə qışqırır ki, kəsilən ayağımdakı çəkmənin boğazında 20 manat pulum qalıb, onu gətirin. 1995-ci ildə, dünyanın ən çoxsaylı insan ölümü ilə sonuclanan Bakı metro faciəsinin şahidlərindən biri mənə danışmışdı ki, adamları tuneldən çıxartmağa çalışırdım, bu zaman tüstünün, alovun, dəhşətin içərisindən qaçıb perrona çıxmağa çalışan bir kişi gördüm, onun əlində... qarpız var idi! 300 nəfər ölən qəzada da adam əlindəki qarpızı buraxmamışdı. İnsanın belə sirli, qaranlıq tərəfi var. Kim bilir, bəlkə də o qarpız o insanın yemək üçün son ümidi imiş.

Buna baxmayaraq boykot çağırışı edənlər də haqlıdır. Hərə öz təbliğatını aparır. Dünən boykot çağırışlarına etiraz edən deputatxana vitse-spikeri Ziyafət Əsgərov isə mənim diqqətimi tamam başqa mövzuya görə çəkdi. Əsgərov boykota çağıranları “sapı özümüzdən olan baltalar” adlandırmışdı.

Mən bilirəm ki, Ziyafət müəllim dünyaya gələndən bəri adi “salam” sözünü də müstəqil işlətməmişdir, o üzdən yüngülvarı araşdırma apardım, məlum oldu bu ifadəni martın 6-da Ziyafət əkənin deputat yoldaşı Səyavuş müəllim qanunverici orqanda çıxışı zamanı, elə eyni qurumlar haqda səsləndiribdir. Bütün hallarda bu ifadənin dilimizə qayıdışı alqışlanmalıdır.

25 il qabaq, ermənilərlə dava təzə başlayanda bu sap-balta səbəb-nəticə əlaqəsi bizdə olduqca populyar idi. Kimin kimdən xoşu gəlmirdisə onu “sapı özümüzdən olan balta” adlandırırdı. İfadə o qədər populyar idi ki, haqqında şeirlər, qəzəllər, romanlar, pyeslər yazılmışdı. Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən balta” dramı AzDrama-nın səhnəsində 1600 dəfə oynanılmışdı. AYB sədri Anar müəllimin “Beş tiyə üçün altı balta sapı” romanı əsasında “Təhminə və Odun” kinosu çəkilmişdi. Hörmətli şairimiz Musa Yaqubun 1989-cu ildə yazdığı “Sapı özümüzdən olan baltalar” şeirindən bu məqamda bir bənd verməliyik:

“Hanı bu meşənin yaşıl qatları,
Dəmir ağacları, şah palıdları…
Sapı özümüzdən olan baltalar
Yaman kəsdi bizi, oğradı bizi,
Alıb özümüzdən doğradı bizi,
Öz ağrılarımız, acılarımız,
Balta sapı olan ağaclarımız
Bəlkə pasımızdın, paxırımızdan,
Bəlkə nəfsimizdən, paxılımızdan...” və s. və i.a.

Sözümün canı odur ki, biz Qarabağ münaqişəsinin həllində tez-tez “sıfır variantına” qayıtdığımız üçün politoloji diskussiyalarda da 88-89-cu illərin leksikonuna dönüşümüz yerindədir. Filoloji islahatlar hər sahədə özünü göstərir. Əgər “qara qüvvələr”i sapı özümüzdən baltalar əvəz edibsə, iqtisadi sahədə “pulumuz çoxdur”, “analoqu olmayan şəkildə inkişaf edirik”, “ÜDM 500 faiz artıb” sözlərini “süni bahalaşma”, “gizli qiymət artımı”, “bir az qənaətlə sərf edək” tipli sözlər əvəz eləyibdir. Yaxşı yadıma düşdü, 89-90-larda bir “ekstremist ünsürlər” sözü də vardı, məncə yapistlər bunu bərpa eləməlidir, dövlətçilik fəlsəfəsi də bunu tələb edir.

Ümumiyyətlə, sapı özümüzdən olan baltalar və politoloji diskussiyaların qrammatikası çox ciddi mövzudur, doğramasalar yaxın vaxtlarda yenə buna qayıdarıq.

Z.Hacı/musavat
1090 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber