Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2015

Duz - "ağ ölüm" yoxsa vacib maddə?

Keçmişdə duz çox bahalı idi. Duz pul kimi istifadə olunurdu, duz müharibələrin və çaxnaşmaların səbəbi olurdu.
Süfrəyə duz bahalı qablarda verilirdi, duz bolluğun, varlılığın rəmzi sayılırdı. Bəzi xalqlarda (ruslar, ukraynalılar və s.) hörmətli qonağı çörək və duzla qarşılamaq adəti indiyə kimi qalmaqdadır.
Keçmiş əsrin 60-cı illərində duza "ağ ölüm" adını verdilər və bir çox xəstəliklərin taqsırkarı (hipertoniya, ürəyin işemik xəstəliyi, böyrək çatışmazlığı, piylənmə və s.) kimi qələmə verdilər. Bəli, duzun həddən artıq qəbulu ziyanlıdır. (Yeri gəlmişkən, istənilən maddənin həddən artıq qəbulu ziyanlıdır.) Lakin xörək duzunu qidalanmadan tam kənar etmək də düzgün deyil.
Duz (natrium xlorid) insanın orqanizminin normal fəaliyyəti üçün çox vacibdir. İnsan orqanizmi böyük kimya laboratoriyasıdır. Bu laboratoriyada daim müxtəlif kimyəvi reaksiyalar baş verir - maddələr parçalanın, birləşir, yeni maddələr əmələ gəlir və s. Bütün bu proseslər orqanizmin normal fəaliyyətini təmin edir.
Natrium bu reaksiyalarda fəal iştirak edir. Natrium ödün, qanın, mədəaltı vəzi şirəsinin, ana südünün tərkibinə daxildir. Natrium sinir impulslarının ötürülməsi, əzələlərin fəaliyyəti (o cümlədən ürək əzələsinin), nazik bağırsaqda bəzi maddələrin mənimsənilməsi, orqanizmin su-duz balansının tənzimlənməsi üçün çox vacibdir.
Xlor orqanizmdə yağların parçalanmasında iştirak edir, mədə şirəsinin hazırlanması üçün lazımdır, sinir sisteminin fəaliyyəti, sümüklərin böyüməsi üçün vacibdir.
Belə hesab olunur ki, sağlam insanın duza olan gündəlik tələbatı təxminən 10-15 qr-dır. Burada tək qidalara əlavə olunan xörək duzu deyil, tərəvəzlərdə, çörəkdə, süd və ət məhsullarında və s. mənbələrdə olan duz nəzərdə tutulur.
İsti havada, ağır fiziki yükləmələr zamanı duza olan tələbat artır. Güclü, tez-tez təkrarlanan qusma və ishal zamanı orqanizmin su-duz balansı pozulur və bu müxtəlif ağırlaşmalara səbəb olur. Məhz bu səbəbdən belə hallarda xəstə xüsusi duz məhlulları qəbul etməlidir və ya duz məhlulu insanın orqanizminə damar daxili sistemlərin vasitəsilə yeridilir.
Hamilə qadınlara natrium daha çox miqdarlarda tələb olunur. Məhz bu səbəbdən hamiləlik zamanı qadınların əksər hissəsi turşulara meyilli olur.
Adi xörək duzundan əlavə dəniz duzu da istifadə olunur. Dəniz duzunda natrium xloriddən əlavə kalium xlorid, maqnezium xlorid, kalsium sulfat, bor, yod, fosfor kimi maddələr var ki, bu səbəbdən dəniz duzu daha xeyirli sayılır.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, dünyada insanların təxminən 1/3 hissəsi yod çatışmazlığından əziyyət çəkir. Yod çatışmazlığı isə öz növbəsində qalxanvari vəzi xəstəliklərinə, uşaqlarda isə əqli və fiziki inkişafının ləngiməsinə səbəb olur. Məhz bu səbəbdən dünyanın bir çox hissəsində yodun çatışmazlığının profilaktikası üçün yodlaşdırılmış duz istifadə olunur. Azərbaycanın bəzi bölgələrində də yod çatışmazlığı müşahidə olunur və bu səbəbdən bizim əhalimiz də məhz yodlaşdırılmış duzdan istifadə etməlidir.
Beləliklə, duzun qidalanmadan tam xaric olunması düzgün deyil. Lakin duzun artıq miqdarlarda qəbul olunması da yolverilməzdir. Bu ödemlərin inkişafına səbəb olur, böyrəklər əziyyət çəkir, arterial təzyiq artır, ateroskleroz daha tez inkişaf edir. Duzun artıq miqdarlarda qəbulunun digər təhlükəsi də var. Hamı bilir ki, duzlu qidalar iştahanı artırır. Bu isə qidanın həddən artıq qəbuluna və nəticədə piylənməyə səbəb olur. Piylənmə bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir.
Müəllif: Anastasiya Toporkova, tibbi elmlər namizədi
medicinform.net

Saglamolun
894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03
06 dekabr gözlənil