Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

“Qardaşım borca görə özünü asdı”

“Qardaşımın rayondakı bankların hamsına borcu var idi. Buna görə həmişə narahat idi. Qardaşım kredit borclarını ödəyə bilmədiyi üçün özünü asıb”.

Bu sözləri kredit borclarına görə intihar edən İmişli rayonunun Əliqulular kənd sakini, sahibkar Rəşid Zalovun böyük qardaşı Əlibala Zalov deyib.

O bildirib ki, qardaşı borclarına görə, canına qıyıb: “Qardaşım səhər tezdən özünü həyətdəki çardaqdan asaraq intihar edib. İndi ona yas mərasimi veririk. İntihar edən zaman yanında heç kim olmayıb. Ailəsinin xəbəri olanda isə artıq hər şey gec idi. Uşaqlar zəng edib məni çağırdılar. Qardaşım qollarımda can verdi. Adi adamların da qardaşıma borcu var idi. Həmin şəxslər borclarını ödəmədiklərinə görə o da banklara ödəniş edə bilməyib”.

Ə.Zalovun intihar edən qardaşı uzun illərdir ticarətlə məşğul olurmuş.

“Qardaşım ticarətlə məşğul olurdu, dövlət işində işləmirdi. Onun İmişlidəki ticarət mərkəzində köşkü var idi. Rəşid aldığı kreditləri ticarətə xərcləyirdi”.

Qardaşının sözlərinə görə, mərhumun 4 övladı var: “Onun iki oğlu, iki qızı var. Uşaqlar hələ balacadırlar. Qardaşımın problemdən çıxış üçün intihar etməsi düzgün yol deyildi. İndi hamının bir-birinə borcu var. Buna görə intihar etmək olmaz. Qardaşım hər sözü özünə qəbul eləmirdi. O, deyilən sözlərdən əzab-əziyyət çəkdiyini söyləyirdi. Biz nə etsək də qardaşımı geri qaytara bilməyəcəyik. Olan oldu, keçən keçdi. Qardaşımı torpaq apardı. Nə qədər nəfəsim gəlir, qardaşımın ailəsinin və balalarının yanında olacağam”.

Qeyd edək ki, İmişli şəhər sakini, 52 yaşlı Rəşid Zalov aprelin 6-da səhər saatlarında atasının Əliqulular kəndindəki evində özünü çardaqdan asaraq intihar edib. Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb./azvision/
659 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber