Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2015

Bu gün Bakıda mitinqidir!

Ölkənin tanınmış ictimai-siyasi xadimləri xalqı meydana səslədi
 
Milli Şura ölkədə bahalaşmaya, inhisarçılığa, korrupsiyaya etiraz olaraq, sabah Bakıda “Talana son!” şüarı ilə mitinq keçirəcək. Aksiya saat 15.00-dan 17.00-a qədər metronun “Inşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda olacaq. Mitinq öncəsi ölkənin tanınmış ictimai-siyasi xadimləri xalqa çağırış edib. Onlar əhalini öz taleyinə biganə qalmamağa, sərvətlərinin talanmasına göz yummamağa çağırıb.
 
“Bu hakimiyyətdən qurtulmağın əsasını qoymağın zamanıdır”
 
 
İstiqlalçı deputat İbrahim İbrahimli deyir ki, hökumət fevralın 21-də verdiyi qərarla - bir gecədə manatın dollara nisbətdə 34 faiz dəyərdən düşməsilə əhalini maddi və mənəvi terrora məruz qoydu:
“Artıq hakimiyyətin sərt devalvasiya siyasətinin doğurduğu ağır nəticələri, xüsusilə, bahalaşmanı zaman keçdikcə insanlar gündəlik həyatlarında hiss etməyə başlayıblar. Hakimiyyət öz aləmində bazara müdaxilə etməklə, guya, qiymət artımının qarşısını almaq istəyir. Hələ də anlamaq istəmirlər ki, özəl mülkiyyət toxunulmazlığı, müqavilə azadlığı və məhkəmə müstəqilliyi olmayan yerdə azad bazar iqtisadiyyatı da ola bilməz. Pulun azad və sərbəst dövriyyəsi olmayan yerdə nə iqtisadi, nə sosial, nə də siyasi azadlıqların olması mümkündür. Hələ də anlamaq istəmirər ki, 21 fevralda verdikləri qərarla devalvasiya adlı ”cini" artıq şüşədən buraxıblar. Bundan sonra inzibati yolla, dəyənək gücünə qiymət artımının qabağını almaq olmaz.
Əslində, manatı çoxdan - neft dollarının gəlhagəlində elə neft gölündə batırıb boğdular. Neftin qiymətinin bundan sonra da düşəcəyi artıq qaçılmazdır. Bu isə o deməkdir ki, növbəti devalvasiya dalğası başlayır. Bu dalğa alıcılara ağır, sardıcı zərbələr vuracaq və sosial-iqtisadi böhranı şərtləndirib dərinləşdirəcək. Əgər evinizdə oturub, baş verən bu talanın tamaşaçısına çevrilsəniz, bu iyrənc tamaşada ən pis rolları sizə verəcəklər. Artıq verməyə başlayıblar da. Deputat Hadı Rəcəbli bu prosesdə ən ağır zərbə alan müəllimlərə işdən sonra pul qazanmaq üçün yeni ünvan göstərdi. Vergi məmuru öz cinayətlərinə şərik etdiyi sahibkarı döyüb bundan sonra oynayacağı rolu başa saldı. Icra başcısı şəhid ailəsinin həyat yoldaşını kabinetindən qovub “get, bədənini sat” deyə yol göstərdi.
Əziz həmvətənlərim, əgər sizi və övladlarınızı, bütövlükdə isə VƏTƏNIMIZI gözləyən bu fəlakətin qarşısını almaq istəyirsinizsə, o zaman aprelin 5-də “Məhsul” stadionuna gəlin və “Talana son!” deyin. Çünki talan olunan siz, talançılıq edən isə hakimiyyətdir. Unutmayın ki, bu il bu hakimiyyətdən qurtulmağın, ən azı, bunun əsasını qoymağın zamanıdır. Çünki qarşıdan parlament seçkiləri gəlir. Nə qədər çətin olsa da, vəziyyəti və hakimiyyəti dəyişməyin demokratik yolu yalnız qarşıdakı parlament seçkilərindən keçir. Deməli, bu mitinqlərdən həm də seçki mtinqlərinə keçid alıb, gələcək taleyinizi müəyyənləşdirmək şansı əldə edə bilərsiniz. Bu şansı qaçırmaq olmaz!"
 
“Bu vəziyyətdən tək çıxış yolu hamılıqla ayağa qalxıb, ”dur" deməkdən keçir"
 
 
Ölkənin tanınmış hüquqşünaslarından olan Ədliyyə generalı Vidadi Mirkamal da əhalini mitinqdə fəal iştiraka çağırıb:
“Azərbaycan hakimiyyəti uzun illər xalqı güclü iqtisadiyyat nağılları ilə yuxuya vermişdi. Dünya bazarında neftin qiymətinin düşməsindən sonra bir daha aydın oldu ki, bu hakimiyyətin iqtisadi siyasəti yoxdur. Azərbaycan iqtisadiyyatının 80 faizindən çoxu neft pulları hesabına formalaşdırılıb. Uzun illər ərzində ölkəyə axan milyardları korrupsiya yolu ilə mənimsədilər və xalqın rifahı üçün heç bir ciddi addım atmadılar. Yaranmış büdcə kəsirlərini kompensasiya etmək üçün manatı bir gecədə 34 faiz ucuzlaşdırmaq xalqa qarşı növbəti təhqirdir. Onsuz da ağır sosial şərtlər altında yaşayan xalq manatın devalvasiyasından sonra daha da müflisləşdi. Manatın dəyərdən düşməsi birbaşa hökumətin yarıtmaz iqtisadi siyasətilə bağlıdır. Iqtidar manatın ucuzlaşmasından sonra yaranan problemin ağırlıq yükünü xalqın çiyinlərinə atmaqla bir daha anti-xalq siyasəti yürütdüyünü nümayiş etdirdi. Pensiyalar, müavinətlər, maaşlar artmadı, əksinə, bahalaşma start götürdü.
Insanlar düşünməlidir ki, hökumətin bu addımları hələ son deyil, növbəti devalvasiya qaçılmazdır. Gözləntilərə görə, hökumət yenidən 50 faiz devalvasiya etmək niyyətindədir. Bu da o deməkdir ki, insanlar daha da kasıblaşacaq. Hökumətin bu niyyətinin reallaşmasının qarşısını almağın tək yolu hamılıqla ayağa qalxıb, “dur” deməkdən keçir. Insanlar artıq dərk etməlidir ki, hakimiyyət xalqın kütləvi etirazına şahidlik etməsə, əhalinin maraqlarına uyğun davranmaq haqda düşünməyəcək. Aprelin 5-nə təyin edilmiş “Talana son!” mitinqin məqsədi xalqın etiraz gücünü nümayiş etdirməkdir.. Milli Şura heç bir siyasi məqsəd güdmədən, xalqın sifarişini, ağır durumunu nəzərə alaraq, bu mitinqi təyin edib. Bu aksiyalar dinc şəkildə həyata keçirilir, icazəlidir. Vətəndaşlar heç bir narahatlıq hiss etmədən 5 aprel mitinqinə qatılaraq bu siyasətə, anti-xalq addımlarına son qoyulmasını tələb etməlidir".
 
“Bu mitinq haqq, hüquq, azadlıqlardan məhrum edilmişlərin müdafiəsi üçündür”
 
 
Qarabağ qazisi, hacı Rövşən Əhmədli də əhalini mitinqdə fəal iştiraka çağıraraq vurğulayıb ki, bu aksiyanın məqsədi talan edilən insanların, haqqı pozulan sahibkarların, övladına doyunca çörək verə bilməyən valideynlərin səsini səsini talançı və yalançı hakimiyyətə çatdırmaqdır:
“Bu mitinq haqq, hüquq, azadlıqlardan ədalətsizcəsinə məhrum edilmişlərin müdafiəsi üçündür. Bu mitinq sizin mitinqdir, ey əziz ziyalılar! Bu mitinq sizin mitinqdir, ey əzilən, talanan sahibkarlar, iş adamları! Bu mitinq sizin mitinqdir, ey əmlakı, şəxsi mülkiyyəti qanunsuz yerlə yeksan olunanlar! Bu mitinq sizin mitinqdir, ey işsizlər ordusu, halal zəhmətlə ailəsinə bir tikə ruzi qazanmaq üçün diyarbadiyar sərgərdan olmuş Vətən övladları! Bu mitinq sizin mitinqdir, ey üzündən gülüşü oğurlanmış, yaltaqlıq, riyakarlıq, saxtakarlıqla barışmayan Azərbaycan gəncliyi! Bu mitinq sizin mitinqdir, ey Allahdan başqa kimsəyə qul olmayan, həqiqi iman və inanc əhli! Zülmə, ədalətsizliyə, talana və yalana son deyirik!”
 
“Xalq öz iradəsini nümayiş etdirməlidir”
 
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Nurəddin Mustafayev də əhaliyə mitinqdə iştirakla bağlı çağırış edərək bildirib ki, onsuz da çətin vəziyyətdə yaşayan Azərbaycan xalqının yaşayışı son vaxtlar bir qədər də ağırlaşıb:
“Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində elə bir sadə ailə yoxdur ki, böhrana düçar olmasın, bu böhranın ağırlığını hiss etməsin.ÿYaranmış böhrandan çıxmaq üçün hakimiyyət təcili islahatlara getməlidir. Korrupsiya, monopoliya yığışdırılmalıdır. Təbii ki, hökumət öz qarşısında güc görməsə, bu islahatlara getməyək. Deməli, hər birimiz öz hüquqlarımızdan istifadə edərək etiraz səsimizi ucaltmalıyıq. Mən ilk növbədə gənclərə müraciət edirəm. Gənclər nə zamana kimi təhsil haqqı, işsizlik problemi yaşamalıdır? Ailə qurmaq, ailəni dolandırmaq bu gün ən çətin məsələyə çevrilib. Bu baxımdan, gənclər öz hüquqlarını tələb etməlidir.ÿAzərbaycanın yaşlı nəsli də çox ağır güzəran keçirir. Bu yaşlı nəsil layiqli pensiyadan, dövlətin qayğısından məhrumdur. Bu yaşlı nəsil eyni zamanda öz övladlarını, nəvələri düşünməlidir. Onların gələcəyi sual atındadır. Bu ağır məhrumiyyətləri gələcək nəsillər yaşamamalıdır. Yaşlı nəsil düşünməlidir ki, ”biz davamçılarımız üçün hansı mirası qoyub gedirik? Ölkə ziyalıları da bu aksiyada fəal iştirak etməlidir. Ziyalı o zaman özünü ziyalı hesab edə bilər ki, ölkə problemlərinə biganə qalmasın. Hesab edirəm ki, hamılıqla əl-ələ verib bu çətinlikdən xilas olmalıyıq.
Əgər hamı bir nəfər kimi dinc, qanuni şəkildə keçiriləcək 5 aprel aksiyasına qoşulmasa, etirazını bildirməsə, bu ağır vəziyyət davam edəcək. Bu baxımdan xalq öz iradəsini nümayiş etdirərək meydana gəlməlidir!"
 
“Xalq başına gətirilənlərə vaxtında səsini çıxartmasa...”
 
 
Tanınmış hüquqşünas Qurban Məmmədov deyir ki, bu gün Azərbaycan xalqı böyük sınaq qarşısındadır. Belə bir mərhələdə xalq öz taleyinə biganə yanaşmamalıdır: “Fevral ayında baş verən manatın devalvasiyasının heç bir iqtisadiÿ əsası yox idi. Bunun adı defoltdur, millət üçün fəlakətdir. Baş verənlər bir daha sübut etdi ki, Azərbaycan iqtisadi qanunlarla idarə olunmur. Milli valyutanın dəyərinin düşməsi və ya qalxması təbii prosesdir. Ancaq bir gecənin içində 34 faizlik devalvasiya qərarı xalqın sosial durumunu nəzərə almamaq, əhalini sözün əsl mənasında təhqir etmək deməkdir. Bu gün Azərbaycanda büdcədən 3-4 dəfə artıq vəsait qeyri-rəsmi yolla dövr edir. Yoxsa aylıq maaşı min manat civarında olan məmurlar dəyəri milyonlarla ölçülən mülkləri necə inşa etdirərdi? Insanlarda hakimiyyətə qarşı bu qədər nifrət oyatmaq olmaz.ÿƏgər xalq başına gətirilənlərə vaxtında obyektiv qiymət verməsə, səsini duyurmasa, hakimiyyət yeritdiyi bu siyasətin doğru olduğunu hesab edəcək. Ölkəni idarə edənlər ”susmaq razılıq əlamətidir" prinsipini rəhbər tutaraq yürütdüyü daxili siyasəti elə bu cür davam etdirəcək. Bu gedişatın sonu isə talandır, fəlakətdir. Bir gecədə 34 faiz qarət olunan vətəndaşlarımız, evi dəyər-dəyməzə əlindən alınan, əmlakı talan edilən sakinlərimiz, təhsil haqqı problemi ucbatından övladlarına ali təhsil verə bilməyən valideynlər, ümumilikdə bütün vətəndaşları 5 aprel mitinqinə dəvət edirəm. Gəlin ki, bu yarıtmaz idarəedicilər xalqın gücünü görüb bu siyasəti durdursunlar!"
 
“İnsanlar bir araya toplaşıb etirazlarını bildirməyi bacarmalıdır”
 
 
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli də o fikirdədir ki, əhali sosial durumuna vurulan zərbəyə susqun yanaşmamalıdır:
“Milli Şuranın istər 15 martda keçirdiyi, istərsə də aprelin 5-nə təyin etdiyi mitinqləri əvvəlki aksiyalardan fərqləndirən cəhət bunların sosial tələblərlə keçirilməsidir.
21 fevralda baş verən devalvasiya xalqa çox ağır zərbə vurdu. Insanlar əhəmiyyətli dərəcədə yoxsullaşdılar. Hər bir azərbaycanlı ailəsinə azı 34 faizlik zərbə vuruldu və onsuz da maddi durumu ağır olan əhali bu siyasətin nəticəsində daha da müflisləşdi. Müəllimlər, həkimlər, pensiyaçılar, bir sözlə, maaşını manatla alan bütün insanların sosial durumu daha da ağırlaşdı. Amma onlarla yanaşı, digər sahənin insanlarına, o cümlədən biznes sektoruna, sahibkarlıq mühitinə, kənd təsərrüfatına da böyük maddi zərbə vuruldu. Ümumilikdə cəmiyyətin bütün təbəqələrindən olan insanlar manatın devalvasiyasının ağırlığını öz üzərində hiss edir. Belə bir məqamda devalvasiyaya müvafiq olaraq yaranmış fəsadların aradan qaldırılması üçün heç bir addım atılmır. Mitinqin əsas məqsədi hökuməti bu lazımi addımları atmağa sövq etməkdir. Ilk olaraq, korrupsiya ilə mübarizə genişlənməli və bu mübarizə sözdə deyil, əməldə görünməlidir. Inhisarçılıq ləğv edilərsə, qiymətlər qısa zamanda əhəmiyyətli dərəcədə aşağı düşər. Hökumət tez bir zamanda ölkədə liberal iqtisadiyyatın yaranmasına, iqtisadi mühitdə hökm sürən gərginliyin aradan qaldırılmasına, sahibkarlara qarşı dözülməz basqlları aradan qaldırılmasına təkan verməklə bahalaşmanın qarşısını almalıdır. Kənd təsərrüfatına ciddi şəkildə yardım edilməli, bu sahə stimullaşdırılmalıdır.
5 aprel mitinqinin əsas tələbi yubanmadan ölkədə köklü islahatların həyata keçirilməsidir. Sosial-iqtisadi siyasi islahatlar, hüquq sahəsində reformalar, məhkəmələrın mütəqilliyi sahəsində ciddi addımlar atılmalıdır.
Insanlar bilməlidir ki, bu mitinqlərə qatılmaqla öz talelərini həll etmiş olurlar. Sərbəst toplaşmaq azadlığı haqqında qanunun tələbinə uyğun olaraq, insanlar bir araya toplaşıb öz fikirlərini, etirazlarını bildirməyi bacarmalıdır. Bizim mitinqlər dinc, sivil şəkildə həyata keçirilir. Xalq aprelin 5-də baş tutacaq razılaşdırılmış aksiyada iştirak etməklə öz varlığını sübut etməlidi".
 
“Hakimiyyət artıq xalqı çörəklə imtahana çəkməyə başlayıb”
 
 
Tanınmış ziyalı Eldəniz Quliyev də deyir ki, xalqın 5 aprel mitinqinə qatılması üçün səbəb çoxdur, qatılmamaq üçün isə heç bir əsas yoxdur: “Necə ola bilər ki, zəngin bir ölkənin vətəndaşı bu qədər yoxsul vəziyyətdə yaşasın?! Ölkənin talan edilməsilə yanaşı, aparılan repsessiya siyasəti də vətəndaşları bu hakimiyyətə etiraza məcbur edir.ÿBu gün ölkədə kifayət qədər narazı kütlə var. Bu narazılığı etiraz gücünə çevirəcək fərdlər, qurumlar və təşkilatlar məhz Milli Şurada təmsil olunurlar. Bu baxımdan, hesab edirəm ki, xalq ölkədə hökm sürən özbaşınalıqlara, əhalinin mənafeyinin əleyhinə olan addımlara etirazını bildirməyə gecikməməlidir. Azərbaycan hakimiyyəti artıq xalqı çörəklə imtahana çəkməyə başlayıb. Hətta zamanında faşist Almaniyasında belə, insanlar çörəklə imtahana çəkilmirdi. Azərbaycan xalqı hökuməti demokratik islahatlara məcbur etməlidir. Daha o zaman deyil ki, mitinqləri evimizdə oturub izləyək. Aksiyaların real iştirakçısı olmağın zamanıdır artıq. Əks halda, ölkədə bahalaşmanın ikinci dalğasına start veriləcək ki, bu artıq uçurum demək olacaq.
 
“Gəlin ki, bu yarıtmaz rejimə ”yox" deyək!"
 
 
Ölkənin görkəmli hüquqşünaslarından olan Namizəd Səfərov da vurğulayır ki, xalqa düşmən kəsilənlərə qarşı yumruq kimi birləşməyin zamanıdır: “Ölkədə hökm sürən ağlasığmaz hadisələrə, özbaşınalığa, xalqa qarşı törədilən cinayətlərə etiraz olunmalıdır. Insanlar qrup şəklində, fərdi şəkildə etirazlarını ifadə edirlər. Amma bunların effekti olmur. Hakimiyyəti xalqın səsini eşitməyə yalnız və yalnız kütləvi aksiyalar məcbur edə bilər. Bu baxımdan, Milli Şura olaraq qərara gəlmişik ki, etiraz aksiyalarını davamlı edək. Bu gün Azərbaycanda hər bir sahədə olduğu kimi, səhiyyədə də ciddi problemlər var. Bu gün təqribən iki min nəfər ürək çatışmazlığından əziyyət çəkir və əməliyyat üçün 8 min manat tapa bilmir. Hökumət bu xalqı düşünsəydi, bu vəsaiti dövlət hesabına ödəyər və vətəndaşlar da əməliyyat olunardılar. Amma onlar xalqa bunu da çox görür. Çünki bu hökumət xalqa düşmən münasibətindədir. Nə vaxt əhali birləşib, kütlə şəklində səsini ucaltsa, hakimiyyət də o zaman geri çəkilməyə məcbur olacaq. Ona görə də xalqın hər bir nümayəndəsini 5 aprel mitinqinə dəvət edirəm. Gəlin ki, bu yarıtmaz rejimə ”yox" deyək!"/azadlıq/
815 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.1