Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

89 yaşlı Şəki sakini xarici ölkələrdən sığınacaq istədi

Rayonda baş alıb gedən qanunsuzluq Nurəddin Xəlilovu BMT-yə müraciət ünvanlamağa vadar edib

Şəki şəhər, Fərman Sadıqov küçəsi 8 ünvanında yaşayan 89 yaşlı Nurəddin Xəlilov BMT-yə müraciət edərək, onlardan xarici ölkələrdən birində sığınacaq alması üçün yardım etmələrini istəyib. Jam.az vasitəsi ilə müraciət ünvanlayan Şəki sakini bildirir ki, Azərbaycanda vətəndaşların müraciətlərinə heç bir əhəmiyyət verilmir.

O qeyd edib ki, indiyə qədər 2000 dəfəyə yaxın prezidentə və müvafiq dövlət qurumlarına üzləşdiyi problemlə bağlı müraciət edib. Lakin indiyə qədər ona nə cavab verən olub, nə də dərdi ilə maraqlanan.

Xəlilovun üzləşdiyi problem isə əmlakla bağlıdır. O bildirir ki, 1900-cu ildə inşa olunan iki otaqlı, ümumi sahəsi 3774 kvadrat metr olan həyatyanı torpaq sahəsi onun atası Davud Xəlilova məxsus olub. «Mən və böyük qardaşım həmin ikiotaqlı evdə yaşamışıq. Orada darısqallıq yarandığından atam həyətin şimal hissəsində böyük qardaşım M.Xəlilov üçün yeni 2 otaqlı ev tikərək, ona təhvil verib. Atam vəfat edənə kimi, yəni 1969-cu ildə qardaşım başımızın yasa qarışmasından sui-istifadə edərək, bütün sənədləri Dövlət Əmlakı Reyster Xidməti vasitəsi ilə öz adına keçirib. Hətta sənədlərdəki bizim adları belə fırıldaq yolu ilə sildirməyə nail olub».

89 yaşlı Nurəddin Xəlilov daha sonra yazır ki, qardaşı külli miqdarda pul verərək, sənədləşdirməni aparan Süleyman Məmmədov vasitəsi ilə onun ata mülkiyyətini üç nəfərin adına rəsmiləşdirərək, digər varisləri həmin mülkiyyətdən məhrum edib. «Bu azmış kimi, Süleyman Məmmədov atama məxsus həyatyanı torpaq sahəsinin ölçüsünü də saxtalaşdıraraq, qardaşım M.Xəlilov üçün yeni imkan yaradıb. O da bundan istifadə edərək, Şəki Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edərək, guya, evsiz kimi yenidən atamızın torpağında ev tikmək üçün qərar alıb. Şübhəsiz ki, rüşvət verməklə».

Şəki sakini vurğulayır ki, qərarı alan kimi, DƏDRX-nin işçiləri dərhat qardaşı üçün yeni texniki pasport sxemi və digər sənədlər tərtib ediblər. «Sonra isə qardaşım Məmmədiyyə oğlu Rasim Xəlilovun adından Şəki Məhkəməsində atamızdan qalan torpaq sahəsinin 50 faizinin ona verilməsinə dair iddia qaldırıb. Onların iddia ərziəsini yazan və havadarlıq edən Rasimin anasının yaxın qohumu Şəki rayon Məhkəməsinin Vəkillər şöbəsinin müdiri Aydın Qafarov olub. Elə mənim qardaşımı öyrədən də bu şəxsdir. Aydın Qafarov uzun illər Şəki rayon Sovetində fırıldaq yolu ilə varlanmış biridir. SSRİ-nin dağılmasından istifadə edən bu şəxs rayonun yarısından çoxunu demək olar ki, özəlləşdirib. Onun qardaşı oğlu isə Şəki Məhkəməsində sürücü işləyir. Məhz Aydın Qafarovun əliylə Rasim 5 nəfərin hüquqlarını ayaq altına ataraq, onların mülkiyyətlərini əlindən aldı».

Nurəddin Xəlilov 30 ildir atasının mülkiyyəti olan torpağa görə vergiləri ödədiyini deyir. O bildirir ki, hakimlər də bunu qəti nəzərə almırlar. «Mən BMT-nin Azərbaycandakı nümayəndəliyinə müraciət edərək onlardan ailəmlə birlikdə qanunların işlədiyi bir dövlətdə sığınacaq almam üçün yardımçı olmalarını xahiş edirəm».
1716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...