Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2015

Artur Rəsizadədən rüsvayçı hesabat

Baş nazir ölkənin başına gətirilənləri «hakimiyyətin məqsədə çatması» kimi qiymətləndirdi

Bəzən yaranmış vəziyyətə münasibət bildirmək üçün söz tapmaq mümkün olmur. Daha doğrusu tapılan sözlər ürəkdəki yanğını söndürmür. Amma bu məsələdə də hökumətimiz “kömək”liyini əsirgəmir. Yəni hökumət də şərait yaradır ki, baş verənlərə gülərək münasibət bildirək.
Hətta adı çox az hallanan baş nazirimiz Artur Rəsizadənin də yumor hissinin güclü olduğu ortaya çıxdı. Belə ki, Milli Məclisin ötən gün keçirilən iclasında Artur Rəsizadə 2014-cü ildəki fəaliyyət haqqında hesabatla çıxış edib və bütün məqsədlərə nail olunduğunu söyləyib: “Qarşıya qoyulan bütün məqsədlərə nail olunub, iqtisadiyyat şaxələndirilib, xalqın rifahı üçün əhəmiyyətli addımlar atılıb. Prezidentin fəaliyyəti səbəbindən ölkədə davamlı iqtisadi sabitlik yaranıb. Dünya iqtisadiyyatında baş verən qeyri-davamlılığın ölkə iqtisadiyyatına təsiri azalıb. Iri fermer təsərrüfatlarının yaradılmasını nəzərdə tutan layihələrə 47 milyon manat ayrılıb. Regionların inkişafına 4,5 milyard manat yönəldilib”- deyə baş nazir bildirib.
Görəsən, hörmətli nazirimiz “qarşıya qoyulan məqsədə nail olunub” deyəndə nəyi nəzərdə tuturmuş? Bu boyda zarafat olmaz axı. Illik hesabata bu qədər şirinlik qatmağa nə ehtiyac var?
Belə çıxır ki, manatın 34 faiz uculaşması, ərzaq məhsulllarının qiymətinin qalxması, investisiya layihələrinin 57 faiz ləğv edilməsi, sənaye məhsulunun 31,5 faiz azalması, kütləvi ixtisarlara start verilməsi, ölkə iqtisadiyyatının neftdən asılı vəziyyətə salınması, ixracatın azalması, ölkənin idxaldan asılı vəziyyətə düşməsi, mənasız Avropa oyunlarına 8 milyard xərclənməsi, müəllimin, həkimin, təqaüdçünün dilənçi maaşına möhtac olması, şəhid ailələrinə sosial sığorta haqqının ödənilməməsi, təhsil sektorunun çökməsi, Azərbaycanın bütün dünyada qeyri-azad ölkə kimi tanınması, ölkədə 100-dən artıq siyasi məhbusun olması, intiharların getdikcə artması və digər “göstərici”lər hakimiyyətin qarşıya qoyduğu məqsədə xidmət edirmiş.
Çünki, 2014-cü il sadaladığımız sahələrdə ən ağır vəziyyətin müşahidə olunduğu ildir. Rəsmən etiraf olundu ki, ölkə neftdən asılı vəziyyətdədir və neftin qiymətinin düşməsi bütün sahələri iflic vəziyyətə saldı. Deməli, 20 ildən artıq müddət ərzində ölkəyə daxil olan milyardlar, şəxsi ciblərin doldurulmasına xidmət etdi. Ölkə vətəndaşlarının 2.2 milyon nəfəri kredit borcu ödəyir, 2 milyondan çox vətəndaş dolanışıq üçün ölkə xaricinə üz tutub, 10000-ə yaxın tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün Universitetdən kənarlaşdırılıb. Hökumətimiz isə erməni idmançıların xərcini ödəmək öhdəliyi götürüb.
Yəqin Artuq Rəsizadə “məqsədə çatmışıq” deyəndə bu acınacaqlı statistikanı nəzərdə tuturmuş.
Görünür, Azərbaycan xalqını təhqir etmiş Jirinovskinin Bakıda hörmətlə qarşılanması da, Qarabağın işğalını həyata keçirmiş Rusiyanın himayəsinə sığınmaq da, ölkənin milyardlarını ofşorlara daşımaq da, qarşıya qoyulmuş məqsədin bir hissəsi imiş.
Bir sözlə, baş nazir bu xalqın başına gətirilənləri “məqsədə çatmaq” kimi qiymətləndirib. Onu da qeyd edək ki, ölkə başçısı valyuta ehtiyatlarının azalacağını şəxsən söyləmişdi. Yəni etiraf etmişdi ki, “daha o günlər arxada qalıb”. Artur müəllim isə bu bədbin etirafı uğur kimi təqdim edir.
Bəlkə də Artur müəllim haqlıdır. Dövlətin və millətin gələcəyini məhv etmək baxımından məqsədə çatılıb./azadlıq/
787 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber