Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

İntihar yox, yaşamaq, mübarizə!

Noyabrın 16-da Asim Məmmədov adlı tələbə yoxa çıxmışdı. Ondan bir müddət xəbər-ətər olmadı. Noyabrın 26-da məlumat yayıldı ki, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi olan A.Məmmədovun meyiti Dənizkənarı Milli Park ərazisində dənizdə tapılıb.

Yoxa çıxdığı gündən Asim haqda müxtəlif söz-söhbətlər yayılmağa başlamışdı. Nədən ki, A.Məmmədov fəal gənc idi, aksiyalarda iştirak edirdi və sair. Bu səbəbdən ilk günlər onun hansısa iddia ilə saxlanıla biləcəyinə dair də fikirlərə rast gəlinirdi.

Tələbənin meyiti tapılandan sonra başqa məzmunlu xəbərlər gəlməyə başladı. Xəbərlərdən biri o idi ki, Asim yoxa çıxmazdan bir neçə gün əvvəl sevdiyi qızdan “yox” cavabı alıb, bundan mütəəssir olaraq intihara qərar verib. Yaxınlarına istinadən yayılan xəbərlərdə isə deyilirdi ki, A.Məmmədov sonuncu dəfə evdən internet kluba getmək adı ilə çıxıb və gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, facebook şəbəkəsində belə bir status da yazıb: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”...

Sosial şəbəkələrdə, mətbuatda yayılan və həmçinin, yaxınlarının da üzərində dayandığı son versiya Asim Məmmədovun məhz sevgisinə qovuşa bilmədiyi səbəbindən canına qıymasıdır. Bəlkə gələcəkdə, istintaq araşdırmaları zamanı başqa hansısa səbəb ortaya çıxacaq, bunu indidən demək olmaz. Hər bir halda, səbəbindən, gələcəkdə nələrin ortaya çıxa biləcəyindən asılı olmayaraq Asim Məmmədov həyatını qeyb edib, geri qayıtmayacaq bir daha... Allah günahlarını bağışlasın, yaxınlarına səbir versin...

Səbəbindən asılı olmayaraq insanın intihar etməsinə bəraət qazandırmaq çox çətindir, hətta deyərdim, mümkün deyil. Əlbəttə, insan bezəndə, psixoloji gərginliyi pik həddə çatanda affekt vəziyyətində nə desən edir. Ancaq insan öncədən özünü bir çox məqamlara hazırlamalıdır, qeyd edəcəyim məsələlərin fərqinə varmalıdır, ən kritik anda belə intihar etməyəcək qədər güclü olmağı bacarmalıdır: əvvəla, həm insanlıq prinsiplərinə, həm dinimizin, həmçinin, bütün səmavi kitabların əmrlərinə görə öz canına qəsd etmək bağışlanmaz günahlardandır. Məsələyə dünyəvi prinsiplərdən yanaşanda da vəziyyət dəyişmir: intihar gücsüzlük, zəiflik əlamətidir! Həyat yalnız güclü insanları sevir. Və məncə, məsələyə bu prizmadan yanaşmaq daha doğrudur; ölməyə nə var, oğul odur yaşasın!

Tutaq ki, hansısa mövqeyinə, çıxışına, ictimai fəaliyyətinə görə kimsə sənə təzyiq edir, bu zaman daha güclü olmalısan, haqqına qovuşanadək geri çəkilməməlisən. Hətta dözməyib mübarizədən çəkilmək də qəbahət deyil, qəbahət Allahın əmanət etdiyi canına qəsd etmək, yaxınlarının, doğmalarının isə ürəyini dağlamaq, onlara ağır zərbə vurmaqdır.

Yaxud da sonuncu versiyanın üzərində dayanaq. Tutaq ki, sevdiyin qız sənə “yox” deyib. Əlbəttə, bir gənc üçün sevgi acısını da anlamamaq mümkün deyil. Ancaq necə deyərlər, “demokrasidə çarə tükənməz”. Sevginə qovuşana qədər mübarizə apar, onun da sevgisini qazan, qazana bilmirsənsə, deməli bu sevgi-falan deyil, get özünə iş-güc tap, səni sevəni sev. Hətta psixoloji baryerləri aşmaq üçün “başına qız qəhətdirmi” düşüncəsini də qafaya taxmaq lazımdır, bu, intihardan daha uğurludur. Ən əsası, müasir dünyamızda yaşama münasibətdə də praqmatizm birmənalı olaraq uğur qazanır. Çünki həyat bir mübarizədir, ölmək deyil...

Elşad Məhəmmədli/musavat
2334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17