Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

İlham Əliyevin ABŞ-a verdiyi hədiyyələr (Siyahı)

ABŞ Dövlət Departamentinin Protokol İdarəsinin rəisi 2012-ci ildə xarici ölkələrdən ABŞ hökuməti liderlərinə verilmiş hədiyyələr haqqında məlumat açıqlayıb. Virtualaz.org bu barədə “Azadlıq” radiosuna istinadən bildirir.

Xəbərdə deyilir ki, avqustun 30-da açıqlanmış rəsmi məlumatda Azərbaycan rəsmilərinin də verdikləri hədiyyələr, onların dəyəri və hazırda saxlandıqları yer haqqında informasiya verilir.

ABŞ qanunlarına görə, dövlət məmuru qiyməti 20 dollardan yuxarı olan hədiyyə qəbul edə bilməz. Eyni zamanda il ərzində eyni adamdan aldığı hədiyyələrin miqdarı 50 dolları keçə bilməz.

Amma reallıqda ABŞ dövlət rəsmilərinin xarici ölkələrə səfərləri zamanı onlara qiymətli hədiyyələr verilib. Dövlət məmurları həmin hədiyyələri onu təqdim edənə geri qaytarmağın kobud davranış ola biləcəyini qeyd edərək qəbul edirlər. Lakin sonradan mütləq onları ABŞ hökumətinin yaratdığı xüsusi hədiyyələr idarəsinə təhvil verməlidirlər. Bu hədiyyələr isə ya Milli Arxiv İdarəsinə, ya da xidməti istifadə üçün başqa istiqamətlərə yönəldilir. 

Azərbaycandan verilən hədiyyələr 

“Azadlıq” radiosu Azərbaycandan gedən hədiyyələrin siyahısını verib.

Prezident Barak Obamaya “Sehrli ilmələr” adlı 1,3x1 ölçüdə yun xalça və mavi, bənövşəyi və narıncı ipək şal hədiyyə verilib. Onu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 13 yanvar, 2012-ci ildə təqdim edib. Bu hədiyyələrin toplam qiyməti 405 dollardır.

Prezident Barak Obama və xanım Mişel Obamaya səkkizgüşəli, çox rəngli kiçik xalça və əl işi olan və qızıl suyuna çəkilmiş büllur bardaq hədiyyə edilib. Səfir Elin Süleymanov toplam qiyməti 1450 dollar olan bu hədiyyələri 20 dekabr, 2012-ci ildə təqdim edib.

Dövlət katibi Hillari Klintona 1,5x1 metr ölçüdə “Qarabağ, Şuşa” adlı xalça, habelə gümüş və qızıl suyuna çəkilmiş iki dəst fincan və nəlbəki, eləcə də “Azərbaycan - tolerantlıq məkanı” adlı kitab hədiyyə olunub. 420 dollarlıq bu hədiyyələri prezident İlham Əliyev 6 iyun, 2012-ci ildə təqdim edib.

Dövlət katibi Hillari Klintona xanım Klintonun qızıl çərçivəyə salınmış 0,8x.06 metr ölçüdə rəsmi hədiyyə olunub. Dəyəri 500 dollar olan bu hədiyyəni ona prezident İlham Əliyev 2012-ci ilin iyununda təqdim edib.

Dövlət katibi Hillari Klintona qara kürü hədiyyə olunub. Səfir Elin Süleymanov 500 dollarlıq bu hədiyyəni ona 9 iyul, 2012-ci ildə təqdim edib.

Dövlət katibinin yardımçısı Filip Qordona qara kürü hədiyyəsini də səfir Elin Süleymanov çatdırıb. 500 dollarlıq bu hədiyyə sahibinə 9 iyul, 2012-ci ildə verilib.

Dövlət Departamentinin sözçüsü Viktoriya Nulanda da həmin gün - 9 iyul, 2012-ci ildə 500 dollarlıq qara kürü verilib. Bu hədiyyəni də ona səfir Elin Süleymanov çatdırıb.

Prezident İlham Əliyev isə həmkarı Barak Obamaya “Azərbaycan”, “Azərbaycan - tolerantlıq məkanı”, “Qarabağ qrupundan Azərbaycan xalçaları” adlı kitablar, gümüşlə işlənmiş 6 fincan hədiyyə edib. Bu, 2012-ci il, mayın 20-də olub. Hədiyyələrin toplam dəyəri 553 dollardır. 

Dövlət Departamentinin Protokol İdarəsinin yaydığı məlumatda ABŞ rəsmilərinin keçən il ərzində aldıqları hədiyyələr sırasında qiyməti bir neçə yüz dollar olan kiçik hədiyyələrdən tutmuş 10000 dollara qədər dəyəri olan əşyalar da var.

Məsələn, Səudiyyə Ərəbistanının müdafiə naziri Salman bin Əbdüləziz əl-Səud keçən il ABŞ-ın müdafiə naziri Leon E.Panettaya qiyməti 7600 dollar olan dəvə və palma ağacı fiquru verib.

İrlandiya hökumətinin rəhbəri Enda Kenninin ABŞ prezidenti Barak Obamaya bağışladığı büllur qab və heykəlciyin də qiyməti təxminən 7246 dollar olub. 

Ermənistandan ABŞ rəsmilərinə nələr verilib? 

Siyahıda Ermənistandan verilən hədiyyələr haqqında da məlumatlar var. Məsələn, 2012-ci ilin dekabrında Ermənistanın baş naziri Tiqran Sərkisyan Ağ Evin əməkdaşına qiyməti təxminən 1000 dollar olan qızıl sikkələr verib.

Xarici işlər naziri Eduard Nalbəndyan isə həmkarı Hillari Klintona qiyməti təxminən 520 dollar olan şərf, sırğa, qolbaq və sancaq dəsti hədiyyə edib. Baş nazir Sərkisyan isə xanım Klintonaa qiyməti 2200 dollar olan “Muş vaizi” adlı heykəlcik təqdim edib. Sərkisyan ABŞ-ın müdafiə naziri Leon Panettaya da 2100 dollar dəyəri olan qədəh hədiyyə edib. 

Dik Çeyni və xanımının Bakıda aldığı hədiyyələr 

Dövlət Departamentinin məlumatında əvvəlki illərdə alınmış hədiyyələr haqqında da məlumat var. Bu informasiyalar içərisində ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyninin 2008-ci ildə aldığı bahalı hədiyyələr diqqət çəkir.

Məsələn, vitse-prezidentin qızı Elizabet Çeyni 2008-ci ilin martında Səudiyyə Ərəbistanı kralından qiyməti 85000 dollar olan, brilyant və yaqutdan hazırlanmış zinət əşyaları qəbul edib. Həmin vaxt kral ABŞ-ın vitse-prezidentinin xanımı Linne Çeyniyə də qiymət 65000 dollar olan zinət əşyaları hədiyyə edib.

Dik Çeyni 2008-ci ildə Azərbaycandan da xeyli hədiyyələr alıb. Əsasən prezident İlham Əliyevin təqdim etdiyi həmin əşyaların siyahısı aşağıdakı kimidir:

Prezident İlham Əliyev 3 sentyabr, 2008-ci ildə ABŞ-ın vitse-prezidenti Dik Çeyniyə toplam dəyəri 2718 dollar olan 10 banka nərə kürüsü, Tovuz konyakı, bir qutu nar, 10 qutu nar şirəsi hədiyyə edib. Prezident elə həmin gün Çeyniyə 295 dollar dəyəri olan foto-albom, əl işi olan 6800 dollarlıq ipək xalça, habelə D.Çeyninin xanımına üst-üstə 620 dollar dəyəri olan qızıl və gümüş dəstəyi olan 6 fincan, üstü naxışlı qolbaq, naxışlı gümüş kəmər, eləcə də 120 dollarlıq quru meyvə və cem hədiyyə edib./azadliq.org/

2109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber