Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

Murad Ədilovun məhkəməsində cinayət işi alt-üst edildi

Şahid ifadələri iş materiallarında yazılanların yalan olduğunu sübut etdi

Narkotiklə şərlənərək həbs olunan AXCP Sabirabad şöbəsinin fəalı Murad Ədilovun işi üzrə məhkəmə prosesi davam edir. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə əlavə şahidlərin dindirilməsi mərhələsidir. Həmin şahidlər Murad Ədilovun vəkillərinin qaldırdığı vəsatət əsasında məhkəmə prosesinə cəlb olunublar.
Dünənki məhkəmə iclasında Xaqani Ədilov, Xalid Ədilov və Cavid Əzizov şahid qismində dindirilib. Xüsusən, Cavid Əzizovun ifadəsi Muradın necə həbs olunduğu, onun üzərindən guya, narkotik maddə aşkarlandığı haqda cinayət işinin materiallarında yazılanları alt-üst edib. İş materiallarına görə, Murad Ədilov saxlanılarkən tək olub, daha sonra onu polislər Xəlfəli kəndindəki evinə apararaq, orada axtarış keçiriblər. Cavid Əzizovun dediklərindən isə bu, yalandır. Onun sözlərinə görə, Murad həbs olunan gün günorta saatlarında onunla telefonla danışaraq görüş təyin ediblər. Onlar görüşərək yonca əkdikləri əraziyə gedəcəkdilər. Cavid Əzizovun sözlərinə görə, o, maşınla gedib Muradı götürüb. Bir az gedəndən sonra "Mercedes" markalı iki maşın onların qarşısını kəsib. Təxminən səkkiz-doqquz nəfər mülki geyimli şəxs Cavid Əzizovun avtomobilinə hücum edərək, Muradı maşından düşürüb. Onu özlərinin gəldikləri maşına mindirib aparıblar.
Xatırladaq ki, Murad Ədilov ötən il avqustun 11-də həbs olunub. Onun həbsində Sabirabad Rayon Polis Şöbəsilə yanaşı, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Bakıdan getmiş bir neçə əməkdaşı da iştirak edib. Muradı həbs edib Sabirabad Rayon Polis Şöbəsinə gətirdikdən sonra orada ona dəhşətli işgəncə veriblər. Daha sonra Bakıya gətirib, işgəncələri burada da davam etdiriblər. Uzun müddət onun vəkililə görüşünə imkan verilməyib. Bu işgəncələrin də məqsədi o olub ki, Murad Ədilov cibinə və evinə atılan narkotikin ona məxsus olduğunu etiraf etsin. Lakin işgəncələrə baxmayaraq, Murad Ədilovdan etiraf xarakterli ifadə ala bilməyiblər. Eyni zamanda, ona bildiriblər ki, həbsinin əsl səbəbi qardaşı Natiq Ədilovun ictimai-siyasi fəaliyyətilə bağlıdır. Xatırladaq ki, Natiq Ədilov AXCP-nin mətbuat xidmətinin rəhbəri olmaqla yanaşı, həm də "Azadlıq" qəzetinin, eləcə də hökuməti sərt şəkildə tənqid edən "Azərbaycan saatı" televiziya proqramının əməkdaşıdır. Natiq Ədilov da bəyan edib ki, hökuməti tənqid etdiyinə görə ondan bu yolla qisas almağa çalışırlar.
Qeyd edək ki, yerli və beynəlxalq ictimaiyyət də Murad Ədilovun siyasi sifarişlə həbs olunduğu qənaətindədir./azadlıq/
576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber