Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2015

Sərhəd kəndləri susuzluqdan yanır

“Sınıq Körpü”dən başlayan 18 kilometr uzunluğundakı su kanalı yararsız hala düşüb Sərhəd kəndləri susuzluqdan yanır
"Sınıq Körpü"dən başlayan 18 kilometr uzunluğundakı su kanalı yararsız hala düşüb

Qazax rayonunun Birini Şıxlı kənd sakinləri tərəfindən Bizimyol.info-nun elektron ünvanına şikayət ərizəsi daxil olub. Onlar "Sınıq Körpü"dən başlayan 18 kilometr uzunluğundakı Şıxlı su kanalında yaranmış vəziyyətdən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, Şıxlıda su kanalı əvvəlcə 1947-ci ildə, ikinci dəfə 1961-ci ildə çəkilib: "1961-ci ildə çəkilmiş kanal torpaq kanalıdır. Şıxlı su kanalının suyu ilə İkinci Şıxlıda 800, Birinci Şıxlıda 220, Aslanbəyli kəndində 300 hektar həyətyanı və pay torpaqları suvarılır. Şıxlı su kanalı başlanğıcını Gürcüstandan Xram çayından götürür. Həmin kanalın "Sınıq Körpü"yə qədər hissəsi tam betonlaşdırılıb. "Sınıq Körpü"dən bəri bütün Şıxlı kanalı torpaq kanalı halında qalır. Su kanalı mütəxəssislərin dediyinə görə, saniyədə 800 litr su vurur. Həmin su öz mənzilinə cəmi 45-40 faiz gəlib çatır. 18 kilometr uzunluğunda olan kanal həddən artıq yararsız, genişlənmiş, dərin quyular, keçilməz qamışlıqlar halında olduğuna görə suyun mənzilə çatmasında böyük problemlər yaranır".

Kənd sakinləri deyirlər ki, yay aylarında su çatmadığından həyətyanı sahələrdə, pay torpaqlarında olan məhsullar susuzluqdan yanır: "Neçə illərdir ki, yaranmış bu vəziyyət kənddə böyük narazılıqlar yaradır, dava-dalaşlar olur. Şıxlı su kanalında olan vəziyyəti, suyun böyük itkiyə getməsini İPAD-ın nümayəndələri 2011-ci ildə gəlib yoxlayıblar. Bizim fikirləri onlar da təsdiqləyiblər. Onlar belə qənaətə gəlmişdilər ki, Şıxlı su kanalına verilən suyun 50 faizi itkiyə gedir".

Kənd sakinləri Bizimyol.info vasitəsi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə müraciət edirlər. Onlar bildirirlər ki, yay aylarında Xramdan su gəlmədikdə, Şıxlı su kanalına İkinci Şıxlı, Birinci Şıxlı, Aslanbəylinin su nasosları vasitəsilə Kür çayından su vurulur: "Kanala vurulan 1 saniyədə 250-300 litr suyun yarısı da itkiyə gedir. Xülasə, Şıxlıda su kanalında vəziyyət olduqca dözülməzdir. Hörmətli Əhməd müəllim, Sizdən artıq dərəcədə xahiş edirik, bu gün çiçəklənən, inkişaf edən tikinti meydançasına bənzəyən Azərbaycanımızın bir güşəsi olan Qazaxın Şıxlı su kanalında da betonlaşma işləri aparılsın. Şıxlının su problemi həll olunsun".

Məsələ ilə bağlı dünən gün ərzində Meliorasiya və Su Təsərrüfatı ASC ilə əlaqə saxlamaq mümkün olmadı.
744 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber