Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2015

“Belə yalançı-palançı ölkədə yaşamağa dəyərmi?”

Bu günlərdə saytlarda maraqlı, maraqlı olduğu qədər də cəlbedici, valehedici bir xəbər oxudum. Yazılmışdı ki, bəs, deməzsən, Finlandiyada süpürgəçilər ayda 1700 avro, yəni bizim başına daş düşmüş pulla 2000 manatdan artıq maaş alırlar. Halbuki, bizim vətənpərvər süpürgəçilər hələ ki, yüüüüzzz beeeş manat alırlar, onlara da bu yekəlikdə pul gen-bol bəs edir. İxtiyarsız olaraq əlimi atdım telefona və Finlandiyanın ölkəmizdəki səfirliyini yığmağa başladım. İşin tərsliyindən məlum oldu ki, bu şoğərib ölkənin bizdə səfirliyi hələ ki, açılmayıb. Baxmayaraq ki, dünyanın bir çox ölüvay ölkələrinin, Kubanın, Mərakeşin, lap elə yoluq Çinin burda səfirliyi var, finlərin isə hələ də yoxdur. Baxma, necə olsa mən də vətənpərvər insanam, başbilənlərimiz onların burda səfirliyini açmırsa, açılmasına mız qoyurlarsa, deməli, torbada pişik var, belə məsləhət görülüb. Tez- tələsik telefonun dəstəyini yerinə qoydum. Amma çox heyif, getsəydim pis olmazdı, millətin dərisini soyan bu banklara kefi istəyən faiz qoyan, ömürlük milli (?!) bankın sədri Elman əkənin bank faizlərindən tezliklə, birdəfəlik canım qurtarardı. Hər dəfə götürdüyüm kreditdən ödədiyim “şapka”lardan, nə bilim, sığorta pulundan, xidmət haqqından (guya, bank işçilərinin bundan da başqa vəzifəsi vardır?!) hər ay götürdüyüm puldan başqa 27 faiz də əlavə ödəməyi birdəfəlik xətm edərdim. Bu yerdə saytlardan daha bir məlumat oxudum. Xəbəri oxudum və çiçəyim çırtladı, kefim duruldu, finlərin ayağının altını süpürmək istəyimə görə əməlli başlı xəcalət çəkdim. Sən demə, bizim ilk baxışda heç nəyə yaramayan, əslində isə şanlı, əldən düşmüş qocalar komandası- hökümətimiz gecə gündüz bizim haqqımızda fikirləşirmiş, bizim xəbərimiz yox imiş. Məlum oldu ki, 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə ölkənin başçısı cənab, möhtərəm, zati-aliləri, hörmətli prezident İ.Əliyev böyük, geniş, hərtərəfli nitqlə çıxış edib və bizim iqtisadi nigarançılığımıza birdəfəlik son qoymuşdur. Düzdür, səhmləri 100 faiz hökümətdə olan, hava haqqında məlumatlardan başqa heç nəyi düz əməlli deməyən bütün televiziya kanalları ( xahiş edirəm, kanalizasiya deməyin), saytlar bu məlumatları parta-part tirajladığı bir vaxtda qapıbir qonşum Fışdırınqulu kişi mənə zəng edib hökumətin “girdirmə” ( heyif ki, qonşum gül kimi hesabatlı belə qiymətləndirdi ) bağlı ağzına gələni deməkdən çəkinmədi. Özümü yığışdırıb dedim, a kişi, sən ünvanı səhv salmısan, sözün varsa, dur get nazirlərin kabinkəsinə, gir, ömrünün az qala 20 ilini bir kresloda çürüdən, indi də oturub bekarçılıqdan simişka çırtlayan, hamımızın sevimlisi, 80 yaşında da boş nazirlikdən,bağışlayın, baş nazirlikdən qopa bilməyən Artur müəllim Rəsizadədən soruş. Qorxma, ürəyini buz kimi saxla, çəkinmədən keç içəri, 5-6 paçka da simişka al get, kişini bekar qoyma, darıxmağa imkan vermə. O, sən deyən elə də lovğa adam deyil, iqtisadiyyatdan başqa hər şeydən, ordan- burdan söhbətləş, birlikdə doyunca simişka çırtlayın və nə sözün varsa, ona de. Mənim bu sözlərim Fışdırınqulu kişini daha da hövsələdən çıxartdı, cin atına mindirdi. Səsinin tonunu bir az da qaldıraraq dedi ki, bura bax, qonşu, mən sənin düşündüyün kimi o qədər də boş bekar, avara adam deyiləm ki, gedib yaşlı bir kişi ilə çənə döyüm,mırt vurum. Allahdan gizlin deyil, səndən nə gizlədim, bir çətən külfətim var, nə olsun ki, professoram, taksavatlıq eləməklə ailəni birtəhər dolandırııram. Mənim dediyim odur ki, hökümətin hesabatında dedikləri ağ yalandır, yalandan da yalandır. Necə yəni, neftin qiymətinin düşməsi bizə təsir etməyib, bizdən yan keçib? Necə yəni, daxili məhsul 5 faiz artıb, işsizlik və yoxsulluq 5 faizdir? Bu qədər ağ yalan olmaz axı, biz çörəyi qulağımıza yeyirik məgər? Birincisi, Azərbaycanda hansı zavodlar, fabriklər işləyir ki, daxili məhsul 5 faiz artır? İkincisi, yoxsulluq necə 5 faizə enə bilər ki, sovetlər dönəmindəki kimi iş yerləri yoxdur, bütün qiymətlər, bazar od tutub yanır, ölkədə tökülüb qalan əhalinin də 90 faizi banklara bəs qədər borcludur. Deyirlər ki, guya, işsizlik də 5 faizə enib. Biz indiyə qədər bu iqtidardan çox yalanlar görmüşdük, eşitmişdik, amma, belə qıp-qırmızı yalanlara heç rast gəlməmişdik. Bunların deməyindən belə çıxır ki, olkənin əhalisinin artıq 95 faizi işlə təmin olunub, qalıb vur-tut 5 faizi. Bu qədər də bizi ələ salmaq, eşşək yerinə qoymaq olmaz axı. Yaxşı bilirsən ki, təkcə bizim yaşadığımız 9 mərtəbəli binada 600- ə yaxın ailə yaşayır. Səhər dur çıx həyətə, əgər bu yaşadığımız binadan bircə nəfər də olsa dedikləri iş yerinə tələsirsə, gəl, tüpür mənim üzümə. Elə təkcə sizin evdə 6 nəfər, bizdə 8 nəfər, üzbəüz qonşuda 7 nəfər, sağdakı qonşuda 4 nəfər, soldakı qonşuda 8 nəfər iş deyib mələmirikmi? O gün durub getmişəm Dövlət Statistika Komitəsinə. Girmişəm sədrdir, rəhbərdir nədir, onun düz yanına, Naxçıvan ləhcəsində deyirəm ki, “qardaaaşşş”, mənə iş verin. Cavab verir ki, vətəndaş, bu ünvana səhv gəlmisiniz, bura işədüzəltmə bürosu deyil, burası statistika komitəsi. Deyirəm ki, mən də bilirəm statistika komitəsidir, bəs niyə hər ayda, hər rübdə, hər ildə yalandan yazırsınız ki, ay filan qədər yeni iş yerləri açıldı, ay işsizlik belə kəlləmayallaq oldu? Axı, bir məni başa salın görüm, bu qədər ağ yalanlar uydurmağa, millət qarşısında belə günahlar işlətməyə sizi nə və kim vadar edir? İnsafən, komitə sədri də pis oğlana oxşamırdı, gülümsəyərək başının üstündən asılmış şəkli göstərir, sonda da çiyinlərini çəkir. Qır- saqqız olub əl çəkmədiyimi görəndə isə hirs təpəsinə vurur, əlini düyməyə basıb polisi çağırır və “Bu vətəndaş əl çəkmir, iş istəyir, lazımı adamlarla danışın, işini verin getsin” deyir. İndi siz özünüz deyin, qonşu, heç belə yalançı, palançı ölkədə yaşamağına dəyərmi? Qonşumun bu haqlı iradlarından sonra çox fikirləşdim, çox götür-qoy etdim, çox pəjmürdə oldum və acqarına vətənpərvərliyi bir tərəfə tullayıb həm də “iş” almamaq xatirinə təzədən telefona əl atıb finlərin qonşu ölkələrdəki səfirliklərini yığmağa başladım...

Mətləb Mütəllimli /moderator
992 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:46