Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2015

“Xalq bu cür mitinqlərə qatılmaqla öz taleyini həll edir”

Ölkənin tanınmış ictimai-siyasi xadimlərindən 5 aprel çağırışı

«Nə vaxt əhali birləşib, baş verənlərə etiraz səsini ucaltsa, hakimiyyət də o zaman geri çəkilməyə məcbur olacaq»

Milli Şuranın ölkədəki talançılığa etiraz olaraq aprelin 5-nə təyin etdiyi mitinqə cəmiyyətin müxtəlif təbəqələrindən dəstək var. Ölkənin tanınmış ictimai-siyasi xadimləri özlərinin mitinqdə iştirakını bəyan etməklə yanaşı, həm də cəmiyyətə çağırış ediblər.

“Xalq başına gətirilənlərə vaxtında səsini çıxartmasa...”

Tanınmış hüquqşünas Qurban Məmmədov deyir ki, bu gün Azərbaycan xalqı böyük sınaq qarşısındadır. Belə bir mərhələdə xalq öz taleyinə biganə yanaşmamalıdır: “Fevral ayında baş verən manatın devalvasiyasının heç bir iqtisadiÿ əsası yox idi. Bunun adı defoltdur, millət üçün fəlakətdir. Baş verənlər bir daha sübut etdi ki, Azərbaycan iqtisadi qanunlarla idarə olunmur. Milli valyutanın dəyərinin düşməsi və ya qalxması təbii prosesdir. Ancaq bir gecənin içində 34 faizlik devalvasiya qərarı xalqın sosial durumunu nəzərə almamaq, əhalini sözün əsl mənasında təhqir etmək deməkdir. Bu gün Azərbaycanda büdcədən 3-4 dəfə artıq vəsait qeyri-rəsmi yolla dövr edir. Yoxsa aylıq maaşı min manat civarında olan məmurlar dəyəri milyonlarla ölçülən mülkləri necə inşa etdirərdi? Insanlarda hakimiyyətə qarşı bu qədər nifrət oyatmaq olmaz.ÿƏgər xalq başına gətirilənlərə vaxtında obyektiv qiymət verməsə, səsini duyurmasa, hakimiyyət yeritdiyi bu siyasətin doğru olduğunu hesab edəcək. Ölkəni idarə edənlər ”susmaq razılıq əlamətidir" prinsipini rəhbər tutaraq yürütdüyü daxili siyasəti elə bu cür davam etdirəcək. Bu gedişatın sonu isə talandır, fəlakətdir. Bir gecədə 34 faiz qarət olunan vətəndaşlarımız, evi dəyər-dəyməzə əlindən alınan, əmlakı talan edilən sakinlərimiz, təhsil haqqı problemi ucbatından övladlarına ali təhsil verə bilməyən valideynlər, ümumilikdə bütün vətəndaşları 5 aprel mitinqinə dəvət edirəm. Gəlin ki, bu yarıtmaz idarəedicilər xalqın gücünü görüb bu siyasəti durdursunlar!"

“İnsanlar bir araya toplaşıb etirazlarını bildirməyi bacarmalıdır”

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli də o fikirdədir ki, əhali sosial durumuna vurulan zərbəyə susqun yanaşmamalıdır:
“Milli Şuranın istər 15 martda keçirdiyi, istərsə də aprelin 5-nə təyin etdiyi mitinqləri əvvəlki aksiyalardan fərqləndirən cəhət bunların sosial tələblərlə keçirilməsidir.
21 fevralda baş verən devalvasiya xalqa çox ağır zərbə vurdu. Insanlar əhəmiyyətli dərəcədə yoxsullaşdılar. Hər bir azərbaycanlı ailəsinə azı 34 faizlik zərbə vuruldu və onsuz da maddi durumu ağır olan əhali bu siyasətin nəticəsində daha da müflisləşdi. Müəllimlər, həkimlər, pensiyaçılar, bir sözlə, maaşını manatla alan bütün insanların sosial durumu daha da ağırlaşdı. Amma onlarla yanaşı, digər sahənin insanlarına, o cümlədən biznes sektoruna, sahibkarlıq mühitinə, kənd təsərrüfatına da böyük maddi zərbə vuruldu. Ümumilikdə cəmiyyətin bütün təbəqələrindən olan insanlar manatın devalvasiyasının ağırlığını öz üzərində hiss edir. Belə bir məqamda devalvasiyaya müvafiq olaraq yaranmış fəsadların aradan qaldırılması üçün heç bir addım atılmır. Mitinqin əsas məqsədi hökuməti bu lazımi addımları atmağa sövq etməkdir. Ilk olaraq, korrupsiya ilə mübarizə genişlənməli və bu mübarizə sözdə deyil, əməldə görünməlidir. Inhisarçılıq ləğv edilərsə, qiymətlər qısa zamanda əhəmiyyətli dərəcədə aşağı düşər. Hökumət tez bir zamanda ölkədə liberal iqtisadiyyatın yaranmasına, iqtisadi mühitdə hökm sürən gərginliyin aradan qaldırılmasına, sahibkarlara qarşı dözülməz basqlları aradan qaldırılmasına təkan verməklə bahalaşmanın qarşısını almalıdır. Kənd təsərrüfatına ciddi şəkildə yardım edilməli, bu sahə stimullaşdırılmalıdır.
5 aprel mitinqinin əsas tələbi yubanmadan ölkədə köklü islahatların həyata keçirilməsidir. Sosial-iqtisadi siyasi islahatlar, hüquq sahəsində reformalar, məhkəmələrın mütəqilliyi sahəsində ciddi addımlar atılmalıdır.
Insanlar bilməlidir ki, bu mitinqlərə qatılmaqla öz talelərini həll etmiş olurlar. Sərbəst toplaşmaq azadlığı haqqında qanunun tələbinə uyğun olaraq, insanlar bir araya toplaşıb öz fikirlərini, etirazlarını bildirməyi bacarmalıdır. Bizim mitinqlər dinc, sivil şəkildə həyata keçirilir. Xalq aprelin 5-də baş tutacaq razılaşdırılmış aksiyada iştirak etməklə öz varlığını sübut etməlidi".

“Hakimiyyət artıq xalqı çörəklə imtahana çəkməyə başlayıb”

Tanınmış ziyalı Eldəniz Quliyev də deyir ki, xalqın 5 aprel mitinqinə qatılması üçün səbəb çoxdur, qatılmamaq üçün isə heç bir əsas yoxdur: “Necə ola bilər ki, zəngin bir ölkənin vətəndaşı bu qədər yoxsul vəziyyətdə yaşasın?! Ölkənin talan edilməsilə yanaşı, aparılan repsessiya siyasəti də vətəndaşları bu hakimiyyətə etiraza məcbur edir.ÿBu gün ölkədə kifayət qədər narazı kütlə var. Bu narazılığı etiraz gücünə çevirəcək fərdlər, qurumlar və təşkilatlar məhz Milli Şurada təmsil olunurlar. Bu baxımdan, hesab edirəm ki, xalq ölkədə hökm sürən özbaşınalıqlara, əhalinin mənafeyinin əleyhinə olan addımlara etirazını bildirməyə gecikməməlidir. Azərbaycan hakimiyyəti artıq xalqı çörəklə imtahana çəkməyə başlayıb. Hətta zamanında faşist Almaniyasında belə, insanlar çörəklə imtahana çəkilmirdi. Azərbaycan xalqı hökuməti demokratik islahatlara məcbur etməlidir. Daha o zaman deyil ki, mitinqləri evimizdə oturub izləyək. Aksiyaların real iştirakçısı olmağın zamanıdır artıq. Əks halda, ölkədə bahalaşmanın ikinci dalğasına start veriləcək ki, bu artıq uçurum demək olacaq.

“Gəlin ki, bu yarıtmaz rejimə ”yox" deyək!"

Ölkənin görkəmli hüquqşünaslarından olan Namizəd Səfərov da vurğulayır ki, xalqa düşmən kəsilənlərə qarşı yumruq kimi birləşməyin zamanıdır: “Ölkədə hökm sürən ağlasığmaz hadisələrə, özbaşınalığa, xalqa qarşı törədilən cinayətlərə etiraz olunmalıdır. Insanlar qrup şəklində, fərdi şəkildə etirazlarını ifadə edirlər. Amma bunların effekti olmur. Hakimiyyəti xalqın səsini eşitməyə yalnız və yalnız kütləvi aksiyalar məcbur edə bilər. Bu baxımdan, Milli Şura olaraq qərara gəlmişik ki, etiraz aksiyalarını davamlı edək. Bu gün Azərbaycanda hər bir sahədə olduğu kimi, səhiyyədə də ciddi problemlər var. Bu gün təqribən iki min nəfər ürək çatışmazlığından əziyyət çəkir və əməliyyat üçün 8 min manat tapa bilmir. Hökumət bu xalqı düşünsəydi, bu vəsaiti dövlət hesabına ödəyər və vətəndaşlar da əməliyyat olunardılar. Amma onlar xalqa bunu da çox görür. Çünki bu hökumət xalqa düşmən münasibətindədir. Nə vaxt əhali birləşib, kütlə şəklində səsini ucaltsa, hakimiyyət də o zaman geri çəkilməyə məcbur olacaq. Ona görə də xalqın hər bir nümayəndəsini 5 aprel mitinqinə dəvət edirəm. Gəlin ki, bu yarıtmaz rejimə ”yox" deyək!"/azadlıq/
827 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:51