Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Kəmərsiz əsgər...

Yeni nazir hərbçilərimizi belə görmək istəyir
Əsgərlərin kəmərdən həmişə zəhləsi gedib. Sovet ordusunda kəmər taxmayan əsgər "lotu” hesab olunurdu. Hərbi xidmətini başa vurmağa 6 ay qalmış əsgərlər artıq kəmərsiz gəzirdi. Kəmərdən xilas olmaq ordu sıralarından xilas olmaq anlamında idi.
Yadıma gəlir, sovet ordusu sıralarında Macarıstanda xidmət keçən qardaşım əsgər yoldaşı ilə birgə çəkdirdiyi şəkli evə göndərmişdi. Məktubda da yazmışdı: "Yanımda dayanan təzə gələn əsgərlərdəndi - "noviçok”du.
Onu "himayəyə götürmüşəm”. Kəmərini boş saxlayıb. Əslinə qalsa, təzə gələn əsgərlər kəməri sıx bağlamalıdır. Kəməri boşaltmaq il yarım xidmət keçmiş əsgərlərə olar. Amma bu uşaq özümüzünküdür. Sayəmizdə indidən "lotuluq” edir...” Təbii. Bu, sovet dövrü əsgərlərinin adətən evə yazdıqları milyonlarla məktubdan biri idi. O zamanın əsgər məktublarının məzmunu da təxminən eyni olurdu. Kəmər məsələsi o vaxtdan yadımda belə qalıb. İndi isə yeni müdafiə nazirimizin zabit uniformalarına dəyişiklik edəcəyi və yeni zabit geyimlərində kəmərlərin olmayacağı xəbəri yayılıb. Verilən xəbərlərə görə, yeni hərbi geyimlər NATO standartlarına uyğun olacaq. Həm də kəmərsiz. Deyirlər, kəmərdən təzə nazirin xoşu gəlmir. Yeni müdafiə nazirinin cəbhə bölgəsinə səfəri zamanı kəmər vurmadığı da diqqətdən yayınmayıb.
Nazirin istəyinə uyğun olaraq ekspertlər kəmərlərin hərbi uniformanın ümumi görünüşünə xələl gətirməsinə dair izah da hazırlayıblar: "İndiki geyimlərdə kəmərlər görünüş cəhətdən yaxşı deyil. Kəmər vurulanda geyimin kəmərdən aşağıda qalan hissəsi normal görünmür. Yeni formalar daha səliqəli və görünüşlü olacaq”.
Kəmər məsələsinə baxışlarsa müxtəlifdir. Kəmərsizliyi təqdir edənlərlə yanaşı, "kəmərsiz olmaz” deyənlər də var.
Hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə açıqlamasında hərbçinin geyimində kəmərin xüsusi rola malik olduğunu bildirdi:
- Bilmirəm, kəmər kimin xoşuna gəlmir ki, ləğv etmək istəyirlər. Hərbçinin geyimində kəmər sadəcə bəzək deyil. Kəməri hərbçi geyiminə aksessuar kimi əlavə edənlər onun mahiyyət etibarilə nəyə xidmət edəcəyini də düşünüblər. Kəmər əsgərin geyimində yardımçı vasitədir. Əlavə patron qabının daşınması, silahın saxlanması, minalı ərazidə istifadə etmək üçün belin asılması, su qabı və başqa digər zəruri avadanlıqlar üçün kəmərdən asqı kimi istifadə edilir. Kəmər sırf döyüş üçün nəzərdə tutulmuş elementdir. Döyüş bölgəsindən kənarda, bəli, ona ehtiyac olmaya bilər. Amma döyüş şəraitində, cəbhə bölgəsində kəmərin daşığıdı funksiyanı əvəz edəcək başqa hansı vasitə var? Səngərdə düşmənlə üz-üzə, postda dayanmış əsgər əlavə güllə darağını, patron qabını necə gəzdirəcək? Harda saxlayacaq? Deyə bilərlər ki, müasir hərbçi gödəkçələri çıxıb, üzərində xeyli cib yeri var. Məsələn, ABŞ ordusunun əsgərlərinin geyimində xeyli əlavə vasitələrdən istifadə olunur. Hərbi geyimin üzərində müxtəlif ölçülərdə ciblər, əlavə avadanlıq yerləşdirmək üçün ayrıca yerlər var.
Amma onu da nəzərdən qaçırmamalıyıq ki, əsgər və ya zabit həmişə ayaq üstdə qalmır. Bəlkə elə şərait yaranacaq ki, yerə sinəcək, sürünə-sürünə irəliləməyə məcbur olacaq. Belə şəraitdə silahını, patron qabını, avtomatın darağını arxadan kəmərə keçirib rahat hərəkət edə bilər. Çünki kəmərdə xüsusi qarmaq yerləri olur ki, əlində saxlamaq imkanın olmayan sursatı kəmərə keçirib hərəkət edə bilirsən və döyüş zamanı da o əlavə sursatlar əsgərin köməyinə çatır. Digər tərəfdən kəmər əzəldən hərbçinin sağlamlığı, bədənin formada saxlanmasını təmin edən vasitədir. Kəmərin əvəzinə bəs nə fikirləşiblər? Bilirsiz, yenilik etmək istəyəndə gərək uğurla edəsən. Hazırda Azərbaycan ordusu üçün daha çox lazım olan yenilik əsgərləri soyuğa, şaxtaya, ekstremal şəraitə uyğun geyimlərlə təmin etməkdir. Xarici ölkələrdə içərisindən istilik naqilləri keçən əsgər geyimləri istehsal edirlər. Əsgərlər ən aşağı temperaturlarda ayaqlarını isti saxlaya biləcək çəkmələrlə təmin edilməlidir. Xüsusən də Murovda, Gədəbəydə xidmət keçən əsgərlər. Əsgərin elə isti, həmçinin də rahat əlcəyi olmalıdır ki, əlindən çıxarmadan silahını işlədə bilsin. Əsgərlərmizə bunlar lazımdır. Əgər NATO standartlarından danışırıqsa, hazırda əsgər və zabit geyimlərində kəmərdən istifadə olunan ən müasir ordular da var.
"Yeni Müsavat” qəzetinin köşə yazarı, Murovda hərbi xidmət keçmiş Zamin Hacı isə kəmərdən imtinanı müsbət qarşılayır:
- Əsgərlikdə kəmərdən çox əziyyət çəkmişik. Kəmər də, formanın boynuna ağ tikilməsi də sovet dövrünün dəyişməz atributları idi. Forma əsgərin rahatlığını təmin etməlidir. ABŞ ordusu əsgərlərinin geyimində N qədər ciblər var. Bu da silahı, digər hərbi sursatı, avadanlığı geyimin üstündən asmaq üçündü. Məsələn, Qarabağ savaşında əsgərlər silahlarını, güllələri "bronjilet”in üzərində gəzdirirdilər. Kəmərə guya sağlamlıq, bədəni formada saxlamaq vasitəsi kimi baxmaq da boş söhbətdi. Əsgər mütəmadi idmanla məşğul olursa, bədən quruluşu gərəkən formanı alacaq. Daha beli kəmərlə sıxmağa ehtiyac yoxdu. Əsgər idman, bədənin fiziki tərbiyəsi nədi, bilmirsə, belini kəmərlə ha sıxsın, xeyri yoxdu.
Həm də ki, Azərbaycan ordusunun problemi kəmər deyil. Azərbaycan ordusunun məzmun problemi var. Orduda təlimlərin səviyyəsi çox aşağıdır. Hərbi təlimləri kim keçməlidir? Hərbi Akademiyanın məzunları. Amma siz də bilirsiniz ki, Hərbi Akademiyaya ən aşağı balla qəbul olunurlar. Mən Murovda xidmət edəndə bizim Türkiyədə hərbi təhsil almış komandirimiz vardı, iki barmağının arasındakı məsafə ilə qarşıdakı dağın hündürlüyünü müəyyən edə bilirdi. Bir dəfə postda dayanmışdıq. Bizə tapşırılmışdı ki, erməni tərəfdən gördüklərinizi qeydə alın. Gördük ki, təzə artilleriya qurğusu yerləşdirirlər. Azərbaycanda təhsil almış komandirimizdən soruşduq, texnikanın adını bilmədi. Bizim postda dayanan əsgərlərə zirehli geyim verilmir. Halbuki onların hamısının zirehli geyimi və dəbilqəsi olmalıdır. Kəmərsiz keçinərik, amma zirehli geyim olmasa, əsgərlərimizi itirə bilərik.
"Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu isə əsgər geyimində kəmərin yerinə görə, bəzən gərəkli, bəzənsə lazımsız olduğu qənaətindədi:
- Hərbi formanın geyim qaydaları ilə bağlı qanun mövcuddur. O qanunun tələbinə görə kəmərdən istifadə olunmalıdır. Əslində əsgərlərin və zabitlərin hərbi formada kəmərdən istifadəsi bəzən lazımlı olur, bəzən isə lazımsız. Hərbi paltarın əyində yaxşı qalmasını kəmər əngəlləyir. Bu həmçinin formanın vaxtından əvvəl korlanmasına də səbəb olur. Amma döyüş şəraitində, kəmərin əsgər və zabitin üzərində olması çox önəmlidir. Çünki bu kəmər əsgərə təhkim olunan avadanlıqların saxlanmasında önəmli rol oynayır. Məsələn, əsgərin bıçağı, güllə darağı, su qabı və s. kəmərin üzərində saxlanılır. Bu da döyüş şəraitində lazım olan önəmli avadanlıqlardır. Mən hərbiçi deyiləm. Amma hərbi xidmətdə olmuş bir şəxs kimi deyə bilərəm ki, hərbi formadan kəmərin ləğv olunmasına qarşıyam. Onun lazımsız olduğunu düşünənlərin nəyə əsaslandığını deyə bilmərəm. Amma kəmərin önəmi çoxdur. Onsuz da zabitlərin qeyri-döyüş şəraiti üçün "paradnı” deyilən geyim forması var ki, o geyimdə kəmərdən istifadə olunmur. Əsgərlərin kəmərini yaraşıq xatirinə ləğv etmə qərarına isə ehtiyac yoxdur”./şərq/
1875 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı