Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2015

Leyla Yunus həbsxanada 15 kiloqram çəki itirib

Vəkil Elçin Qəmbərov: «Leyla xanımın orqanizmi demək olar ki, sıradan çıxıb...»

«Əminik ki, işin istintaqı bu ilin axırınadək uzadılacaq, ilin axırı, ya da gələn ilin əvvəlində məhkəmə prosesi başlayacaq»


Sülh və Demokratiya Institutunun direktoru, hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus görmə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzədir. Bu barədə “Azadlıq” radiosuna müsahibəsində hüquq müdafiəçisinin vəkili Elçin Qəmbərov məlumat verib. Aprelin 1-də Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında Leyla Yunusla görüşən vəkilin sözlərinə görə, hüquq müdafiəçisi həkim müayinəsindən keçib:
- Görüş vaxtı bildirdi ki, sol gözündə (hər iki gözü bir neçə il öncə əməliyyat olunub - E.Q.) görmə qabiliyyəti pisləşib, qara ləkələr əmələ gəlib. Ədliyyə Nazirliyinin göndərdiyi oftalmoloq aprelin 1-də səhər onu müayinə edib. Bildirib ki, bu cür xəstəliklər adətən ya ağır yataq xəstələrində, ya da həbs, düşərgə həyatı yaşayanlarda əmələ gəlir. Yəni bu, orqanizmin tamamilə zəifləməsilə əlaqədardır. Leyla xanımın orqanizmi demək olar ki, sıradan çıxıb. Hazırda onun çəkisi 46 kiloqramdır, həbsdən əvvəl isə 61 idi. Müəyyən dərmanlar yazılıb, ancaq onlar da yetərli deyil. Həkim dedi ki, gözün sağalması üçün ümumi orqanizmin yaxşılaşması lazımdır. Bu da həbs şəraitində qeyri-mümkündür.
- Həkim müalicə yazdı, yoxsa əməliyyata ehtiyac olduğunu dedi?
- Müalicə yazdı. Əməliyyatlıq bir şey yoxdur, çünki artıq əməliyyat olunub. Bunun tam müalicəsi də yoxdur. Gözün xəstəliyi o dərəcədə gözlə bağlı deyil ki, nəinki ümumi orqanizmlə. Yəni, gözlərindəki problem orqanizmin ümumi sağlamlıq durumu ilə bağlıdır.
- Ötən ay alman həkimÿKristian Vitt də Leyla Yunusu müayinə etmişÿvə qaraciyərində parçalanma prosesinin getdiyini demişdi. Bununla bağlı vəziyyət nə yerdədir?
- Elə həmin problemdir ki, özünü gözdə də göstərir. Həkim Vitt ötən ay müayinə edərkən dedi ki, “Leyla xanım, sən bütün xəstəlikləri qoy qırağa, yalnız hepatit C-nin üstünə düşmək lazımdır”. Hepatit C-nin də inkişafı elə gedir ki, çox pis fəsadlar baş verir. Hər halda, hazırda qanda parçalanma gedir. Bunun həyata nə dərəcədə təhlükəli olduğunu bilmək üçün həkim olmağa ehtiyac yoxdur.
- Amma rəsmilər bütün bu diaqnozları inkar edirlər...
- Bəli, rəsmilər inkar edirlər, deyirlər ki, həyatı üçün təhlükəsi olan xəstəliyi yoxdur. Biz də hər halda, özümüzdən danışmırıq, istinad etdiyimiz mənbə həkimlərdir. Hər halda, həkimlərin sözü daha önəmlidir, nəinki rəsmilərin.
- Belə olan halda, hansı hüquqi addımları atmaq istəyirsiz? Əlinizdə özünüzün xahişi ilə müayinə edən həkimlərin rəyi varmı?
- Əfsuslar olsun ki, biz Almaniyadan gələn həkimin rəsmi rəyini ala bilmirik. Buna görə də əlimizdə tutarlı arqument yoxdur ki, onunla da hərəkət edək. Bu, ancaq şifahi məlumatdır. Sorğu göndərməyimizə, müraciətlərimizə baxmayaraq, həkim bizə rəsmi, yazılı rəy vermir.
- Niyə vermir, səbəb nə ola bilər ki?
- Səbəb bizə də aydın deyil. Bu günədək nə qədər çalışmışıq, başqa vasitələrə də əl atmışıq, xaricdən başqa müraciətlər də olub, amma biz həkimdən rəsmi kağız ala bilmirik.
- Başqa bir həkim gətizdirmək mümkün deyilmi?
- Başqa həkim də gətirtmək olar, amma bunun da öz çətinlikləri var. Belə olan halda, başqa həkimin gətirilməsi də problemə çevrilə bilər.
- Hər halda cəhd edirsizmi buna?
- Xahiş etmişik ki, xaricdən bir oftalmoloq gəlsin. Nəticəsini gözləyirik.
- Leyla xanımın başqa bir narahatlığı da varmı?
- Bugünkü gündə saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Bir narazılığımız var, o da onu uzun müddət həbsdə saxlamaq niyyətilə bağlıdır. Istintaq getmir, işin məhkəməyə göndərilməsi yaxın gələcəkdə görünmür. Biz əminik ki, işin istintaqı bu ilin axırınadək uzadılacaq, ilin axırı, ya da gələn ilin əvvəlində məhkəmə prosesi başlayacaq.
- Hazırda işə baxılması nə yerdədir?
- Leyla xanımın özü ilə bağlı hazırda heç bir istintaq işi aparılmır. Başqa istintaq hərəkətlərinin gedib-getmədiyini deyə bilmərəm, çünki bu barədə bizə hər hansı məlumat verilmir.
- Leyla xanımın özündən sonrakı həbdslərə, vətəndaş cəmiyyəti ilə bağlı baş verənlərə münasibəti necədir, bu barədə sizə nəsə deyibmi?
- Birmənalı olaraq vətəndaş cəmiyyətinin, institutların Azərbaycanda bağlanması ona çox mənfi təsir göstərib. Düşünür ki, bugünkü gündə heç kəs qalmayıb ki, siyasi məhbusların siyahısını hazırlayıb xaricə təqdim etsin. Insan haqlarının müdafiəsilə məşğul olan şəxslər həbsdədir. Ikinci də o fikirdədir ki, həbslərlə cəmiyyətdə xof yaradırlar. Çox böyük narazılığı xarici dəstəklə bağlıdır. Xüsusi olaraq narazılığı Fransa, Almaniya və ABŞ hökumətindəndir. Beynəlxalq təşkilatlara minnətdardır ki, onlar insan haqları ilə bağlı böyük işlər görürlər.
- Yəni Leyla Yunus ictimai fəalların, o cümlədən özünün həbsinə reaksiyanı adını çəkdiyiniz ölkələrin rəhbərlərindən gözləyir?
- Bəli, çünki beynəlxalq təşkilatlar özü-özlüyündə bir amorf qurumdur. Onların Azərbaycan hökumətinə təsir mexanizmi yoxdur. Bu gün Almaniya, Fransa, ABŞ kimi ölkələrin müəyyən təsir imkanları var.
- Imkanlar deyəndə konkret nəyi nəzərdə tutursuz?
- Minimum güc sərf etməklə sanksiyalar tətbiq edə bilərlər. Söhbət siyasi, iqtisadi sanksiyalardan gedir. Heç olmasa, adi bir münasibət, reaksiya belə yoxdur.

Penitensiar Xidmət təkzib edir

Leyla Yunusun səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş Idarəsinin rəis müavini Iftixar Qurbanov da “Azadlıq” radiosuna açıqlama verib. Bildirib ki, həkim onun gözündə hər hansı patologiya aşkar etməyib. Iftixar Qurbanov Leyla Yunusun qaraciyərində parçalanmanın olması ilə bağlı deyilənləri də əsassız sayır: “Müraciət etmişdi ki, gözündə zəif tor əmələ gəlib. Göz həkimi müayinə edib, patologiya aşkar etməyib. Səhhəti stabil kafidir. Həkim nəzarətindədir. Bizim həkimlərlə bərabər Avropadan ekspertlər də nəzarətdə saxlayırlar, gəlib bir neçə dəfə baxıblar və onların da qiymətləndirməsi vəziyyətinin stabil olduğunu göstərir. Təzyiqi ilə bağlı dərmanlar verilir ona. Bəzən dərmanların düzgün qəbuluna riayət etmir. Qaraciyərində heç bir parçalanma aşkar olunmayıb. Bunu ekspertlər də təsdiq edirlər”.
***
Xatırladaq ki, Leyla Yunus ötən il iyulun 30-da həbs olunub. ona qarşı vergidən yayınma, sənəd saxtakarlığı, vəzifədən səlahiyyətlərini aşma, dövlətə xəyanət kimi ittihamlar irəli sürülüb. Leyla Yunusdan az sonra - avqustun 5-də onun həyat yoldaşı Arif Yunus da həbs olundu. Ona qarşı da eyni ittihamlar irəli sürülüb.
Lakin yerli və beynəlxalq ictimaiyyət bu ittihamların qondarma olduğu, Leyla və Arif Yunusun sifarişlə həbs olunduğu qənaətindədir. Həbsin səbəblərinə gəlincə, baş verənlər daha çox Leyla Yunusun insan haqlarının müdafiəsilə bağlı gördüyü işlər, xüsusən siyasi məhbusların siyahısını hazırlayıb yayması ilə əlaqələndirilir. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı da Leyla və Arif Yunusları “vicdan məhbusu” elan edib./azadlıq/
760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01
AİP lideri Mö