Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2015

Leyla Yunusla bağlı həyacanlı xəbər

Elçin Qəmbərov: “Müalicə olunmasa, o, görmə qabiliyyətini tamam itirə bilər”

Həbsdəki Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun səhhətində yaranan problemlər pik həddə çatıb. Hüquq müdafiəçinin gözləri tamam tutulmağa başlayıb. Aprelin 1-də SDİ rəhbəri Ədliyyə Nazirliyinin həkimi tərəfindən müayinə olunub. Bu barədə musavat.com-a aprelin 1-də Leyla Yunusla görüşən vəkil Elçin Qəmbərov məlumat verib: “Leyla xanımla görüşdüm. Ədliyyə Nazirliyinin həkimi də gəlmişdi. Sol gözü artıq görmə qabiliyyətini itirir. Vaxtilə o, gözündən əməliyyat olunub. Həkim deyib ki, insan həbsxanada olanda, yaxud ağır xəstəliklə üz-üzə qalanda belə vəziyyət yaranır və nəticədə gözün pərdəsi qaralır. Həkim bəzi dərmanları yazdı. Amma bu onun müalicəsi üçün yetərli deyil. Göz həkimi sadəcə, dərmanları yazdı. Orqanizmi tamam zəifləyib. Bununla bağlı müvafiq müraciətlər edəcəyik. Tədbir görülməsə, görmə qabiliyyətini tamam itirə bilər. Çəkisi də günbəgün azalır. Leyla Yunusun əsas narahatçılığı səhhəti ilə bağlıdır. Çox ciddi problemdir. Saxlanma şəraiti və yemək aparılmasında problem yoxdur”. Vəkil hüquq müdafiəçisinin həbs müddətinin 5 ay uzadılmasına qarşı verdikləri apellyasiya şikayətinə baxılma tarixinin hələ də müəyyənləşmədiyini qeyd etdi. Xatırladaq ki, Leyla Yunus ötən il iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar.

Leyla Yunus Bakı İstintaq Təcridxanasında, Arif Yunus isə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.
838 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber