Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

Gül kimi israfçılıq

5 aprel mitinqinin hakimiyyətə aidiyyəti

Neftdən asılı ölkə olduğundan neftin qiymətinin düşməsi Azərbaycana ciddi mənfi təsir göstərdi. Növbəti mərhələdə bu təsir daha da artacaq. Ölkə başçısı da etiraf etdi ki, valyuta ehtiyatları azalacaq, israfçılığa yol vermək olmaz, vəsaitlərin qədrini bilmək lazımdır və s.
Çünki, hakimiyyət də başa düşür ki, ölkəni ağır vəziyyət gözləyir, işsizlik artacaq, büdcədə ciddi kəsir yaranacaq və s. Amma sonrakı mərhələ göstərdi ki, prezidentin söylədiyi fikirlər hakimiyyətə aid deyil. Təxminən sıravi vətəndaşlara “ət yeməkdən imtina edin, kartofla dolanın” mesajına oxşadı. Çünki, belə bir ağır şəraitdə Avropa oyunlarına 8 milyard pul xərcləndi, 3 xarici futbol klubuna 70 milyon hədiyyə edildi. Amma bu azmış kimi hər il keçirilən Gül bayramına bu il də start verildi. Yəni mayın 10-da 10 milyonlarla vəsaitin gül formasında solduğunu görəcəyik. Daha dəqiq desək, ölkənin milyonları gül kimi israf olunur. Görünür, prezidentin düşüncəsinə görə, belə talançılıq israfçılıq kateqoriyasına daxil deyil. Ən azı bu il Gül bayramından imtina etməklə az da olsa dövlətə xidmət etmiş olardılar. Bu güllərə xərclənmiş vəsaitlə xeyli vətəndaşın problemini həll etmək olardı.
Milli Şuranın 5 aprel mitinqində də cəmiyyətin Gül bayramına qarşı aqressiyası hiss olundu. Adamların əlində tutduğu plakatlarda da, səsləndirdikləri şüarlarda da bu bayrama qarşı acıq duyulurdu. Bu mənada 5 aprel mitinqini həm də YAP hakimiyyətinə aid etmək olar. “Məhsul” stadionuna toplanmış minlərlə insanın simasında ağır problemlərin gizləndiyi görünürdü. Kimisi müalicə üçün, kimisi haqsız olaraq işdən çıxarıldığı, kimisi mülkünün qanunsuz sökülməsi səbəbindən, kimisi məhkəmə ədalətsizliyinə etiraz olaraq tribunaya qalxmaq istəyirdi. Dəhşətli burasıdır ki, Gül bayramına xərclənən vəsaitlə bu insanların probelmini kökündən həll etmək olardı. Bir nəfərin doğum günü üçün sərf olunan vəsaitlə, 100-lərlə insanın ölümünün qarşısını almaq olar.
Bu mənada 5 aprel mitinqindən ən çox ibrət götürməli olan YAP hakimiyyətidir, ölkə başçısıdır. Insanların ah-naləsi üzərində bayram keçirməkdən imtina etmək lazımdır. Heç olmasa bir dəfə dediyinizə əməl edin. Daxili auditoriya üçün məmurlara barmaq silkələmək, natəmizləri, möhtəkirləri süni şəkildə hədələmək əvəzinə, real addım ataraq hər şeyi özünüzdən başlayın. Israfçılığa son qoyulması üçün ölkə başçısı ilk növbədə özünə barmaq silkələməlidir./azadlıq/
853 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber