Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

Neft öldüsə, dərsdən sonra işləməyə tikinti də olmayacaq...

YAP-çı deputat Hadı Rəcəblinin müəllimlərə məsuliyyətsiz və əcaib təklifi inanmıram bir daha unudula. Dolanmaq üçün müəllimə dərsdən sonra tikintidə çalışmağı təklif edən bu adamın sözləri müəllimdən və təhsildən söhbət düşəndə həmişə xatırlanacaq. Çünki bu sözlərdə hakim rejimin müəllimə və ümumilikdə xalqa münasibəti olduğu kimi üzə çıxır. Həmin çıxışın mənəvi fakturası çox ağırdır, amma etiraf edək ki, gerçək siyasi münasibəti ifadə edir. Müzakirələr və reaksiyalar da ona görə geniş və sərt oldu...
Bu mövzuda yaranan və davam edən müzakirələrdə isə məsələnin maraqlı bir tərəfi diqqətlərdən yayındı. Bir anlığa duşunun, niyə Hadı Rəcəbli müəllimə məhz tikintidə çalışmağı təklif edir. Gəlin etiraf edək ki, bu da səbəbsiz deyil - bizim ölkədə az-çox iş tapmağın və əməyini satmağın mümkün olduğu sahə tikintidir. Neft sektorunu kənara qoysaq, ölkədə ən real, ən böyük, ən çalışqan sahə!
Lakin neftin qiyməti öldüsə və bu civarda qalmaqda davam edəcəksə, tikinti də həminki olmayacaq, müəllimlər isə dərsdən sonra orada, istəsələr belə, iş tapa bilməyəcəklər... Və məsələ müəllimin orada iş tapa bilməməsində də deyil, unutmayaq ki, neftin ucuzlaşması ilə ölkədə böyük bir sahənin çöküşü başlayır...
Tikintini Azərbaycanda neft yaratmışdı. Bir az da dəqiq desək, baha neft Azərbaycanda yalnız Tikinitini yaratmışdı. Bütün bu illərdə Tikinti neft gəlirlərindən coşmuş Azərbaycan hakimiyyəti üçün hər şey demək idi. Bu sahədə mümkün olan yeyinti və korrupsiyanı başqa heç bir sahə verə bilmir - bundan yaxşı səbəb ola bilməzdi tikintiyə önəm vermək üçün. Körpülər, yollar, binaların üzlənməsi, fəvvarələr, parklar, eyni yerdə tez-tez təkrarlanan təmir və abadlıqlar ölkənin taleyinə çevrildi. Bura iri tikinti sərmayələrini də əlavə etsək, ölkə büdcəsinin ciddi hissəsi məhz tikintiyə xərclənirdi. Amma təkcə korrupsiya marağı ilə də bitmir bu iş, abadlıq üzərində inkişaf nağılı qurmaq da mümkündür və nağıl məhz belə də quruldu. Narazılıq edəndə, tənqid söyləyəndə az qalırdılar Bakı bulvarını, ya hansısa parkı, yaxud fəvvarəni adamın gözünə soxsunlar. “Bizim ölkədə qaradan başqa da rəng var” deyənlər də elə bu abadlıqları nəzərdə tuturdular.
Bəli, “analoqu olmayan inkişafı” nə sənaye, nə ticarət, nə kənd təsərrüfatı, nə də başqa bir sektor yaradırdı, “analoqu olmayan inkişafı” neft pulları ilə şaxə qalxan Tikinti yaradırdı. Tikinti və abadlığın yaratdığı imitasiyanı, aldanışı başqa cür əldə temək mümkün də deyildi...
Üstəlik, tikinti neft gəlirlərinin tozu ilə dolanmaq üçün böyük bir kəsimə imkan demək idi. Ən müxtəlif peşə sahibləri az zamanda usta oldular - rəngsaz, parketçi, bənna, üzlükçü, xarrat, betonçu və s. Heç bir peşəsi olmayan da fəhlə, usta köməkçisi, nə bilim ustanın hay verəni işləməyə başladı. Başqa bir sahədə işi alınmayan elə tikintiyə qaçırdı, çünki ölkədə şişmiş, coşmuş bircə sahə vardı, o da Tikinti idi. Bura durmadan varlanan azlığın şəxsi tikintilərində, təmirlərində çalışmaq imkanlarını da əlavə etsək, Tikintinin gerçək əhatəsini anlaya bilərik.
Amma indi neftin ucuzlaşması bu sahəni də öldürür və bunun nəticələrini tam təsəvvür etmək üçün geniş təhlillər aparmaq gərəkdir. Hələ bircə onu deyə bilərik ki, bu gedişlə müəllimlər dərsdən sonra işləməyə, çətin ki, tikinti tapalar!

Şahvələd Çobanoğlu /azadlıq
1374 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı