Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

“Səfər Əbiyev mənə deyirdi ki, adımı çəkmə” - Eldar Sabiroğlu

Hazırda məzuniyyətdə olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun Publika.Az-a müsahibəsi

-Hazırda nə işlə məşğulsunuz?
-Bildiyiniz kimi, mən Silahlı Qüvvələrdən tərxis olunmağım barədə bu yaxınlarda müdafiə naziri, general-polkovnik Zakir Həsənova raport yazmışam. Ancaq hələlik ordudan tərxis olunmamışam. Hazırda da məzuniyyətdəyəm, dekabrın 10-da məzuniyyətdən qayıdacam.Ümumiyyətlə, mən çalışdığım bu 7 il müddətində özümü əvəzolunmaz şəxs hesab etməmişəm və özünü belə qəbul edənlərə də normal baxmıram.
Mən çox hörmətli müdafiə naziri Zakir Həsənova məzuniyyətə getməmişdən qabaq bu barədə müraciət edib xahiş etmişəm. Açıqlamamda da bildirmişəm ki, ötən bu 7 illik ordu fəaliyyətimdə kifayət qədər dərs almışam. Bundan sonra da ordumuzun təbliğatında və Silahlı Qüvvələrimizin Cənubi Qafqazda hansı mövqeyə və üstünlüyə malik olması barədə müsbət fikirlərimi mətbuata açıqlayacağam. İndi də həmin fikirdəyəm ki, Azərbaycan ordusunda öz peşəsinə sadiq qalan və onu dərindən bilən hərbi qulluqçularımız var.Onu da qeyd edim ki, mən özümü əvəz edilməz şəxs hesab etmirəm.
-Yeni müdafiə nazirinin təyinatını necə qiymətləndirirsiz?
-Yeni nazirin təyinatını da çox yüksək qiymətləndirirəm. Möhtərəm prezidentimizin təyin etdiyi hər bir şəxsin əmr və tapşırıqlarını yerinə yetirmək bizim mənəvi borcumuzdur. Buna söhbət ola bilməz. Mən orduda aparılan kadr islahatlarında heç bir pis şey görmürəm. Çünki hər bir vəzifəli şəxs istər ki, öz tanıdığı və bildiyi kadrlarla işləsin. Ona görə də mən yeni müdafiə nazirinin atdığı addımları təqdir edirəm.
-Nazirlikdən gedəndən sonra heç Səfər Əbiyevlə danışırsız?
-Səfər Əbiyev mənim 7 il nazirim olub və ona xüsusi hörmətim var. Bu yaxınlarda bir neçə dəfə ona zəng edib telefonla kefin-əhvalın da soruşmuşam və bunu özüm üçün mənəvi borc hesab edirəm. Çünki Səfər Əbiyev 7 il müddətində mənim nazirim olub. Onun mənə irad tutduğu vaxtlar da, işimə yüksək qiymət verdiyi vaxtlar da olub. Bütün bunlarla birlikdə mən onu tələbkar, dövlətə, həm ulu öndər Heydər Əliyevə, həm möhtərəm prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə sədaqətli bir adam kimi tanıyıram. Hətta, mən onun bu sədaqətini nümunə kimi də söyləyə bilərəm. Səfər Əbiyev hər zaman mənə deyərdi ki, mətbuat konfransı keçirəndə, açıqlamalar verəndə mənim adımı qətiyyən çəkmə. O deyirdi ki, yalnız ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan, cənab prezident İlham Əliyevin adını çək. Çünki bu ordunun ərsəyə gəlməsində və inkişafında bu şəxslərin müstəsna xidmətləri var və bu məsələdə heç kəs onlara şərik ola bilməz.
İndi Azərbaycan ordusu Cənubi Qafqazda öncüldür. Buna yalnız sevinmək və qürurlanmaq lazımdır. Ordumuzun bu cür ərsəyə gəlməsində ulu öndər Heydər Əliyevin və prezident-Ali Baş Komandan İlham Əliyevin böyük xidmətləri var. Mən bunu söz gəlişi naminə demirəm. Bu fikirlər boğazdan yuxarı sözlər deyil. Mən 7 il xidmət etdiyim dövrdə prezident İlham Əliyevin ordumuzun inkişafına necə diqqət göstərdiyinin şahidi oldum.
-Bir sıra mətbu orqanlarda Səfər Əbiyevin vəzifəsini itirməsinə əsas səbəb kimi ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginlik göstərilir. Bu nə qədər inandırıcıdır?
-Mən Amerika səfərində nazirlə birlikdə idim. Çox təəssüf ki, indi Səfər Əbiyevin həmin səfərinə çoxlu rənglər vururlar. Mən bunları da buraxıram həmin şəxslərin öz vicdanına. Səfər Əbiyev Amerika səfərində dövlətin və prezidentin mövqeyini ifadə edib. Səfər Əbiyevin Amerika səfəri ilə bağlı indi elə məsələlər ortaya atırlar ki, adamın yalnız gülməyi gəlir.
Səfər Əbiyev 2 dəfə ulu öndərimiz Heydər Əliyev, 2 dəfə də indiki prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev tərəfindən nazir təyin olunub, ona böyük etimad göstərilib. Görünür ki, bu etimad boş yerə olmayıb, Səfər Əbiyev bu etibarı doğruldub ki, ona bu etimad göstərilib. İndi bəzən kimlərsə Səfər Əbiyev haqqında lazım olmayan ifadələr, sifarişli yazılar dərc etdirirlər. Mən bütün bunları mənəviyyata uyğun hesab etmirəm. Mən indi mətbuatda oxuyanda ki, bəzi adamlar Səfər Əbiyevi Vətən xaini adlandırlar, hətta onun intihar etməsi hökmü ilə çıxış edirlər, adam baxıb dəhşətə gəlir. Düşünürsən ki, çox təəssüf ki, xalqımızın içərisində bu cür düşüncəsiz və geri zəkalı adamlar da var. Adamın heç olmasa, tərbiyəsi və mərifəti olar. Səfər Əbiyev yaşca nə qədər böyükdür, ancaq bəzi adamlar hökm edirlər ki, o iblisdir, Vətən xainidir, o intihar etməlidir və sairə. İblis sənsən, Vətən xaini sənsən Yaşar Cəfərli! Sənə kimlər sifariş verirlərsə, onu da yaxşı bilirik. Yaşar Cəfərli bu cür ləyaqətsiz tonda keçmiş müdafiə nazirini təhqir edir. Heç olmasa ay Yaşar Cəfərli, vicdanın qarşısında az da olsa məsuliyyət daşı! Axı necə ola bilər ki, durub hökm edəsən ki, Səfər Əbiyev və ya digər biri intihar etməlidir? Səfər Əbiyev hansı iblisliyi edib ki? Niyə intihar etməlidir? Ona görə ki, Yaşar Cəfərli kimilərin qeyri-qanuni işlərinin vaxtında qarşısını alıb? Səfər Əbiyev nə üçün Vətən xaini olur? Görəsən Yaşar Cəfərlinin Vətən xaini anlayışından xəbəri var? Bu cür hərəkətlər çox eyibdir. Dövlətimizin kimin hansı işlərlə məşğul olduğunu çox gözəl bilir. İndi bizim dövlətimiz çox çevik və üzərinə düşən vəzifəni çox ləyaqətlə yerinə yetirir. Bu dövlətin başında dayanan hörmətli prezidentimiz, Ali Baş Komandan İlham Əliyev də bütün məsələləri dəqiqliyi ilə bilir. Ona görə də bu cür qərəzli və yalan yanaşmalarla fikir dəyişdirmək mümkün deyil. Yaşar Cəfərli kimi adamlar elə başa düşməsin ki, onun hər hansı bir cılız mövqeyi və fikirləri mətbuatda dərc olunandan sonra hər hansı bir böyük hadisə baş verəcək və onun istədiyi məqsədlər həyata keçəcək. Bu qətiyyən belə deyil. Mən yenə təkrar edirəm. İndi bizim dövlətimiz hər bir kəsin nə ilə məşğul olduğunu və hansı imkanlara malik olduğunu çox dəqiq bilir. Mən Səfər Əbiyevi qətiyyən yıxılan adam kimi qiymətləndirməzdim. Ona böyük etimad göstərilib və o da bu etimadı layiqincə doğruldub. Bu mənada mən bir ölkə vətəndaşı olaraq hörmətli prezidentimə, Ali Baş Komandanıma təşəkkürümü bildirirəm. Ancaq mən bəzi mətbuat orqanlarının və Yaşar Cəfərlinin simasında olan adamların vəziyyətdən istifadə edərək Səfər Əbiyevə “balta çalmalarını” qətiyyən qəbul etmirəm.
-Səfər Əbiyevi ən çox əsgər ölümlərində günahlandırırlar. Hətta, iddia olunur ki, Səfər Əbiyev əsgər ölümlərini gizlədirmiş. Bu nə qədər doğrudur?
-Bu cür yalan xəbərləri yayanlar ağılına nəzarəti itirən adamlara daha çox bənzəyir. Axı nə üçün Səfər Əbiyev əsgər ölümlərini gizlətməli idi? Ümumiyyətlə, bu cür hərəkət mümkündürmü? Məgər insanda vicdan yoxdur? Axı heç olmasa bunu düşünsünlər. Ana və bacılarımızın ah-naləsini bəlkə təkcə indi bizi tənqid edənlər və “baltalayanlar” dərk edirlər? Axı ən ucqar kəndə belə baş verən adi bir hadisədən bir saat sonra paytaxt əhalisinin xəbəri olur. Əgər hər hər hansı bir əsgərin ölümü baş veribsə, o zaman onun qohum-əqrəbası da var, kəndin camaatı var. Axı əsgər ölümünü onlardan necə gizlətmək olar? Bu cür fikirlər söyləyənlər görəsən heç bu barədə düşünürlərmi? Mən buradan sizə bəyan edirəm ki, bu cür məsələlərlə bağlı heç bir istintaqa cəlb olunmamışam. Bu cür məlumatlar kökündən yalnız və qərəzlidir. Bu cür məlumatları yayanlar mənim barəmdə mənfi fikir formalaşdırmaq məqsədi daşıyır.
-İndi bir sıra ehtiyatda olan hərbiçilər sizi Səfər Əbiyevin “yaxın adamı” kimi təqdim edirlər. Bu məsələyə münasibətiniz necədir?
-İndi məni belə qiymətləndirirlər ki, guya mən Səfər Əbiyevin adamı olmuşam və sairə. Mən bu adam məsələsini heç cür başa düşə bilmirəm və özümü də bu təyinatların içərisində görmürəm. Lakin Səfər Əbiyevlə həqiqətən səmimi münasibətlərim olub. Hətta, son vaxtlar isə mənim Səfər Əbiyevlə münasibətlərimdə doğmalaşma yaranıb. Səfər Əbiyev məni danlayanda belə mən ondan heç vaxt inciməmişəm. Çünki söylədikləri ancaq və ancaq ümumi işin xeyri üçün olub. Onunla bərabər və rəhbərliyi altında çalışdığım dövrlərdə onun müdafiə naziri kimi nə qədər savadlı, uzaqgörən və geniş təfəkkürə malik olduğunun şahidi oldum. Hətta etiraf edim ki, əvvəllər bu qənaətdə deyil idim. Səfər Əbiyev istənilən elm sahəsindən, fəlsəfədən, sosiologiyadan və digər sahələrdən saatlarla danışa bilərdi. Elə maraqlı söhbətlər edirdi ki, adam qulaq asmaqdan doymurdu. Mən həm də özümü ona görə xoşbəxt hesab edirəm ki, belə bir savadlı və zəkalı bir insanın rəhbərliyi altında çalışmışam. Hamımız bu Vətənin övladlarıyıq. Həm də ölkədə yalnız 2 nəfərin – ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin adamı olmaqdan iftixar duyuram və özümü o cərgədə hesab edirəm. Çünki ulu öndər məni gəncliyimdən bu ölkədə tanıtdırdı. Etiraf edirəm ki, mən ağır ürək əməliyyatı keçirən zaman həm ulu öndərimizin, həm də prezident İlham Əliyevin yaxından diqqət və qayğısını gördüm. Ancaq başı xarab insanlar suyu bulandırmağa nə qədər cəhd etsələr də, buna nail ola bilməyəcəklər. Səfər Əbiyev başda olmaqla, onun tabeliyində işləyən insanların böyük əksəriyyəti, bəziləri istisna olmaqla bu Vətənə, bu iqtidara, bu prezidentə, məmləkətə layiqincə xidmət ediblər. Mən özüm də dövlətimizin və nazirimin göstərdiyi etimadı hesab edirəm ki, doğrultmuşam. Çünki çalışdığım illər ərzində hər hansı səhvim olmayıb ki, fövqəladə nə isə baş versin. Mənə nazir Səfər Əbiyevdən də hər zaman tövsiyə olunub ki, ordu quruculuğunda ulu öndərimizin müəyyən etdiyi siyasətin həyata keçməsi və ordumuzun bundan necə fayda götürməsi barədə təbliğat-təşviqat işini gücləndirin. Mən də hər zaman bu yolu tutmuşam. Hesab edirəm ki, çox doğru da etmişəm və bununla fəxr edirəm.
Bəzən mənim açıqlamalarıma başqa rənglər verənlər olur. Amma mən o adamlar üz tutub deyirəm ki, elə insanlar var ki, bir il işsiz qalan kimi dərhal min yerə işləməyə başlayırlar. Mən 6 ilə yaxın işsiz qalmışam, lakin sadiqliyimi heç zaman itirməmişəm. İndi də elə olacaq. Ancaq bəzi yaltaqlar və özünü gözə soxmaq istəyənlər insanları ləkələmək üçün min hiyləyə əl atırlar. Bütün bunlar isə yaramaz hallardır. Mən bu adamları, Yaşar Cəfərli kimilərə qida verən sifarişçilər hesab edirəm. Bu adamlar dünən də eyni adamlar idilər, bu gün də eyni adamlardır. Yaşar Cəfərlinin Səfər Əbiyev haqda o bərbad və insaniyyətdən kənar olan yazısını sifariş edən, cümlə və cümlə diktə edən adamlar elə indi də Yaşar Cəfərlini idarə edirlər. Mən heç zaman da sözümün üstündən qaçan adam deyiləm.
2190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44