Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2015

Generalın oğlu restoranda dava saldı

Şərif Əsədullayevin oğlunun adı daha bir qalmaqalda hallanır

Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən restoranların birində insident baş verib. Insidentdə DIN-in Insan Alverinə Qarşı Mübarizə Idarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlunun adı hallanır. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, generalın oğlu restoranda bir neçə nəfərlə mübahisə edib. Mübahisə davaya çevrilib və qarşı tərəfdən bir nəfər bıçaqlanıb. Hazırda iş üzrə 26-cı polis bölməsində araşdırma aparıldığı bildirilir.

Məlumatla bağlı DIN-dən mövqe öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, ötən ilin may ayında generalın oğlanlarından biri Tamerlan Əsədullayev polisləri döyməklə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, may ayının 5-i, gecə saat 04:00-da Qış parkının yaxınlığında sərxoş olan Tamerlan Əsədullayevin bir xanımı döydüyünü görən polislər yaxınlaşaraq onu bölməyə aparmaq istəyiblər. Tamerlan Əsədullayev isə polis əməkdaşlarını da söyüb və onlara əl-qol ataraq ordan uzaqlaşıb.

Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparıblar.


Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəyib və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə başlayıb.

Daha bir neçə dəqiqə sonra isə Tamerlan Əsədullayevin atası, Insan Alverinə qarşı Mübarizə Idarəsinin rəisi polkovnik Şərif Əsədullayev bölməyə gəlib.

Şərif Əsədullayevə oğlu Tamerlanın sərxoş vəziyyətdə olması və polis əməkdaşlarını bir neçə dəfə döyməsi barədə məlumat veriləndə isə onun cavabı belə olub: “Mənim oğlum hacıdır, içki nədir?”

Yasamal Rayon Polis Idarəsinin rəisi Ismayıl Əsədov polislərə qarşı bu hörmətsizliyə görə araşdırma başladılması barədə göstəriş verib. Ancaq iki gün sonra araşdırmaya xitam verilib.

Məlumatlı mənbənin dediyinə görə, araşdırmanın dayandırılmasının əsas səbəbi Şərif Əsədullayevin üzrxahlıq etməsidir.

"Azadlıq"a daxil olan məlumatda deyilir ki, budəfəki hadisəni törədən də Tamerlan Əsədullayevdir. Onun saxlandığı və Kürdaxanıdakı istintaq təcridxanasına göndəriləcəyi bildirilir.
722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi