Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2015

”Hökumət zəhər tərkibli məhsulları əhaliyə yedizdirməkdə israrlıdır”

“Hökumət zəhər tərkibli məhsulları əhaliyə idxal dəyərindən 10-15 dəfə baha qiymətə yedizdirməkdə israrlıdır”. Bunu  kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.

O qeyd edib ki, inhisarçı oliqarx-məmurlar daimi olaraq ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalını tam əllərində saxlamaq üçün yeni fənd fikirləşirlər:

“Milli Məclisin Aqrar siyasət komitəsi tərəfindən Azərbaycanda genetik modifikasiya olunmuş bitkilərin, bitki materiallarının və ya həmin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni maddələrin əlavə olunması təklif olunur. Bu təklifdə hətta 7 ilədək azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulur. Belə ki;

- genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə -bilə idxal etmə, satma -3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə,

- genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrum etmə,

- yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlqıdan məhrum etmə,

- yuxarıda göstərilən əməllər bu maddə ilə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq”.

Ekspert deyib ki, əgər hətta vətəndaş özü üçün xaricdən kolbasa, sosiska və digər ət məhsulları, balıq məhsulları, süd məhsulları, meyvə-tərəvəz, kartof və sair yeyinti məhsulları alıb gətirmək istəyirsə, əvvəlcə yaxşı-yaxşı fikirləşməlidir:

“Birincisi, indi elə yeyinti məhsulu yoxdur ki, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə olunmadan istehsal olunsun. İkincisi, siz bunu bilə-bilə etmədiyinizi sübut etmək üçün məmurla anlaşmalısınız. Yoxsa, sizi buna görə 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
Verilən təklifə görə "əməlləri külli miqdarda törətdikdə isə 7 min manatdan 9 min manata qədər cərimə" ödəməli və yaxud "5 ilədək azadlqıdan məhrum" ediləcəksiniz”.

Mütəxəssis onu da vurğulayıb ki, bir dəfə məhkum edildikdə daim hədəfdə olacaqsınız: “Təklif olunan maddənin dördüncü hissəsinə görə, artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən yuxarıda göstərilən əməllər yenidən törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum olunacaqlar”.

“Görünür hökumət idxal olunan zəhər tərkibli məhsulları idxal dəyərindən 10-15 dəfə baha qiymətə bizə yedizdirməkdə israrlıdır”,-deyə V.Məhərrəmov qeyd edib./modern/
739 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10