Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2015

Yüz minlik mitinqə mane olan nədir?

Milli Şura 5 apreldə növbəti mitinqinə hazırlaşır. Bu mitinqə gedərkən 15 martda keçirilən son mitiniqlə bağlı bəzi çıxarışlar etməliyik. Birinci vacib məqam odur ki, mitinqin tələbi kifayət qədər vacib və xalqın istəklərinə uyğundur. Hökumətin talan və yalan siyasəti hamını təngə gətirib. Biz müşahidə elədik ki, hökumətin əldə saxladığı bəzi muzdur qələm adamlarından başqa kimsə mitinqin tələblərinə etiraz etmədi. Onlar da vicdanları ilə başbaşa qalanda yüz faiz bu mitinqi ərsəyə gətirənlərə “əhsən” deyirlər.
Növbəti mitinqi zəruri edən səbəbin biri də elə əvvəlki aksiyanın qətnaməsindəki tələblərin yerinə yetirilməməsidi. Hakimiyyət nəinki o tələbləri yerinə yetirməyib, heç o qətnaməyə ağlabatan reaksiya da yoxdur. Hansısa YAP-çının mitinq barədə “gözünü yumub, ağzını açmaq” misalında mövqe bildirməsi, hələ reaksiya sayılmaz.
Bu mitinqÿ hakimiyyətin “müxalifətlə dialoq” tamaşasını da yaxşıca ifşa elədi. Xalqa, eləcə də jurnalistlərə hakimiyyətin “bir özü, bir də papkası olan” partiyalarla hansı mövzu ətrafında müzakirə apardığı, dialoq qurduğu məlum deyil. Elə bu məchulluqdan da istifadə edib, hökumət və ona bağlı cib müxalifəti bəyan edir ki, dialoq, müzakirələr səmərəli keçir.
Gəlin, səmimi olaq. O dialoq tamaşasında olan partiyaların ictimai-siyasi sanbalı olan hansısa addımını, ard-arda 5 funksionerini kimsə saya bilərmi? Heç kim. Bəs onda hakimiyyətin niyyəti nədir ki, arxasında heç bir ictimai yükü olmayan süni partiyalarla müzakirə aparır, guya, dialoq qurur, amma onminləri səfərbər edən qüvvənin səsləndirdiyi tələbi eşitməzdən, görməzdən gəlir? Bunların gözü necəsə çaşıb ki, “bir papkalı” partiyanı minlərin, onminlərin təmsilçisi kimi görür, meydanda olan onminləri isə 5-10 nəfər kimi? Hakimiyyət üçün müxalifəti və cəmiyyəti narahat edən mövzular doğrudan da vacibdirsə, buyursunlar, mitinqdə səslənən fikirlər, qətnamə, eləcə də mitinqdə gələnlərin ayrı-ayrı qəzetlərə, saytlara verdikləri açıqlamalara baxsınlar.
Ikinci vacib məqam mitinqlərin kütləviliyilə bağlıdır. Bu istiqamətdə tənqidlər oldu. O tənqidlərin rəngini ayırd eləmək çox asandır. Çox asan bilmək olurdu ki, tənqidin arxasında nə dayanır. Mən daha çox o tənqidlər üzərində dayanmaq istəyirəm ki, o adamlar doğrudan da müxalifətin və etirazın güclü olmasını istəyirlər.
Bəli, razılaşmaq lazımdır ki, indi ölkədəki vəziyyət yüzminlərin meydana axışmasını diqtə edir. Bəs onlar niyə meydanda yoxdular, bunun günahkarı müxalifətdirmi?
Hər bir şeyə müqayisə ilə qiymət verilir. Ona görə gözdən keçirək, görək ki, Azərbaycan kimi sərt avtoritar rejimlərin hökm sürdüyü ölkələrin hansı birində müxalifət bu cür aksiyalar keçirə bilir? Heç birində. Müxalifəti tənqid eləmək üzrə ciddi səy göstərən Rəsul Quliyev özü də bu suala cavab verməkdə acizdir. Rəsul müəllimlə Milli Şuranın keçənilki mitinqləri vaxtı belə bir polemikamız olmuşdu. Mitinqləri tənqid edərkən ona demişdim ki, “Rəsul müəllim, bir yandan kitablarınızda, müsahibələrinizdə Azərbaycandakı rejimi Mao, Stalin rejimi ilə bir tutursunuz, o biri yandan da Milli Şuranın keçirdiyi mitinqləri tənqid edirsiniz. Axı razılaşmalısınız ki, adını çəkdiyiniz rejimlərin heç birində Milli Şuranın keçirdiyi aksiyalardan birini də keçirən olmayıb. Ona görə də tərsliyi yerə qoyub, ya bu ”donqıli" tənqidlərinizi dayandırın, ya da o kitablarınızdan imtina edin, çünki ikisi bir yerdə tutmur".
Mitinqlərdə yüzminlərin, milyonların iştirak etməməsinə səbəb kimi müxalifətin qabiliyyətsizliyini göstərmək düzgün yanaşma deyil. Təkcə “Azadlıq” qəzetində mitinqdən hazırlanan reportajı 130 mindən çox adamın oxuması düşündürücü faktdır. Demək, mitinqə ictimai maraq çox yüksəkdir. Xalqın əksər hissəsinin ora qatılmamasının yeganə səbəbi ölkədəki azğın və qəddar idarəetmə, qorxudur.ÿ Insanlar öz haqlı tələblərini ifadə eləməyə qorxur. Məgər bu sirdir, yoxsa başa düşülməsi çətin məsələdir?
Müxalifətin mitinqini tənqid eləmək asandır, amma yaxşı olar ki, bir suala da cavab tapılsın. Bəs iqtidar və onun tərəfdaflarının mitinqi hardadır? Bizim Milli Şura heç olmasa hər mövsümdə meydana çıxıb sözünü deyir. Axı illərdir iqtidar və onun cib müxalifəti bundan da məhrumdur. Son dəfə prezident seçkisində Ilham Əliyev və onun süni alternativlərinin keçirdiyi hansı bir mitinqi Milli Şuranın keçirdiyi ixtiyari aksiya ilə müqayisə eləmək olar? Elə bilirsiniz ki, onlar mitinq keçirmək istəmirlər? Ölürlər bundan ötrü. Sadəcə, bacarmırlar. Pulla meydana yığmaq istədikləri adamlar da əvvəlki kimi fərasətsiz deyil, gəlib adlarını yazdıran kimi aradan çıxırlar, bunlara qalan isə rüsvayçılıq olur. Bunu axı hamımız görürük.
Milli Şuranın heç bir elementar siyasi instrumentləri olmadığı halda, meydana çıxıb haqq sözünü deməsi təqdirəlayiq hadisədir. Keçirilən bu aksiyalar qarşıya qoyulan məqsədlərə çatmaq üçün ölkədəki xof mühitinin qırılması üçün də ən təsirli mexanizmdir. Bununla yanaşı,ÿ qeyri-əlverişli şəraitdə keçirilən bu aksiyalar həm də xalqı səfərbəretmə bacarığının inkişafıdır. Bu isə hamımızın uğurudur. Allah eləməsin, sabah xaos mühiti yaransa, bu iqtidarın sözünü eşidən, o sözə uyğun hərəkət edən bir Allah bəndəsi olmayacaq. Belə bir xoşagəlməz məqamda, ekstremal vəziyyətdə xalqı təşkilatlandıracaq, onun dağıdıcı kütləyə, başıpozuq dəstəyə çevrilməsinin qarşısını almağın ən yaxşı yolu təşkilati bacarığı yüksək olan, xalqa bağlı liderlər, qurumlardı. Milli Şuranın belə bir uca missiyası da var. Ona görə də 5 aprel mitinqinə güc qatmaq, onu sanballı eləmək özünü və ölkəsini düşünən hər bir azərbaycanlının borcudur.

Natiq Güləhmədoğlu/azadlıq
869 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24