Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2015

Fransada peyda olmağım barədə

Özüm haqqında, daha doğrusu, Fransada necə peyda olduğum haqqında qısa bir izahat vermək istəyirəm. Diqqətli oxucularımız bilir, qardaşım Murad Ədilovun ötən ilin avqustunda heç bir qanuni əsas olmadan, yalnız kor siyasi qisasçılıq zəminində şərləyərək həbs edilib. Muradın indi məhkəməsi gedir. Möcüzə baş verməsə, onun ittiham edildiyi maddə üzrə 5 ildən 12 ilədək azadlıqdan məhrum edilməsi gözlənilir.
Muradın həbsi nə ailəmiz, nə də mənim daxil olduğum siyasi çevrə üçün gözlənilməz hadisə sayılmaz. Hakimiyyətin azad və tənqidçi sözə qaba münasibətini bildiyimdən o da bəlli idi ki, onlar mənim ictimai-siyasi fəaliyyətimdən, xüsusən «Azərbaycan Saatı»ndakı işlərimdən çox qəzəblidilər. Mümkün olan və olmayan bütün vasitələrlə bu proqrama son qoymaq qərarı verilmışdı. «Azərbaycan saatı»nın bütün əməkdaşları kimi mən də susmasam cəzalanacağımla xəbərdar olunmuşdum. Açıq deyim ki, belə xəbərdarlıqları «Azadlıq»da, «Azərbaycan Saatı»ında işləyərək almamağın özü təəccüblü olardı və biz belə şeylərə çox alışmışdıq.

Hətta sizə bir hadisəni danışım. Seymurun həbs olunacağı barədə dəqiq və ard-arda mesajlar aldıq. Seymurun vecinə deyildi, bircə narahatlığı o idi ki, bizdəki kimi evə soxulub valideynlərinə stress yaşadılmasın. Həmin həftə «Azərbaycan Saatı»nın növbəti buraxılışını çəkirik, Seymur yoxdu. Zəng edirəm, deyir xəstələnmişəm. Eybi yox, deyib telefonu bağlayıram. Birdən yadıma həbs xəbərdarlığı düşür. Təzədən onu yığıb, «Bəy, noldu, hələ ortada heç nə yoxdu, xəstəlik tapmısan» deyirəm və gülüşürük. Səhəriki çəkilişə gələndə Seymuru elə evlərinin yanında tuturlar.

Lakin, mən və yaradıcı heyətdə olan yoldaşlar təslim olmaq fikirində deyildik. Hökumətin haqsız tələb və təhdidinə “yox” dediyim üçün Murad və Seymurun şərlənib tutulması bəlkə də manyaklıq kimi görünəcək. Bu bir an da bizi tərəddüdə salmadı. Biz yenə yola davam elədik. Çıxdığımız yoldan dönməyəcəyimizi bəyan elədik. Bu heç də biz tərəfdən yersiz inadkarlıq, höcətləşmək deyildi. Mən və dostlarım şüurlu olaraq dərk edirdik ki tutduğumuz bu yol doğru-düzgündü. Bütün vətəndaşlarımızın, məzulumların səsi olmaq bizim üçün şərəfdir, ona görə də nəyin bahasına olur-olsun, «Azərbaycan saatı»nı yaşatmalıydıq. Çünki bilirsiniz, bədbəxtlikdən bu gün milli efir məkanında bu proqramdan başqa həqiqəti deyəcək başqa biri yoxdur. Bəlkə də ikinci belə bir tribuna olsaydı, bizim susmaq, yaxud xəttimizi bir az yumşaltmaq üçün bəhanəmiz olardı.

***

Muradı və Seymurun şərlənməsindən sonra növbə texniki işlərə baxan əməkdaşımız Xalid Qarayevə çatdı, onu da gülünc ittihamlarla həbsə atdılar. Amma yenə də qəzəbləri soyumamışdı. Çünki məqsədlərinə çatmamışdılar, «Azərbaycan Saatı» davam edirdi. Belə bir vaxtda artıq növbəti dəfə daha şiddətli formada cəzalanma sırasının mənə çatdığı barədə dəqiq informasiyalar əldə elədik. Hələ avqustun sonundan üzə çıxartmışdıq ki, DİN heç bir əsas olmadan mənim pasportumu «fəaliyyətsiz» elan edib. Pasportumun nə üçün invalid edilməsi ilə bağlı suallara bu gün də cavab verilməyib.

Mən seçim qarşısında qalmışdım. Ya taleyimlə barışıb hakimiyyətə əsir düşəcəyim günü gözləməli idim, ya da bir yol tapıb onlardan canımı qurtarmalı, «Azadlıq» qəzetində, «Azərbaycan saatı»nda öz əməyimi sərf eləməliydim. Yox, bu sözlərimlə qətiyyən özümün əvəzsiz olduğumu bildirmirəm, “mən olmasam proqram, qəzet batar” kimi təkəbbürlü iddiaya da düşmürəm. Məsələ bundadı ki, yenə də bədbəxtlikdən iş elə gətirib ki, biz “Azərbaycan saatı”nda cəmi üç nəfər idik. Lap Əhmət Kayanın o məşhur mahnısında deyildiyi kimi. Seymurun həbsindən, mənim də Muradın işinə başım qarışandan sonra proqramın ağır yükü təkcə Qənimət Zahidin çiyinləri üzərində idi. Mən düşündüm. İndi bizim həbsdə yüzdən artıq dostumuz, əqidədaşımız var, onların sayını artırmaqla elə bir qəhrəmanlığa imza atamayacağam. Əksinə bu dostlarıma əlavə yük, qayğı gətirəcək. Həbsdən qorxmaqdan heç söhbət gedə bilməzdi. Şükürlər olsun ki, bəndəniz bu həyatı lap gənc çağlarında 2003-də alnıaçıq yaşayıb keçib. Xatırladım ki, 2003-cü ildə İlham Əliyev dövlət başçılığına «bismillah» elədiyi gün məni də şərləyib tutmuşdular. Beləliklə, dostlarla, əqidədaşlarla məsləhətləşik. Bəlli oldu ki, artıq Azərbaycanda oturub «Azərbaycan saatı» üçün işləmək mümkünsüz hala gəlib. Buna görə də Bakıdakı studiyanı bağlamaq, fəaliyyətimizi xaricdən davam etdirmək kimi asan olmayan bu qərarı verdik.

Ümidvaram və hər kəsi əmin edə bilərəm ki, mən Natiq, eləcə də seyr etdiyiniz «Azərbaycan Saatı» çıxdığımız yola həmişə sədaqətli olacaq. Biz heç zaman məzlumun haqqını zalıma yedirtməyəcəyik, mübarizənin getdiyi hər meydanda daima haqqın əsgəri və ruporu olacağıq. indi Fransadayam və Qənimət Zahidlə birlikdə «Azərbaycan Saatı»nın studiyasında fəaliyyətimə davam etməkdəyəm…

Natiq Ədilov /azadlıq
1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21